Ödənişli yolda yüksək sürətə icazə verilə bilər, amma bu şərtlə... - Ərşad Hüseynovdan AÇIQLAMA - VİDEO

Ödənişli avtomobil yolunda yeni ağıllı radar sistemi quraşdırılıb. Sistemin tətbiqində əsas məqsəd yol hərəkəti təhlükəsizliyinin artırılmasıdır. Yeni texnologiya sürət ölçmə, nəqliyyat axınını analizi və digər qayda pozuntularını qeydə alır. Bu isə ödənişli yola nəzarətin daha sistemli və şəffaf şəkildə təşkil edilməsinə şərait yaradır. Quraşdırılan sistemin ödənişli yolda ümumi idarəetmə keyfiyyətinin yüksəldilməsi və hərəkətin daha nizamlı şəkildə olmasını təşkil edir. Bildirilir ki, yeni ağıllı radarlar sürücünün bir məntəqədən digərinə nə qədər müddətdə çatdığını biləcək və bununla da nəqliyyat vasitəsinin sürət həddini aşıb-aşmadığı müəyyənləşəcək.
Bəs görəsən, yeni radarlar ödənişli yollarda tətbiq edilən nəzarət mexanizmləri sürət məhdudiyyətinə yenidən baxılması məsələsini gündəmə gətirirmi? Bu texniki yeniliklər sürət limitlərinin müasir standartlara uyğunlaşdırılmasına ehtiyac yaradırmı?

Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, 110 kilometr-saat sürət həddi avtomagistrallar üçün nəzərdə tutulub və “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsində təsbit olunub. Qanun 1998-ci ildə qəbul edildiyi üçün o vaxt belə texniki imkanlara malik yollar yox idi. Buna görə də bu tələb müasir dövrə tam uyğun sayılmaya bilər: “Hazırda yollarımızda bu tipli avtomagistrallar kimi işarə oluna bilən və təhlükəsizlik tələbləri daha yüksək olan yollar da var. Daha yüksək sürətdə təhlükəsiz hərəkət edə bilən nəqliyyat vasitələri də mövcuddur. Ona görə də, həmin məsələyə qanunvericilik qaydasında yenidən baxmağa ehtiyac var. Amma hələlik qanunda belədir - 110. Yaxşı olar ki, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsində sürət rejimi ilə bağlı tələblərə Milli Məclis tərəfindən yenidən baxsın. Bundan sonra sürət limiti, təhlükəsizlik ön planda saxlanmaq şərti ilə, bir qədər daha yüksək bir həddə qaldırıla bilər. Ödənişli yol və yaxud da başqa bir yoldur, orada daha yüksək sürətlə hərəkət eləmək üçün daha yaxşı imkanlar da yaradılmalıdır.
Ekspert iki istiqamətdə işlərin görülməli olduğununun vacibliyini bildirib: “Əvvəla, yolun sırf sürət baxımından təhlükəsizlik səviyyəsi daha da artırılmalıdır. Orada yaxşı audit həyata keçirilməlidir. Harada sürətlə bağlı problem ola biləcək sahələr varsa oralar düzəldilməlidir. Yaxud da, məsələn, dünya təcrübəsində belə hallar da var. Deyək ki, avtomagistralda 120-130 km/saat sürət həddi müəyyən olunub. O demək deyil ki, sona qədər həmin sürətlə gedilməlidir. Yolun müəyyən nöqtələrində lokal sahələrdə daha aşağı sürət tətbiq oluna bilər. Qanunvericilikdə həmin sürətin yuxarı hədd məsələsinə yenidən baxılmalıdır”.
Nurcan Babək














