“BMW”ni satıb “Priora”, “Qranta” kimi rus maşınları alırlar... – Bazarda son durum - FOTO
Nazirlər Kabinetinin ötən il qəbul etdiyi qərara görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsini məhdudlaşdırıldı. Bu qərar ötən il istər təzə, istərsə də ikinci əl avtomobil bazarına ciddi təsir göstərdi. Belə ki, ölkə daxilində istifadə olunan ikinci əl və nisbətən daha köhnə avtomobillərə tələbat artdığı kimi, qiymətlərdə də bahalaşma hiss olundu.
Ötən ilin yayında avtomobil bazarında müşahidə olunan bahalaşma sovet (Rusiya) buraxılış olan ənənəvi “Lada” markalı avtomobillərdə və bir sıra xarici markalarda özünü göstərdi. Bir çox insanı maraqlandıran suallardan biri isə bu il avtomobil bazarında vəziyyətin nə yerdə olduğu ilə bağlıdır.
Görəsən, keçən ilə nisbətən 2024-cü ildə hansı maşınların qiymətində bahalaşma özünü göstərir? Keçən il qəbul edilmiş qərarın bu il də bazara öz təsiri olubmu?
Bütün bu suallara cavab tapmaq üçün “Yeni Sabah”ın əməkdaşı ölkənin ikinci ən böyük şəhəri olan Sumqayıtda yerləşən maşın satışı bazarına üz tutub. Sumqayıtda yerləşən maşın bazarına getməyimiz heç də təsadüfi deyil, bir çoxlarının bildiyi kimi, ikinci əl və nisbətən ili köhnə olan avtomobillərin əksər hissəsi məhz burada satılır.
Səhərin erkən saatlarından bazarda aktivlik müşahidə olunurdu. Lakin daha sonra başa düşdük ki, bu aktivliyə nisbətən real alıcı sayı olduqca aşağıdır.
Suallarımıza cavab tapmaq üçün bazarda maşın satışı ilə məşğul olan satıcılara müraciət etdik. Uzun illərdi ikinci əl avtomobillərin satışı ilə məşğul olduğunu söyləyən Arif Binnətov son həftələr bazarda aktivliyin o qədər də müşahidə olunmadığını deyib.
“Bu bazarda əzəldən ən çox tələbat sovet maşınlarına olub. Sumqayıt bazarına daha çox əlində müəyyən qədər pulu olan və daha çox rayondan gələn insanlar üz tutur. Özüm də daxil olmaqla bir çox satıcı sovet maşını alıb-satmağa üstünlük verir. Bu maşınların satışı həm rahatdır, həm də həmişə alıcısı olur”.
Satıcı ili köhnə xarici maşınların qiymətlərində ucuzlaşma olmasına baxmayaraq tələbatın o qədər artmadığını qeyd edib.
“Düzdü, hələ ilin əvvəlidir. Keçən yay ənənəvi olaraq kondisoneri olan “inomarkalara” tələbat artmışdı. Bu demək olar ki, hər yay belə olur. Yəqin ki, üzü yaz aylarına doğru xarici modellərə də tələbat artar”.
Satışla məşğul olan digər müsahibimiz Əlibaba Musayev xarici marka maşınların satışında hələ də durğunluğun davam etdiyini bildirdi.
“Əvvəllər hər həftə heç olmasa 1 ədəd də olsa xarici maşın sata bilirdik. İndi isə olduqca zəif. Səbəb kimi deyə bilərəm ki, son illər avtosalonların artması və xaricdən maşın sifarişinin dəb olması ölkə daxilində satılan ikinci əl xarici maşınlara olan tələbatı azaldıb. Digər tərəfdən sovet maşınının ehtiyat hissəsi ucuz olur, asan tapılır. Xarici markalarda isə bu bir az çətin məsələdir”.
Daha bir satıcı isə səbəblər arasında son illər özünü göstərən sosial vəziyyəti əsas gətirdi.
“Camaatda pul yoxdur. Maşınını satan daha ucuzunu axtarır. Özüm dəfələrlə şahidi olmuşam ki, “Mersedes”, “BMW” kimi xarici markaları satıb əvəzində “Priora”, “Qranta” kimi rus maşınlarını alırlar. Rusiya maşını qənaətcildi, ucuzdu amma bir çox xüsusiyyətlərinə görə xarici markalardan geri qalır. Amma camaatda imkan yoxdur, insanları da qınamıram”.
Cavablardan belə qənaətə gəldik ki, ümumən bazarda hələ ki, durğunluqdur. Tələbat nisbətən ənənəvi Rusiya maşınlarına daha çoxdur...