Azərbaycanda qadın sürücülərin sayı artacaq
Azərbaycanda ənənəvi olaraq, adətən sükan arxasında kişi sürücülər oturub. Bəzən təkəmseyrək qadın sürücülərə rast gəlinsə də, istisnalar uzun illər ərzində qaydanı pozmayıb. Lakin zaman keçdikcə, Azərbaycanda da qadın sürücülərin sayı getdikcə artır. Dövlət Statistika Komitəsindən report-a verilən məlumata görə, Azərbaycanda nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alanlar arasında qadınların sayı son beş ildə 4 faizdən 5,9 faizə qədər artıb. Ötən il sürücülük vəsiqəsi alan 144 672 nəfərdən 8 521 nəfəri (5,9 faizi) qadınlar olub. 2010-cu ildə sürücülük vəsiqəsi alan qadınların sayı 5 650 nəfər olub.
Lakin bütün bunlara baxmayaraq, Azərbaycanı digər, xüsusən Avropa və Amerika ölkələri ilə müqayisə etdikdə qadın sürücülərin sayının heç də çox olmadığını, əksinə, sürücülərin ümumi sayının cüzi bir hissəsini təşkil etdiyini görə bilərik.
Qeyd edək ki, qeyd edilən regionlarda qadın sürücülər ümumi sürücülərin 10-15, bəzi ölkələrdə 20-30 və bəzən isə daha çox faizini təşkil edirlər. Dünyada ən çox qadın sürücülər olan ölkə ABŞ-dır. Bu yeganə dövlətdir ki, orada qadın sürücülərin sayı kişilərdən daha çoxdur. Açıqlamalara görə, ABŞ-da təxminən 110 milyon qadın, 105 milyon isə kişi sürücü var.
Lakin mütəxəssislər hesab edirlər ki, Azərbaycanda da qadın sürücülərin sayı sürətlə artacaq. Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun fikrincə, yaxın illərdə bunu müşahidə etmək olacaq:
"Azərbaycanda avtomobilləşmə prosesi son 7-8 ildə intensivləşməyə başlayıb. Elə qadın sürücülərin də sayının artması məhz bu dövrə təsadüf edir. Lakin statistikaya görə, Azərbaycanda bu gün hər 1000 sürücüdən yalnız 25-i, yəni 2,5 faizi qadındır. Amma potensialı götürsək, ölkədə qadın sürücülərin sayı artacaq. Ona görə ki, qadınların avtomobillərə marağı kütləviləşmək üzrədir. Görün hansı qadınlar daha çox avtomobil alırlar? Əsasən işgüzar və ya zəngin ailələrin qadınları. Onları hesablayanda və sayının çoxalacağını nəzərə alsaq, demək olar ki, ölkəmizdə də qadın sürücülərin sayı artacaq".
Qadın sürücülərin nizam-intizama və qaydalara riayət etməsinə gəlincə, ekspert hesab edir ki, burada kişilərdən o qədər ciddi fərq yoxdur, hətta zərif cinsin nümayəndələri daha intizamlıdırlar: "Cəmiyyət necədirsə, qadını və kişisi də elədir. Kişilərin çoxu deyir ki, qadınlar avtomobili yaxşı sürə bilmirlər. Əslində Azərbaycanda avtomobil sürmək anlayışının özü yanlışdır. Bəziləri elə bilir ki, avtomobillə yolda müxtəlif hoqqalar çıxarmaq yaxşı sürücü olmaq deməkdir. Xeyr, elə deyil! Birmənalı olaraq kişi sürücülər qadınlara nisbətən daha intizamsızdırlar. Orta statistik Azərbaycan kişi sürücüsünün səviyyəsi bərbad vəziyyətdədir. Qadınlar yaxşı mənada onlardan bir addım öndədirlər. Sadəcə qadınlar nisbətən astagəl olur, sərt manevrlər etməyi xoşlamırlar deyə bu, kənardan naşılıq kimi görünür. Düzdür, ola bilər ki, onların bəziləri naşı olsun. Çünki qadın sürücülərin sayı, bu sahəyə həvəs göstərmələri yalnız son vaxtlar artmağa, kütləviləşməyə başlayıb. Ona görə də orta qadın sürücünün sürücülük stajı, təcrübəsi kişilərdən daha azdır. Amma yenə də bu, nizam-intizam göstərici hesab edilmir".