İranda keyfiyyətsiz avtomobil istehsalına görə qəzada ölənlərin sayı artır

İranda avtomobil yollarında qəzalar nəzərçarpan dərəcədə çoxalıb. Yol polisi əsas səbəblərdən biri kimi keyfiyyətsiz istehsalı göstərir. İddia olunur ki, bu sahədə keyfiyyət qətiyyən artmayıb. Yerli avtomobil istehsalının bərbad durumda olması özünü yollarda göstərir. Qəzada ölənlərin sayı yalnız artır. Rəsmi qurumlar həyəcan təbili çalır.
Avtosfer.az xəbər verir ki, İran Dövlət Yol Polisi Xidmətinin rəis müavini Teymur Hüseyni jurnalistlərlə söhbətində vəziyyətin zamanla yalnız pisləşdiyini dilə gətirib. Son 10 ilin statistikası acınacaqlı durumu ortaya qoyur. Teymur Hüseyni deyir ki, ilk baxışdan keyfiyyətsiz avtomobil istehsalının dayandırılması görüntüsü var. Amma bənzər nümunələr dayanmadan artır.
“Pride” və “Peugeot 405” avtomobillərinin istehsalı dayandırılsa da, hələ də ölümlə nəticələnən qəzalara səbəb olurlar. Hər iki avtomobil aşağı keyfiyyətlə istehsal olunan çox köhnə xarici nümunələrin surətləridir. Praktikada oxşar avtomobillərin yeni istehsalı müşahidə edilir”.
İranda təqvim ili martın 20-da başa çatıb. Son bir ildə yol qəzalarında 19 min 491 nəfərin həyatını itirdiyi bildirilir. Bu da əvvəlki illə müqayisədə 16 faiz artım deməkdir. İran Dövlət Yol Polisi Xidmətinin rəisi Kamal Hadianfər bazar günü keçirdiyi mətbuat konfransında deyib ki, geridə qalan il ərzində hər saat avtomobil qəzalarında 2-3 nəfər ölüb, 25 nəfər isə yaralanıb.
Prezident İbrahim Rəisi də daxil olmaqla İranın bir sıra rəsmi adamları və səlahiyyətliləri yerli avtomobil sənayesini tənqid edir. Ekspertlər rəqabəti aradan qaldırmaq üçün avtomobil idxalına qadağa qoyulmasının arxasında dayanan “mafiyaya bənzər” nüfuzlu qrupu günahlandırırlar. Hadianfər bir dəfə İran avtomobillərini “ölüm vaqonları” adlandırmışdı və istehsalçıları Çindən hissələrin idxalına görə tənqid edərək, keyfiyyətə nəzarət olmadığını dilə gətirmişdi.
İranın avtomobil sənayesində 700 min nəfərdən çox işləyir. Bu, neft və qaz sektorundan sonra ölkənin ən böyük sənaye sahəsi hesab olunur.
Bizimyol.info













