İcbari qaydada sığortalanmış avtonəqliyyat vasitəsini kimlər idarə edə bilər?
Avtoxəbər 22 Fevral 2021 18:00 Oxunub 450
İcbari qaydada sığortalanmış avtonəqliyyat vasitəsini kimlər idarə edə bilər?

Avtonəqliyyat vasitələrinin icbari sığortasının məqsədi və təyinatı nədir?

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Avtonəqliyyat vasitəsini hüququ olmayan şəxs tərəfindən idarə edilməsi və ya istismar edilməsi subroqasiya hüququ yaradırmı?

Bəli, Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanuna əsasən icbari qaydada sığortalanmış avtomobili onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, sığortaçıda subroqasiya hüququ yaradan hallardan biridir.

Məsələn, “A” avtomobilinin mülkiyyətçisi Əlidir. Avtomobil icbari qaydada “Risk” Sığorta Şirkətində sığortalanıb. Əlinin dostu Mamed ondan xahiş edir ki, 1-2 saatlıq avtomobilini ona versin. Əli də dostunun xətrinə dəymək istəmədiyindən, məcbur olur avtomobili Mamedə verir. Mamed isə həmin avtomobil ilə yol nəqliyyat hadisəsi törədir. Mamedin həmin avtomobilə etibarnaməsi olmadığından (və ya tutaq ki, etibarnaməsi var, amma sürücülük vəsiqəsi yoxdur), “Risk” sığorta şirkətində Əliyə və ya Mamedə qarşı subroqasiya hüququ yaranır, yəni zərəçəkmiş şəxsə verdiyi sığorta ödənişi məbləğini onlardan tələb etmək hüququ əldə edir.

Avtonəqliyyat vasitəsi buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Yuxarıda qeyd olunan misalda subroqasiya hüququ hər iki şəxsə qarşı yaranır, çünki Əli (sığortalı) Mamedə avtomobili bilərək verib.

Hansı avtonəqliyyat vasitələri icbari qaydada sığortalanmalıdır?

Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir (məcburidir):

1. Mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:

1.1. minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

1.2. yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

1.3. mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

1.4. motosiklеtlər və motorollerlər;

1.5. traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri.

2. trollеybuslar və tramvaylar.

İcbari qaydada sığortalanmış avtonəqliyyat vasitəsini kimlər idarə edə bilər?

Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə müqaviləsi (və ya digər əşya hüquqlarına dair müqavilə) əsasında avtomobilə faktiki sahiblik edən və onu istismar edən, habelə sürücülük vəsiqəsinə sahib olan şəxslər.

Mülkiyyət hüququ nədir və mülkiyyətçi kimdir?

Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi mülkiyyət hüququna sahib olan şəxsdir.

Mülkiyyət hüququ mülkiyyətçinin avtonəqliyyat vasitəsinə dair malik olduğu 3 səlahiyyətdən ibarətdir: sahib olmaq, istifadə etmək və sərəncam vermək.

Avtonəqliyyat vasitəsinə “sahib olmaq” dedikdə ona faktik qanuni sahibliyi həyata keçirmək başa düşülür. Yəni faktiki olaraq avtomobil qanuni əsaslarnan kimdədirsə, kim onu qanuni əsalarla istismar edirsə həmin şəxs avtomobilə sahiblik edən şəxs sayılır.

Avtonəqliyyat vasitəsindən “istifadə etmək” dedikdə onu idarə etmək (sürmək), ondan fayda əldə etmək (məsələn, sərnişin və ya yük daşıma ilə məşğul olmaq) və istismarı ilə bağlı digər hərəkətləri etmək başa düşülür.

Avtonəqliyyat vasitəsinə dair “sərəncam vermək” dedikdə onu satmaq, hədiyyə etmək, icarəyə vermək və onun müqəddəratıyla bağlı digər qanuni hərəkətləri etmək başa düşülür.

Avtonəqliyyat vasitəsinə mülkiyyət hüququ nəyin əsasında yaranır?

Alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair digər əqd əsasında. 

Avtonəqliyyat vasitəsinə mülkiyyət hüququnu nə təsdiq edir?

Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Nəqliyyat vasitəsi qeydiyyat üzrə uçota alındıqda, nəqliyyat vasitəsinin sahibinə (hım fiziki şəxslərə, həm də hüquqi şəxslərə) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (“texpasport”) verilir. Bu dövlət qeydiyyat şəhadətnaməsi avtonəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edir.

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir.

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — “AZ”, bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı məlumatlar göstərilir:

“A” — nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi

“B” — nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi

“C” — nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri

“D” — nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası 

“E” — nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi

“F” — nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün)

“G” — nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün)

“H” — nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa)

Nəqliyyat vasitələrinin müvəqqəti uçota və müvəqqəti qeydiyyata alinması.

Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri Azərbaycan Respublikasının sərhəd məntəqəsinin yaxınlığında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi hissələrində təxirəsalınmadan müvəqqət uçota alınır. Bu barədə həmin nəqliyyat vasitələrinin sahiblərinə 30 gün müddətinə müvafiq sənəd verilir. (şəkilə bax) Bu sənəd həmin avtonəqliyyat vasitəsinin xarici qeydiyyat sənədləri ilə yanaşı şəxsin bu avtonəqliyyat vasitəsinə mülkiyyət hüquqlarını təqsdiq edən sənəddir.

Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 gündən artıq müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri onları geriyə qaytarmaq barədə sahibinin verildiyi öhdəçilik və gömrük orqanlarının verdiyi icazə sənədi əsasında, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində nəqliyyat vasitəsi sahibinin əcnəbilər üçün vizasında göstərilən müddətə, Azərbaycan Respublikası vətəndaşı üçün isə bir il müddətindən artıq olmamaq şərti ilə, onun öhdəçiliyi müddətinə müvəqqəti dövlət qeydiyyatından keçirilir. Bu zaman həmin nəqliyyat vasitələrinin xarici qeydiyyat sənədləri və nişanları müvəqqəti olaraq saxlanca qəbul olunur və əvəzində onlar müvəqqəti dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi ilə təmin edilirlər. Respublika ərazisini tərk etdikdə xarici qeydiyyat sənədləri və nişanları nəqliyyat vasitəsi sahibinə geri qaytarılır.

Avtonəqliyyat vasitələri kimlərin adına qeydiyyata alına bilər?

Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınır.

Avtonəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, yaxud etibarnamə əsasında başqa şəxsə verilə bilər.

Etibarnamə nədir?

AR Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Burada tərəflər kimi etibar edən (mülkiyyətçi) və etibar edilən çıxış edirlər.

Etibarnamənin müddəti ilə bağlı ümumi tələblər. Etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə isə əhəmiyyətsizdir.

AR “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 18-ci maddəsinə əsasən, xaricidə bağlanan etibarnamələrin qüvvədə olma müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Məsələn, etibarnamə xarici ölkədə verilib, etibarnamədə müddət göstərilməyib və etibarnamənin verilməsindən 2 il ötür. Bu zaman sual yaranır həmin etibarnamə bizim üçün qüvvədən düşmüş hesab edilirmi? Etibarnamə xarici ölkədə bağlandığı üçün, Mülki Məcəlləmizin etibarnamə ilə bağlı müəyyən etdiyi ümumi tələblər həmin etibarnaməyə şamil edilməyəck. Bu zaman biz müraciət etməliyik etibarnamənin bağlandığı ölkənin qanunverciliyinə. Ola bilər ki, həmin ölkə qanunvericiliyinə əsasən etibarnamənin müddəti ilə bağlı məhdudiyyətlər olmasın. Bu zaman biz həmin etibarnamənin hüquqi qüvvəsini tanımalıyıq. Həmçinin, xarici də verilən etibarnamənin forması da verildiyi ölkənin qanunvericiliyi ilə müəyyən edilir.

Praktikada avtonəqliyyat vasitələrinə dair etibarnamənin iki növü mövcuddur:

1.     “Nəqliyyat vasitəsinidən istifadə etmək haqqında” etibarnamə - məhdud səlahiyyətli və ya “sadə” etibarnamə.

2.     “Nəqliyyat vasitəsinə sərəncam vermək haqqında” etibarnamə - geniş səlahiyyətli və ya “baş” (“generalni”) etibarnamə.

“Sadə” etibarnamə ilə etibar edən etibar edilənə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verir. “Baş” etibarnamə ilə isə etibar edən etibar edilənə nəqliyyat vasitəsini idarə etmək ilə yanaşı bağışlamaq, ipotekaya qoymaq, onun üzərində digər qaydada sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq və digər hərəkətləri icra etmək hüququ verir.

“Sadə” etibarnamənin müddəti adətən etibar edilənin sürücülük vəsiqəsinin etibarlılıq müddəti ilə məhdudlaşır. Məsələn, Mamed 01.01.2021-ci il tarixində öz avtomobilini “sadə” etibarnamə ilə Əliyə etibar edir. Əlinin sürücülük vəsiqəsi verilib 31.03.2015-ci il tarixində və etibarlıdır 31.03.2025-ci il tarixinədək. Deməli etibarnamə veriləcək ya 4 il 3 ay müddətinə, ya da bu müddətdən az olan müddətə.

“Baş” etibarnamə isə 1 ildən artıq olmayan müddətə verilir.

Bu müddət başa çatdıqda etibarnamə qüvvədən düşmüş hesab edilir.

Çox vaxt praktikada avtonəqliyyat vasitələrini satarkən, rüsumun ödənilməsindən və “çətin” prosedurlardan yan keçmək üçün satıcı alıcıya “baş” etibarnamə verməklə kifayətlənir. Bəs bu zaman nəqliyyat vasitəsini alan şəxsdə mülkiyyət hüququ yaranırmı?

Yuxarda qeyd etmişdik ki, mülkiyyətçi olmaq üçün şəxsdə hər üç səlahiyyət (sahiblik, istifadə və sərəncam) olmalıdır. Mülkiyyət hüququ mülkiyyətçinin nəqliyyat vasitəsinə öz istədiyi kimi, sərbəst surətdə və müstəqil şəkildə sahiblik etmək, istifadə etmək və sərəncam vermək səlahiyyətərini özündə ehtiva edir. “Sadə” etibarnamə ilə etibar edilənə yalnız avtomobilin üzərində sahiblik və idarə etmək səlahiyyəti verilir, 3-cü səlahiyyət (sərəncam vermək) isə ona verilmir. “Baş” etibarnamə ilə isə şəxs sərəncam vermək hüququnu da əldə edir, lakin sərəncam verərkən (məsələn, satarkən) öz adından deyil mülkiyyətçinin (etibar edənin) adından çıxış edir, yəni etibar edilən sadəcə etibar edəni 3-cü şəxslərin qarşısında təmsil edir. Hər iki halda etibar edilən etibar edəni təmsil edir, onun iradəsindən aslı olur və onun mənafeyi naminə hərəkət etməlidir. Odur ki, bu iki növ etibarnamənin heç biri ilə mülkiyyət hüququ etibar edəndən etibar edilənə keçmir.

Həmçinin, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur.

Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Buna etibar edilmişi etibaretmə deyilir.

“Etibarnamə ilə buna vəkil edildikdə” - etibarnamənin özündə etibar edilənə ona etibar edilmiş avtonəqliyyat vasitəsini başqa şəxsə etibar edə bilməsi üçün icazə (hüquq) verilə bilər. Məsələn, Mamed öz avtomobilini “sadə” etibarnamə ilə Əliyə etibar edir. Etibarnamədə qeyd olunub ki, Əli (etibar edilən) ona etibar edilmiş avtomobili başqa şəxsə etibar edə bilər. Əli isə notarial qaydada təsdiq edilmiş etibarnamə ilə həmin avtomobili dostu Vəliyə etibar edir.

Eyni zamanda həmin etibarnamə ilə etibar edilənə etibar edilmiş avtonəqliyyat vasitəsini başqa şəxsə etibar etmək qadağan edilə bilər. Məsələn, Mamed öz avtomobilini “sadə” etibarnamə ilə Əliyə etibar edir. Etibarnamədə qeyd olunub ki, Əli (etibar edilən) ona etibar edilmiş avtomobili başqa şəxsə etibar edə bilməz. Buna görə də Əli həmin avtomobili dostu Vəliyə notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında etibar edə bilməz.

 “Etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi hal” nə ola bilər? Məsələn, Mamed öz avtomobilini “sadə” etibarnamə ilə Əliyə etibar edir. Etibarnamədə qeyd olunub ki, Əli bu avtomobili başqa şəxsə etibar edə bilməz. Lakin Əli avtomobil ilə yolda getdiyi zaman özünü pis hiss edir, hər hansı bir hadisə törətməməsi üçün, məcbur olur ki, avtomobili idarə edilməsi üçün dostu Vəliyə həvalə etsin. Bu zaman etibarnamədə göstərilən tələb pozulmuş hesab edilməməlidir, çünki şərait buna məcbur edib.

Etibar edilmiş avtomobil hansı müddətdə başqa şəxsə etibar edilə bilər? - Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.

Bu etibarnamələr xüsusi formada tərtib edilməklə notarial qaydada təsdiqlənir.

Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir.

Yol vərəqi nədir?

Yol vərəqi şəhərlərarası, şəhərdaxili və şəhər ətrafı yük və ya şəhərlərarası və şəhərətrafı sərnişin daşıma ilə məşğul olan hüquqi şəxsin və ya fərdi sahibkar statuslu fiziki şəxsin adından həmin şəxsin nəqliyyat vasitəsini idarə edən sürücüyə verilən sənəddir. Yol vərəqəsi sürücünün müəyyən zaman ərzində müəyyən vəzifələri (tapşırıqları) icra etmək üçün nəqliyyat vasitəsindən istifadə etmək hüququnu təsdiq edən sənəddir. Bu vəzifələr kommersiya xarakterli olmalıdır, yəni məhz daşıma ilə bağlı olmalıdır. Daşıma ilə məşğul olan şirkətin adına olan nəqliyyat vasitəsi qeyri-kommersiya xarakterli məqsədlərlə istifadə edilirsə, sürücüyə yol vərəqi yox, etibarnamə verilməlidir.

Yol vərəqinin forma və rekvizitləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. (şəkilə bax) Yol vərəqi ciddi hesabat blankıdır və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xüsusi razılıq (lisenziya) verdiyi şəxs (mətbəə) tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilib yayılır.

Yük və sərnişin avtonəqliyyatı üçün yol vərəqi şəhərlərarası, şəhərdaxili və şəhərətrafı yük daşıyan nəqliyyat vasitəsinin işini həyata keçirmək üçün tətbiq edilir. Bu yol vərəqi əsasında həmin nəqliyyat vasitəsinin gün ərzində (iş xüsusiyyətlərinə uyğun olaraq həftə, 10 gün, ay və s.) gördüyü işin və sərf etdiyi yanacağın həcmi müəyyən edilir.

Sərnişin avtonəqliyyatı üçün yol vərəqi şəhərdaxili və şəhərətrafı sərnişindaşıma işini həyata keçirən avtonəqliyyat vasitələri (avtobuslar və s.) üçün tətbiq edilən yol vərəqələri əsasında həmin avtonəqliyyat vasitələrinin ay ərzində marşrutlar üzrə hərəkəti və yanacaq sərfinin həcmi müəyyən edilir.

Xaricidə verilmiş etibarnamələr.

Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan etibarnamə müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Rəsmiləşdirmə iki prosedur ilə həyata keçirilə bilər: konsul leqallaşdırılması və ya apostilin verilməsi.

Konsul leqallaşdırması sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən" 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına üzv olmayan dövlətlər üçün sənədlərin leqallaşdırılmasl proseduru tətbiq edilir. 

Konvensiyaya üzv olan dövlətlərdə isə sənədlər apostilin verilməsi ilə rəsmiləşdirilir. Azərbaycan da həmin konvesniyaya üzvdür. Həmin Konvensiyaya üzv olan digər dövlətin ərazisində verilmiş etibarnamə apostil verilməsi proseduru ilə rəsmiləşdirildikdən sonra Azərbaycan ərazisində istifadə oluna bilər.

Bəzi dövlətlərlə hüquqi yardım ilə bağlı əlavə beynəlxalq sazişlərimiz var. Məsələn, 22 yanvar 1993-cü il tarixində Minsk şəhərində MDB dövlətləri arasında "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiya imzalanmışdır. Konvensiyanın “Sənədlərin etibarlılığı” adlı 12-ci maddəsində qeyd edilir ki, “Razılığa gələn Tərəflərdən birinin ərazisində gerbli möhürlə möhürlənmiş və müəyyən edilmiş qaydada səlahiyyətli müəssisə, yaxud da öz səlahiyyəti çərçivəsində, buna xüsusi səlahiyyəti olan şəxs tərəfindən verilən və ya təsdiqlənən sənədlər, Razılığa gələn bütün digər Tərəflərin ərazilərində hər hansı bir təsdiqləmə aparmadan qəbul edilir. Razılığa gələn Tərəflərdən birinin ərazisində rəsmi sənəd kimi baxılan sənədlər Razılığa gələn digər Tərəflərin ərazilərində rəsmi sənəd kimi sübutedici qüvvəyə malikdir”. Bu Konvensiyaya RF, Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan və digərləri ilə yanaşı Azərbaycanda üzvdür. Odur ki, həmin dövlətlərin ərazisində verilmiş sənədlər (həmçinin, etibarnamə) Azərbaycan ərazisində təsdiqlənmədən istifadə edilməlidir.

Xaricidə verilmiş etibarnamələr tərcümə edilməlidirmi? Azərbaycan ərazisində fəaliyyət göstərən idarələr, təşkilatlar və müəssisələr xarici dildə verilmiş etibarnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsini tələb edə bilərlər.

Canlı etibarnamə nədir?

Avtonəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs nəqliyyat vasitəsindədirsə, digər şəxsin həmin avtonəqliyyat vasitəsini idarə edə bilməsi üçün notarial qaydada təsdiq edilmiş etibarnamənin olması vacib deyildir. Sahiblik hüququ olan şəxsin həmin anda avtonəqliyyat vasitəsində olması etibar etməni təsdiq edən faktdır. Yuxarda qeyd etdiyim situasiyanı bir daha misal olaraq yazım. Mamed öz avtomobilini “sadə” (və ya “baş”) etibarnamə ilə Əliyə etibar edir. Əli avtomobil ilə yolda getdiyi zaman özünü pis hiss edir, hər hansı bir hadisə törətməməsi üçün, məcbur olur ki, avtomobili idarə edilməsi üçün dostu Vəliyə həvalə etsin. Buna “Canlı etibarnamə” deyilir. Bəs əgər etibarnamədə qeyd edilsə ki, Əli bu avtomobili başqa şəxsə etibar edə bilməz, canlı etibarnamə qanuni olacaqmı? – Canlı etibarnamə hər bir halda qanuni olacaqdır.

Fərqi yoxdur ki, avtomobil Əliyə sadə və ya baş etibarnamə ilə verilib və fərqi yoxdur ki, o etibarnamədə Əlinin etibar edilmiş avtomobili başqa şəxsə etibar edə bilib-bilməməsi ilə bağlı hansı qeyd var. Praktikada bu məqam biraz ziddiyətli və problemlidir. Sığorta şirkətləri və DYP “Etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilməz" qeydi olduğu zaman canlı etibarnaməni qanuni hesab etmirlər. Lakin bu səhvdir. Həmin qeyd yalnız etibar edilənin həmin nəqliyyat vasitəsini başqasının sahibliyinə və ya sərəncamına verməsini qadağan edir. Bu qeydə görə etibar edilən avtomobili yalnız notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında 3-cü bir şəxsə verə bilməz, amma canlı etibarnamə ilə verə bilər, çünki canlı etibarnamə zamanı sahiblik hüququ sürənə verilmiş olmur. Etibar edilənin özü avtomobildədirsə, deməli, həmin şəxs faktiki sahibliyini əlində saxlayır. Praktikada çox vaxt şəxs içkili olduqda, yorğun olduqda, özünü pis hiss etdikdə və digər bu qəbilədən olan hallarda canlı etibarnaməyə müraciət edilir. Bu hallarda yuxarıda qeyd etdiyimiz “etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi” hallardandır. Odur ki, istənilən halda sahibi avtomobildədirsə canlı etibarnamə qanuni hesab edilməlidir və “Etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilməz" qeydi olduğu zaman belə avtonəqliyyat vasitəsi “canlı etibarnamə” ilə idarə edilibsə, şəxs inzibati məsuliyyətə cəlb edilməməlidir və sığortaçıda subroqasiya hüququ yaranmamalıdır.

Sürücü olmaq üçün şəxs nəqliyyat vasitəsini “İdarəetmə hüququna” malik olmalıdır. Qanunla müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Göründüyü kimi sürücü olmaq üçün qanunvercilikdə dörd əsas şərt müəyyən edilib.

Nəqliyyat vasitəsini idarə etmək hüququ hansı yaşdan yaranır?

Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:

1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;

2) asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;

3) “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;

4) “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);

5) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);

6) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);

7) “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);

8) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə)

Hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan əldə edə bilərlər.

Sağlamlıq cəhətdən sürcülüyə yararlılıq. Sürücü olmaq üçün həm beynəlxalq, həm də milli qanunvericilikdə nəzərdə tutulan 4 əsas şərtdən biri sürücülərin sağlamlığının və fiziki durumunun sürücülük üçün yararlı olmasıdır. Bu səbəbdən ilk dəfə sürücü olan şəxslərin tibbi müayinəsi məcburidir. Sürücülük vəsiqəsi əldə etmək istəyən vətəndaşlar həkim psixiatr, nevropatoloq, lor, okulist, cərrah, terapevt yoxlanışından keçməlidir. Sürücülük vəsiqəsi almaq istəyənlər narkoloji dispanserdə yoxlanmalı, qandan şəkər xəstəliyi ilə bağlı analiz verməli, kardioqram etdirməli və döş qəfəsinin rentgenindən keçməlidirlər.

Nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Səhiyyə Nazirliyi müəyyən edir. Məsələn, gözlərdən birinin görüb, digəri görməməsi, yaxud gözlərindən birinin görmə qabiliyyəti 100%, digərinin isə 10-20% təşkil etməsi, habelə görmə sahəsinin 20 dərəcədən çox məhdudlaşması, çəpgözlük (cütləşmə ilə müşahidə olunan) vəsiqə əldə etməyə əks göstərişlərdən hesab edilir.

Şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlılığı «Sürücülüyə yararlı olmaq barədə” tibbi arayış ilə təsdiq olunur. Bu arayışın forması Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.

Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli. Kimlər imtahana buraxılılar?:

1) sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları;

2) avtomobil nəqliyyatı vasitələri ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas təhsili müəssisələrinin məzunları; 

3) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər buraxılırlar.

Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. 

“A” və “B” kateqoriyalarına, “A1” və “B1” altkateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.

Sürücülük vəsiqəsi.

Avtomobili sürmək üçün texniki pasport (+etibarnamə, yol vərəqəsi, icarə və ya digər əşya hüquqlarına dair müqavilə) ilə yanaşı şəxsin avtomobili idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olmalıdır. Velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir.

Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:

1) motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün;

2) traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.

Kateqoriyalar. Nəqliyyat vasitələrinin tipindən, təyinatından və idarəetmə xüsusiyyətlərindən asılı olaraq, sürücülük vəsiqələrində aşağıdakı kateqoriyalar göstərilir:

- "A" - motosiklet, moped, motoroller və digər motonəqliyyat vasitələrini idarə etmək üçün;

- "B" - "A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri idarə etmək üçün.

- "C" - "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum çəkisi 3.500 kiloqramdan artıq olan avtomobilləri idarə etmək üçün;

- "D" - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarə etmək üçün;

- "E" – dartqısı "B", "C" və ya "D" kateqoriyalarına aid edilmiş qoşqulu nəqliyyat vasitələri tərkiblərini idarə etmək üçün, o şərtlə ki, sürücünün bütövlükdə həmin kateqoriyalara və ya bu kateqoriyalardan birinə daxil olan nəqliyyat vasitəsinin idarə edilməsinə hüquq verən müvafiq sürücülük vəsiqəsi olsun;

- "Tramvay" -tramvayları idarə etmək üçün;

- "Trolleybus" -trolleybusları idarə etmək üçün.

"B", "C" və "D" kateqoriyalarına aid olan nəqliyyat vasitələri sürücülərinə həmçinin bu kateqoriyalara aid olan nəqliyyat vasitələrini tam kütləsi 750 kq-dan artıq olmayan qoşqularla birlikdə idarə etməyə icazə verilir.

"B", "C" və "D" kateqoriyalarına aid edilmiş nəqliyyat vasitələrinin tam kütləsi 750 kq-dan artıq olan qoşqularla, habelə qoşqulu avtobusların idarə edilməsi üçün sürücünün sürücülük vəsiqəsində həmin kateqoriyalarla yanaşı, "E" kateqoriyasına icazə verilən qeydiyyat olmalıdır.

A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E alkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edir

İcbari qaydada sığortalanmış avtonəqliyyat vasitəsini sürücülük vəsiqəsində göstərilən kateqoriyaya uyğun olmayan şəxs tərəfindən idarə edildiyi zaman yol nəqliyyat hadisəsi törətməsi sığortaçıda subroqasiya hüququ yaradan haldır. Məsələn, Mamedin “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Mamed icazə verilən maksimum çəkisi 3.500 kiloqramdan artıq olan yük (“C” kateqoriyalı) avtomobili və ya sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən çox olan (“D” kateqoriyalı) avtomobili idarə etdiyi zaman yol nəqliyyat hadisəsi törədir. Bu zaman sığortaçıda subroqasiya hüququ yaranacaq.

Sürücülük vəsiqəsinin etibarlılıq müddəti.

Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir:

1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il;

2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;

3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;

4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

Nəqliyyat vasitələrini idarə etmək hüququ hansı hallarda məhdudlaşdırılır?

Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək;

2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək;

3) şəxsdə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək.

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə buraxılmırlar.    

Nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs icbari qaydada sığortalanmış avtonəqliyyat vasitəsini idarə etdiyi zaman yol-nəqliyyat hadisəsi törətməsi sığortaçıda subroqasiya hüququ yaradan haldır.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:

1) onun etibarlıq müddətinin qurtarması;

2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;

3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;

4) onun yararsız hala düşməsi;

5) onun itirilməsi;

7) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması; 

8) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması..

Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi.

Azərbaycan Respublikasının vətəndaşı xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini dəyişdirməlidir.

Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində dəyişdirməlidir.

Sürcülük vəsiqəsi (nəqliyyat vasitələrini idarə etmək hüququ) ümumiyyətlə olmayan şəxs icbari qaydada sığortalanmış avtonəqliyyat vasitəsini idarə etdiyi zaman yol-nəqliyyat hadisəsi törətməsi sığortaçıda subroqasiya hüququ yaradan haldır.

Beləliklə, avtonəqliyyat vasitəsini mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə müqaviləsi (və ya digər əşya hüquqlarına dair müqavilə) əsasında avtomobilə faktiki sahiblik edən və onu istismar edən, habelə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halında nəqliyyat vasitəsini idarə edən, sürücülük vəsiqəsinə sahib olan, yəni idarə etmək hüququ olan şəxslər idarə edə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh