Azərbaycanın "təmiz" gələcəyi: Elektromobillərə keçidin əhəmiyyəti
Xəzər dənizinin sahilində yerləşən, enerji mənbələri ilə seçilən Azərbaycanda neft və təbii qazın zənginliyi iqtisadiyyatın əsas sütunlarındandır. Enerji mənbələri hesabına ölkədə avtomobillər əksər dünya ölkələri ilə müqayisədə ucuz benzin və dizellə təmin olunur. Bu da vətəndaşların ənənəvi yanacaq vasitələri ilə işləyən nəqliyyat vasitələrinə üstünlük verməsinə səbəb olub.
“Report” bu yazıda benzin və dizellə işləyən avtomobillərin ekologiyaya mənfi təsirlərini, elektriklə işləyən avtomobillərdən istifadənin əhəmiyyətini araşdırır.
Hazırda dünyanın əksər ölkələri dizel və Aİ-92 markalı benzindən imtina edib. Bunun səbəblərindən biri son dövrlər aktual olan ekoloji amillərdir. Dizel və benzinlə işləyən avtomobillər əsas hava çirkləndiricilərindəndir. Həmin avtomobillər azot oksidləri, karbon monoksit və hissəcikləri kimi zərərli qazlar buraxaraq havanın keyfiyyətini azaldır, tənəffüs və ürək xəstəlikləri kimi sağlamlıq problemlərinə yol açır. Eyni zamanda bu cür avtomobillər karbon dioksid emissiyaları səbəbindən qlobal istiləşməyə səbəb olur, iqlim dəyişikliyinin sürətlənməsinə gətirib çıxarır. Azərbaycanın bu cür yanacaqlardan asılılığı ölkədə karbon emissiyalarını artırmaqla qlobal ekoloji problemləri dərinləşdirir.
Qeyd edilməli məqamlardan biri də dizel və benzinlə işləyən nəqliyyat vasitələrinin istifadəsi zamanı baş verən yanacaq sızması nəticəsində torpaq və su ehtiyatlarının çirklənməsidir ki, bu da içməli su ehtiyatlarına mənfi təsir göstərir.
Həmçinin bu tip yanacaqlarla işləyən avtomobillərin şəhər mərkəzində insanların narahatlığına səbəb olan yüksək mühərrik səslərini də vurğulaya bilərik.
Sadalanan bu problemlərə ən uğurlu alternativ təklif elektromobillərdir. Elektrik avtomobillərinin yayılması dayanıqlı nəqliyyat sisteminin yaradılmasında mühüm rol oynaya bilər.
Elektromobillər ənənəvi yanacaq növləri ilə işləyən avtomobillər ilə müqayisəsini aparsaq bir çox üstünlükləri aşkar şəkildə görə bilərik. Belə ki, elektromobillər dizel və benzinlə işləyən avtomobillərdən fərqli olaraq havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldır. Bu avtomobillərin Azərbaycanda da yayılması havanın keyfiyyətinin yaxşılaşdırılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verə bilər.
Günəş və külək enerjisindən istifadə elektrik nəqliyyat vasitələrinin ətraf mühitə təsirini daha da azaldır ki, Azərbaycanda da bərpa olunan enerji potensialını nəzərə alsaq, bu inteqrasiya böyük üstünlük yaradar.
Dünyada da bu istiqamətdə təşviqedici bir sıra layihələr həyata keçirilir ki, Azərbaycan bundan faydalana bilər. Burada əsas məsələ elektrik və hibrid avtomobillərinin maddi cəhətdən daha əlçatan olması üçün genişmiqyaslı strategiyaların həyata keçirilməsidir. Elektromobil avtomobillərdən ən çox istifadə edən Çində istifadəçilər yol vergisindən, satışı ilə məşğul olanlar isə satış vergisindən azaddırlar və bu avtomobillərin qeydiyyata alınması üçün də rüsum da tələb olunmur. Elektriklə çalışan avtobusların əksəriyyəti də bu ölkənin payına düşür və onlar üçün ayrıca elektrikdoldurma məntəqələri fəaliyyət göstərir. Böyük Britaniyada isə elektromobillər aksiz və yol vergilərindən azaddırlar, istehlakçılara müxtəlif güzəşt və maddi dəstək təklif edilir, genişmiqyaslı enerjidoldurma məntəqələri qurulub. Öz həyətlərində şarj məntəqəsi quraşdıran elektrik və hibrid avtomobil istifadəçiləri isə istifadə etdikləri elektrik enerjisinə görə 20 % əvəzinə 5 % vergi ödəyir. Türkiyədə də elektromobil sahiblərinə verilən güzəştlər çoxsaylıdır. Burada elektromobil istifadəçilərinə avtomobillərin mühərrik gücünə görə genişmiqyaslı güzəştli vergi dərəcəsi tətbiq olunur, çoxlu sayda şarj məntəqələri quraşdırılır və bu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Elektromobillərin istifadəsinə dəstək vermək məqsədilə onların idxalçılarına və alıcılara dövlət tərəfindən subsidiyalar verilir. Norveçdə 2025-ci ilədək yanacaqla işləyən nəqliyyat vasitələrinin istifadəsinin tamamilə qadağan olunması planlaşdırılır. Dünya təcrübəsində elektromobillərlə bağlı tədbirlər dövlət-özəl qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək Azərbaycan bu məsələdə də çox həssaslıq göstərir, ənənəvi enerji ilə işləyən nəqliyyat vasitələrindən istifadəni azaltmaq üçün tədbirlər görür. İnsanlar ucuz yanacaq vasitəsindən istifadə etmək üçün aldığı avtomobillərin bizə və gələcək nəsillərə vurduğu ziyanı anlamalı, bu istiqamətdə maarifləndirilməlidir.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-may aylarında Azərbaycana daxili yanma mühərriklə yanaşı elektrik mühərriklər də hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 6 923 ədəd olub. Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı isə 1 250 ədəd təşkil edib. Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə hibrid avtomobillərdə 1039 ədəd, elektromobillərdə isə 438 ədəd artım deməkdir.
Hər il ölkəyə idxal olunan hibrid avtomobilləri və elektromobillərin sayı artsa da, bu, ümumi idxal olunan nəqliyyat vasitələrinin çox cüzi bir hissəsini təşkil edir. Dövlət ölkədə bu nəqliyyat vasitələrindən istifadənin daha çox artması üçün müəyyən tədbirlər görür və “yaşıl nəqliyyat” layihəsi həyata keçirilir. Belə ki, Azərbaycanın müəyyənləşdirilmiş 2-3 şəhərində və ən işlək 5 magistral yolunda elektrik enerjisi doldurma məntəqələrinin (EDM) quraşdırılması ilə bağlı pilot layihələrin həyata keçirilməsinə dair təkliflər hazırlanır. Bundan əlavə EDM-lərin yerləşdiyi yerlər üzrə məlumatların paylaşılması və EDM-lərdə istehlak olunan elektrik enerjisinə görə onlayn ödənişlərin aparılması üçün xüsusi vahid proqram təminatı da yaradılacaq. Hazırda “Azərişıq” ASC Bakıda və ölkənin regionlarında enerji doldurma məntəqələrinin quraşdırılmasına başlayıb.
Dizel və benzinlə işləyən avtomobillərin ekoloji təsirlərini nəzərə alsaq, elektriklə işləyən nəqliyyat vasitələrinin istifadəsi ətraf mühitə, əhalinin sağlamlığına və iqtisadi dayanıqlığa əhəmiyyətli töhfələr verəcək. İnanırıq ki, hökumət, özəl sektor və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı ilə elektromobillərin yayılmasını təşviq edərək Azərbaycan daha təmiz və dayanıqlı gələcək quracaq.