İSB sürücülərə ödəyəcəyi icbari sığorta haqqını hesablamaq imkanı yaradıb
Avtonəqliyyat vasitəsi sahibləri sığorta şirkətləri ilə bağladıqları icbari sığorta müqavilələri üzrə ödəməli olduqları sığorta haqlarını artıq müstəqil şəkildə hesablaya bilərlər. Avtosfer.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun yaydığı məlumatda bildirilir. Məlumatda həmçinin deyilir ki, bunun üçün İSB-nin sürücülər üçün yaratdığı və hesabla.isb.az veb-saytında təqdim olunan müvafiq onlayn xidmətdən istifadə etmək mümkündür.
Qeyd edilən sayta daxil olaraq orada avtonəqliyyat vasitəsinin növünü və özünün Bonus-Malus əmsalını daxil etməklə avtonəqliyyat vasitəsi sahibi olan hər bir şəxs bağladığı icbari sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqını öyrənə bilər. Bonus-Malus əmsalını öyrənmək üçün sürücülər öz sığorta şirkətinə müraciət edərək müvafiq məlumatı əldə edə bilərlər. Sözügedən saytda icbari sığorta haqqının hesablanma qaydası barədə ətraflı məlumatlarla da tanış olmaq mümkündür. Belə ki, ilk öncə bilmək lazımdır ki, icbari sığorta haqqı məbləğləri dövlət tərəfindən müəyyən edildiyindən, bütün sığorta şirkətləri üzrə eynidir və bir şirkətdən digərinə fərqlənə bilməz. İcbari sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqı sadə bir düsturun köməyilə formalaşır. Bunun üçün bütün avtonəqliyyat vasitələri üçün 50 manat məbləğində müəyyən edilmiş baza sığorta haqqını, avtonəqliyyat vasitəsinin növünə görə əmsalı və sığortalının Bonus-Malus sinfinə görə əmsalını bir-birinə vurmaq lazımdır, nəticədə alınan məbləğ məhz ödənilməli olan icbari sığorta haqqını təşkil edəcək.
Avtonəqliyyat vasitələrinin növlərinə görə əmsallar İSB-nin internet səhifəsində yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydaları” ilə müəyyən olunur. İcbari sığorta haqqının necə formalaşdığını əyani misalda növbəti qaydada təsvir etmək olar: tutaq ki, vətəndaş özünün 2 000 kub santimetr mühərrik həcmi olan minik avtomobilini icbari qaydada sığortalamaq istəyir. Qaydalara əsasən, bu mühərrik həcmi üzrə avtonəqliyyat vasitəsinin əmsalı 1,5 rəqəminə bərabərdir. Son illər ərzində həmin şəxs minik avtomobili ilə yollarda bir neçə qəzaya səbəb olmuş, bu üzdən də onun Bonus-Malus əmsalı pisləşərək 1,6 səviyyəsində qərarlaşıb. Avtomobilinin növbəti icbari sığorta müqaviləsi üzrə ödəyəcəyi sığorta haqqını hesablamaq üçün vətəndaş 50 manatlıq baza sığorta haqqını, avtomobilinin mühərrik həcminə görə əmsalı (1,5 rəqəmini) və özünün Bonus-Malus əmsalını (1,6 rəqəmini) bir-birinə vurmalıdır. Alınan 120 manatlıq məbləğ onun növbəti icbari sığorta müqaviləsi üzrə ödəyəcəyi sığorta haqqını təşkil edir. Burada qeyd etmək lazımdır ki, vətəndaşın bu dəfə belə yüksək sığorta haqqı ödəməli olmasına baxmayaraq, növbəti illərdə o qəzasız avtomobil idarə edərsə, onun Bonus-Malus əmsalı ildən ilə yaxşılaşacaq və nəticədə gələcək müqavilələri üzrə o daha az sığorta haqqı ödəyə biləcək.
Hər bir sığortalının Bonus-Malus sinfinə görə əmsalı ildə bir dəfə, 15 yanvar tarixinə müəyyənləşir və növbəti ilin 15 yanvar tarixinə qədər qüvvədə olur.