Hamını şoka salan 17 ilin “Prius” mühərriki: resurs nə qədərdir? - VİDEO
Avtoxəbər 12 Oktyabr 2021 19:23 Oxunub 248
Hamını şoka salan 17 ilin “Prius” mühərriki: resurs nə qədərdir? - VİDEO

Son illərdə Bakıda hibrid avtomobillərdən istifadə normaya çevrilib. Gömrük ucuz, yanacaq sərfi az olduğu üçün bu modellərə maraq böyükdür. Xüsusən də “Toyota Prius”a. Lakin işin pis məqamını da deməyə borcluyuq: rast gəldiyimiz əksər “Prius”lar göy tüstü verir. Bu da sadə dildə desək, avtomobilin “yağ yeməsinə” dəlalət edir. Əksəriyyəti bir neçə avtomobildən yığılmış bu maşınların problemlərini saymaqla bitməz: ya katalizator yoxdur, ya suya düşüb ya da.... bir sözlə, burdakı hibridlərin çoxu ömrünü Bakıya gəlmədən başa vurub. Bəs xaricdə vəziyyət necədir?

Fransanın motor1.com saytında paylaşılan videoda 500 000 km qət etmiş “Toyota Prius”un mühərriki sökülərək ətraflı yoxlanılır. Müəllif qeyd edir ki 1.5 litrlik 1NZ-FXE tipli mühərrik çevikliyi ilə xüsusi seçilməsə də, etibarlılıq yüksək səviyyədədir. 
Yarım milyon km qət etmiş mühərrikə yaxşı qulluq edilib, keyfiyyətli yağ tökülüb. Bununla belə, 2004-cü ildən istismarda olan avtomobilin mühərrikində qətranlaşmanın yaranması təbiidir. Bəzi araqat və kipgəclər (prokladka və salnik) sərtləşdiyi üçün sürtünən detallarda yağlanma pisləşib. Bu vəziyyətdə belə, avtomobil problemsiz şəkildə azı 100 min km qət edə bilər. 

Qayıdaq özümüzə: bizdə hibrid avtomobillərin tez sıradan çıxmasının səbələri çoxdur: köhnəlik, keyfiyyətsiz texniki xidmət, düzgün yanacaq seçilməməsi və s. Ən əsası bu avtomobillərin bizim sürüş tərzimizə (xüsusilə də taksidə) uyğun gəlməməsidir. Şərq ölkələrində (təkcə bizdə yox) nəqliyyat vasitəsinin kəskin sürətlənməsi və kəskin tormozlama bir növ həyat tərzidir. Bu da markasından asılı olmayaraq bütün avtomobillərin obrazlı desək belini qırır, həm də digər hərəkət iştirakçılarına təhlükə yaradır. Yeri gəlmişkən, bu sürüş tərzi həm yerli, həm də beynəlxalq qanunvericiliklə qadağandır. 
2016-cı ildə Fransanın Bezanson şəhərində taksi sürücüsü ilə maraqlı dialoqumuz oldu. Sürücü iddia edirdi ki 220 000 km qət etmiş avtomobildə tormoz qəliblərini dəyişməyib.  Səbəb mühərriklə tormozlama və aşağı sürətdir (şəhərin əksər hissəsində 30 km/saatdır). Sürücü bizim jurnalist olduğumuzu bilərək ilk dəfə sürəti 90 km/saata qaldırdı (təbii ki şəhərdən kənarda). Sizcə, bu rejimdə avtomobil sıradan çıxarmı?
Göründüyü kimi normal istismar şəraitində bir hibrid avtomobil bir ailə üçün ömürlük kifayətdir. 

PS. Parisdə isə bir avtomobil kolleksiyaçısında gördüyüm 1985-ci il istehsalı VAZ-2107 (Fransada Lada Toscani) 140 min km qət etsə də hələ sovet ittifaqında quraşdırılmış tormoz qəlibləri dəyişməmişdi. Mühərrikin də təmirinə zərurət yox idi.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh