Reklam

DYP pərdəli maşınlarla bağlı reyd keçirib: “Qaydanı pozanlar kəskin azalıb” – VİDEO

Avtoxəbər 17 Noyabr 2016 19:49 Oxunub 3222
DYP pərdəli maşınlarla bağlı reyd keçirib: “Qaydanı pozanlar kəskin azalıb” – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Adi sürücü ilə vəzifəli şəxsləri ayırmasalar, yaxşı olar"

Avtomobillərin yan şüşələrinə kustar və sənaye üsulu ilə quraşdırılan jalüz pərdəyə verilən icazə noyabrın 15-də başa çatdı. Qeyd edilən tarixdən sonra pərdəli maşın sürərək qanunu pozanlar 150 manat miqdarında cərimə ediləcəklər. 

Qeyd edək ki, mayın 1-dən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin (pərdələr) çəkilməsinə icazə verilib. Hazırda sürücülərin bu qaydalara əməl edib-etməməsi ilə bağlı Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın küçə və prospektlərində reyd keçirirlər. 

Avtosfer.az xəbər verir ki, bu barədə musavat.com-un müxbiri də Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının keçirdiyi reydlərdə iştirak edib.Yol polisi əməkdaşları artıq noyabrın 16-dan pərdə və plyonkalara qarşı reydə başlayıb. Hər il olduğu kimi bu dəfə də reydlər əsasən şəhərin mərkəzi küçələrindən başlayıb. Noyabrın 16-dan etibarən yollarda daha çox DYP avtomobillərinə rast gəlinir. Biz də Azneft dairəsinə yollanıb, orada reyd keçirən polis əməkdaşları ilə həmsöhbət olduq. Polis əməkdaşları bildirdi ki, ötən illərlə müqayisədə bu il qayda pozan sürücülərin sayı azalıb. Bunun səbəbi isə kütləvi informasiya vasitələrində məlumatların yayılması və sürücülərə xəbərdarlıq edilməsidir. Azneft meydanında reyd keçirən polis leytenantı Şahin İbrahimov musavat.com-a bildirdi ki, hər zamankından fərqli olaraq bu reydlər məhz avtomobillərdə pərdə və plyonkaların çıxarılması ilə bağlıdır. Ş.İbrahimov paytaxtın mərkəzi küçələrində ciddi reydlər aparıldığını bildirib: “Azneft meydanında nəqliyyatın hərəkətinə daim nəzarət olunur. Lakin bu gün əsas diqqətdə avtomobillərin şüşələrinə vurulan qara pərdələrə xüsusi diqqət edilir. Qeyd edilən tarixdən sonra pərdə və plyonkalı maşın idarə edən şəxsləri saxlayaraq, həmin pərdələri çıxarırıq. Çalışırıq ki, pərdə və plyonkalara qarşı qanunu pozanları ilk öncə maarifləndirək. Lakin onu da nəzərdə saxlasınlar ki, bu maarifləndirici xarakter daşısa da, qaydanı pozan sürücülər cərimələnəcəklər. Mətbuatda və televiziyalarda pərdələrə qarşı reydlər barəsində də tez-tez xəbərdarlıqlar olur. Xahiş edirik sürücülər diqqətli olsunlar”.

Reyd aparan digər bir polis əməkdaşı Bəbir Rzayev isə qayda pozan sürücülərə nadir hallarda rast gəlindiyini bildirdi. Qeyd etdi ki, ötən illərlə müqayisədə indi sürücülər qayda-qanuna daha hörmətlə yanaşır: “Günün ikinci yarısı olduğuna baxmayaraq, cəmi dörd avtomobil saxlamışıq. Qısa zaman ərzində sürücülərin bu qədər diqqətli olması bizi də sevindirir. Demək olar ki, hamı avtomobilini pərdəsiz idarə edir. Bildiyiniz kimi, yol hərəkəti qaydaları haqqında qanunda 1 saylı əlavə  var ki, noyabrın 15-ə qədər sürücülər avtomobillərini pərdə və plyonkalarla idarə edə bilərlər. Artıq bu gündən paytaxtın müxtəlif istiqamətlərində, əsasən də  Rəsulzadə və Azneft meydanında reydlər keçirilir. Təbii ki, postlarda da nəzarət güclüdür. Sürücülərin bəziləri xəbərsiz olduğu üçün pərdələri yığışdırmayıb. Elə sürücülər də var ki, sözün açığını desək, kefindən pərdə taxır. Pərdələr yığışdırılana, qarşısı alınana kimi reydlərin davam etdirilməsi nəzərdə tutulur. Bir daha sürücülərin diqqətinə çatdıraq ki, qaydaları pozan sürücüləri 150 manat cərimə gözləyir”.

Sürücülər isə noyabr ayından qoyulan qadağadan xəbərdardırlar. Lakin onların əsas tələbi bu qaydaların bütövlükdə hər kəsə şamil olunmasıdır. Sürücü Firdovsi Vəliyev pərdə və jalüz qadağalarının təkcə sürücülərə deyil, digər vəzifəli şəxslərə də şamil edilməli olduğunu dedi: “Qara pərdələr, jalüzlər əlavə avadanlıq sayılır və bunun da cəriməsi 150 manatdır. Artıq hər kəs xəbərdardır. Qanunda göstərilib ki, xüsusi avtomobillər - səfirliklərin, məhkəmə sədrlərinin, bankların avtomobilləri operativ və toxunulmaz sayıldığı üçün icazə verilir. Yəni cərimələrin onlara aidiyyatı yoxdur. Ancaq elə şəxslər var ki, “toxunulmaz” statusu alıblar. Bunun da qarşısı alınsa sevinərik. Bir sözlə, adi sürücü ilə vəzifəli şəxsləri ayırmasalar, yaxşı olar”.

 
 








ŞƏRH YAZ
Ad

E-mail

Şərh