Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı dəyişiklik
Baş nazir Artur Rasi-zadənin qərarı ilə “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilib. Avtosfer.az xəbər verir ki, əsasnaməyə aşağadakı dəyişikliklər olunub:
1. Aşağıdakı məzmunda 1.6-1-ci bənd əlavə edilsin:
“1.6-1. “B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən, nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir.”.
2. 3.10-cu bəndin “Qeyd”inin birinci cümləsi çıxarılsın.
3. 3.15-1.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.15-1.7-ci və 3.15-1.8-ci yarımbəndlər əlavə edilsin:
“3.15-1.7. yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması;
3.15-1.8. yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması.”.
4. Aşağıdakı məzmunda 3.15-5 - 3.15-7- ci bəndlər əlavə edilsin:
“3.15-5. Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay müddətində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Əsasnamənin 3.15-1 - 3.15-4-cü bəndləri ilə müəyyən edilmiş qaydada dəyişdirməlidir.
3.15-6. Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Əsasnamənin 3.15-1 - 3.15-4-cü bəndləri ilə müəyyən edilmiş qaydada dəyişdirməlidir. 3.15-7. Bu Əsasnamənin 3.15-5-ci və 3.15-6-cı bəndlərində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.”.
5. Əsasnaməyə 4 nömrəli əlavə - “Təcrübi imtahanın keçirilmə Metodikası”nın 1.3-cü bəndinə “artıq olmayan” sözlərindən sonra “imtahan prosesini qeydə alan videokameralarla təchiz edilmiş” sözləri əlavə edilsin.
Elmin