Maşının rəngini vinillə dəyişənlər cəzalanacaq - DYP-dən xəbərdarlıq
Son zamanlar avtomobillərin üzərinə vinil vurulması dəb halını alıb. Avtomobil sahibləri 4 çarxlı dostlarına yeni rəng və dizayn vermək üçün bu xidmətdən istifadə edir. Bəs görəsən, avtomobilin üzərinə vinil vurmaq üçün hansı prosedurdan keçmək lazımdır?
Avtosfer.az-ın məlumatına görə, Baku.ws-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, avtomobilinə vinil vurdurmaq istəyən sürücü qeydiyyat imtahan şöbəsinə müraciət etməlidir: “Hansı formada vinilin vurulması razılaşdırıldıqdan sonra texpasportda (qeydiyyat şəhadətnaməsi) qeydiyyat aparılır. Avtomobilin qeydiyyatda olduğu qeydiyyat imtahan məntəqəsi üzrə prosedur həyata keçirilir. Bu sadə üsulla məsələni həll etmək olur”.
“Digesta” hüquq mərkəzinin rəhbəri, yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov isə açıqlamasında bildirir ki, avtomobilə vinil vurub rəngi dəyişdikdən sonra nəqliyyat vasitəsini sürmək olmaz: “Sürücü DYP-nin Dövlət qeydiyyat imtahan texniki baxış şöbəsinə getməlidir. Avtomobilin rəngi dəyişdirdikdən sonra nəqliyyat vasitəsini texniki baxışdan keçirmək üçün 20 manat, qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi üçün isə 17 manat dövlət rüsumu ödəməlidir. Bu qaydalara əməl etməyən sürücüləri isə cərimə gözləyir”.
Ekspert qanunla vinilin istifadə olunmasının qadağan edilmədiyini bildirir. Onun sözlərinə görə, vinildən istifadə sürücülər üçün heç də sərfəli deyil: “Belə ki, vinil özü tez sıradan çıxdığı üçün sürücü əlavə xərcə düşür. Bundan başqa, vinil adətən “matovı” rəngdə olduğu üçün qarşıdan gələn avtomobilin sürücüsü gecə sizin nəqliyyat vasitənizi görməkdə çətinlik çəkir”.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev isə Avtosfer.az-a bildirib ki, avtomobilə vinil vuraraq rəngini dəyişmək qanunsuzdur və bunu edənlər cəzalanacaq: "Avtomobilin rəngini vinillə dəyişmək olmaz. Vinil rəng dəyişməsi sayıla bilməz. Bunu o halda qanuni hesab etmək olar ki, vinil maşının öz rəngində olsun. O halda heç bir problem yoxdur. Lakin ağ maşına qara və ya qızılı rəngdə vinil vurmaq qanun pozuntusudur. Təsəvvür edin ki, maşına qara vinil vuran sürücü qəza törədir və ya avtomobil hansısa cinayət hadisəsinin törədilməsində istifadə olunur, sürücü 5 dəqiqədən sonra vinili soyur, maşın olur ağ rəngdə. Bunu necə tapmaq olar? Belə halların qarşısını almaq üçün vinildən istifadə edənlər diqqətli olmalıdır. Yol polisi avtomobilin rənginə uyğun gəlməyən vinildən istifadə edən sürücülərə qarşı cərimə tətbiq edəcək. Avtomobilin rəngi əvvəlki hala gətirilənə qədər maşın cərimə meydançasında saxlanılacaq".
Elmin