Reklam

Bakıda evakuasiya şousu – sürücü yanında ola-ola maşını zorla apardılar - VİDEO

Avtoxəbər 17 İyul 2015 16:16 Oxunub 4057
Bakıda evakuasiya şousu – sürücü yanında ola-ola maşını zorla apardılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisləri göstərişin Rəşadət Babayev tərəfindən verildiyini deyərək qanuna pozdular

İyulun 16-dan 17-nə keçən gecə, saat 00:33 radələrində Bakının Neftçilər prospektində – Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin yanında sürücü ilə yol polisləri arasında qalmaqal yaşanıb. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, «Hyundai Tucson» markalı, 90 BV 166 dövlət nömrə nişanlı avtomobilin sahibi nəqliyyat vasitəsini Muzey Mərkəzi ilə üzbəüz yolan kənarında saxlayıb. Bir qədər sonra Yol-Patrul Xidməti əməkdaşları həmin nəqliyyat vasitəsinin fotolarını çəkərək oradan uzaqlaşıblar. Daha sonra isə 99 YP 382 dövlət nömrə nişanlı DYP avtomobili və evakuator həmin «Hyundai Tucson»a yaxınlaşaraq nəqliyyat vasitəsini evakuasiya etməyə başlayıblar. Bu zaman avtomobilin sahibi yol polislərinə yaxınlaşaraq özünü təqdim edib və avtomobilin evakuatordan düşürülməsini xahiş edib. Lakin yol polisləri vətəndaşın haqlı tələbini yerinə yetirmək əvəzinə ona qarşı kobudluq ediblər. YPX əməkdaşları sürücünü itələyərək onun mobil telefonunu əlindən alıblar. Sonra tərəflər arasında mübahisə yaranıb. Bu arada isə mülki şəxslər avtomobili evakuatora yükləyərək cərimə meydançasına aparıblar.

Serjant rütbəli yol polisi əməkdaşı sürücüyə bildirib ki, bu avtomobilin evakuasiya olunması barədə göstərişi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının komandiri Rəşadət Babayev verib: «Ona görə də, sabah gedib Rəşadət müəllimin yanına, sözünüzü ona deyərsiz».

Avtomobilin sürücüsü İlkin Sadıqov Avtosfer.az-ın əməkdaşına bildirib ki, o, avtomobilin evakuasiya olunduğunu gördükdə dərhal ora yaxınlaşıb və yerində cərimə ödəməyə hazır olduğunu deyib: «Bildirdim ki, maşını düşürsünlər, protokol yazsınlar, gedib cəriməmi ödəyərəm. Mən bilmirdim burada maşın saxlamaq olmaz. Keçən il də burada saxlamışdım. Amma heç nə deməmişdilər. Kənardan gəldiyim üçün xəbərim yox idi. İndi də maşını saxlayıb getdim, götürüb apardılar. Mən maşını cərimə meydançasından çıxarmaq üçün getmək istədim. Amma yol polisləri deyirlər ki, sabah gələrsən».

Avtosfer.az hadisə yerindən çəkilmiş videonu təqdim edir. Videodan da görünür ki, avtomobil sahibi həqiqətən də olay yerindədir. Lakin onun avtomobilini zorla evakuasiya edirlər. Bundan əlavə, evakuasiya prosesinin kobud şəkildə aparılması, maşını sürüyüb güc-bəla ilə evakuatora yüklədikləri də tam aydın görünür. Bütün bunlar isə kobud qanun pozuntusudur. Qaydalara görə, evakuasiya prosesi təhlükəsizlik qaydalarına əməl etməklə həyata keçirilməlidir. Ən əsası isə qanunda deyilir ki, sürücü avtomobilin yanındadırsa, nəqliyyat vasitəsi hətta evakuatora tam yüklənmiş vəziyyətdə olsa belə dərhal düşürülməli və yerində protokol tərtib edilməlidir. Bu videodan isə aydın olur ki, yol polislərinin protokol yazmaq fikri yox idi. Sadəcə, nə olursa olsun, avtomobil evakuasiya olunmalı idi. 

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh