İstismar müddətini başa çatdıran avtomobillər qəzada ölüm riskini artırır - VİDEO
Bu gün nəqliyyat vasitələrinin utilizasiyasının təşviq edilməsi, bu mövzuda medianın və ictimaiyyətin məlumatlandırılması, həm də yeni yaradılan electron portalın təqdimat mərasimi keçirilib.
Avtosfer.az xəbər verir ki, “Flame Towers”in konfrans zalında “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Baş Dövlət Yol Polisi idarəsi və Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə nəqliyyat vasitələrinin utilizasiyası mövzusunda tədbir təşkil edilib. Tədbirdə təşkilatçı qurum və şirkətlərin nümayəndələri ilə yanaşı, hüquqşünas Ərşad Hüseynov, nəqliyyat ekpsertləri Elməddin Muradlı və Eldəniz Cəfərov, həmçinin media nümayəndələri də iştirak edib.
Tədbiri açılış nitqi ilə “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Etibar Abbasov açıb və çıxışı zamanı bildirib ki, mövcud tələblərə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır:
“Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş almaq mümkündür. Ötən dövr ərzində 35 nəqliyyat vasitəsi utilizasiyaya verilmiş və birdəfəlik ödəniş üçün müraciət etmiş şəxslərə həmin nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq ödənişlər həyata keçirilmişdir. Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır”.
Daha sonra nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı "www.nvu.gov.az" portalının təqdimatı keçirilib. Bildirilib ki, utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən “Fors” MMC reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanılmışdır. Utilizasiya prosesinin necə baş tutması ilə əlaqədar hazırlanan videoçarx tədbir iştirakçılarına təqdim olunub.
Tədbir zamanı çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev bildirib ki, dekabrın 2-nə olan məlumata görə, Azərbaycanda qeydiyyata alınmış nəqliyyat vasitələrinin sayı 1 milyon 863 mini keçib:
“Bu il ərzində 1600-dən çox avtomobil istismardan çıxarılıb. Bu göstərici bizi qane etmir. Çünki illik terxniki baxışla bağlı məsələləri müzakirə etdiyimiz zaman görürük ki, hazırda istismarda olan nəqliyyat vasitələrinin cəmi 70%-i texniki baxışdan keçir. 30%-i isə ya sürülmür, ya da istismardan çıxıb və kimlərinsə həyətində, cərimə meydançalarında qalıb. Həmin nəqliyyat vasitələrini utilizasiya prosesinə cəlb etmək lazımdır. Ölkədə qeydiyyatdan keçən avtomobillərin cəmi 14.6%-i istismar müddəti 10 ilə qədər olan nəqliyyat vasitələridir. Ən məyusedici göstərici isə istismarı müddəti 20 ildən çox olan nəqliyyat vasitələri ilə əlaqədardır. Bu cür avtomobillər ölkədə qeydiyyatdan keçirilən nəqliyyat vasitələrinin 45%-dən çoxunu əhatə edir. Hər il Azərbaycanda istismara yararsız nəqliyyat vasitələrinin də iştirakı hesablanmaqla baş verən yol-nəqliyyat hadisələrində təxminən 600-dən çox vətəndaşımız qəzaların qurbanı olur. 1200-1500 nəfər isə bu cür hadisələrdə xəsarət alır. Bu bizi çox narahat edir”.
Mübariz Ağayev sonda onu da qeyd edib ki, Azərbaycanla eyni göstəricilərə malik Polşa və Litva kimi ölkələrdə yol-nəqliyyat hadisələrinin qurbanlarının sayı ölkəmizlə müqayisədə xeyli azdır. Belə ki, həmin ölkələrdə il ərzində baş verən ən ağır nəqliyyat hadisələri zamanı ölüm və xəsarət faktı çox aşağıdır. O həmçinin vurğulayıb ki, bəzən elə ağır qəzalar baş verir ki, həmin hadisə zamanı ölən olmur və ən pis halda kimsə xəsarət alır. Lakin eyni tipli qəza ölkəmizdə baş verəndə 4-5 nəfər həyatını itirir. Bunun səbəbi isə həmin ölkələrdə avtomobil parkının sürətli yenilənməsidir.
Tədbirdə həmçinin vurğulanıb ki, bu ilin fevral ayında yaradılan Utilizasiya Fonduna indiyədək 48 milyon manat vəsait toplanıb və bunun 24 milyon manatı Dövlət Gömrük Komitəsinin ölkəyə gətirilən avtomobillərə görə tətbiq edilən utilizasiya haqqı hesabına yığılıb. 4 ildən 7 ilə qədər olanlar üçün 400 manat, 7 ildən yuxarılar üçün isə 700 manatdır. Texniki baxış zamanı isə bu ödəniş avtomobilin ilindən asılı olaraq 10 manatdan 40 manata qədərdir. Gələcəkdə Fond tərəfindən utilizasiya olunan avtomobillərə görə vətəndaşlara ödənəcək məbləğin artırılması müzakirə edilir.
Tədbir zamanı ictimaiyyət nümayəndələri ilə müzakirələr aparıldı. Mütəxəssislər, eləcə də, media nümayəndələri həyata keçirilən layihə ilə əlaqədar təşkilatçı “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədrinə sual və təkliflərini verdi, utilizasiyaya təşviqetmə ilə bağlı maarifləndirmə işinin güclənməsinin vacibliyini bildirdilər. Etibar Abbasov yaxın dövr ərzində ictimaiyyət nümayəndələri ilə daha bir görüşün keçirilməsini və qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin dəyərləndirilməsinin mütləqliyini vurğuladı.
Səfər