Banner

Qadın avtobus sürücüsü: «Balaca maşınlar mənə oyuncaq kimi gəlir»

Avtoxəbər 10 Aprel 2014 00:00 Oxunub 3473
Qadın avtobus sürücüsü: «Balaca maşınlar mənə oyuncaq kimi gəlir»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Avtomatı mənə tuşlayıb "Güllələri üstünə boşaldaram!” dedi

Layihə: “Aslanın erkəyi, dişisi olmaz”

 

 

Ailem.az-ın bu layihəsində kişilərin “qadınlar bunu bacarmaz” dediyi işin öhdəsindən necə layiqincə gəldiyinin şahidi olacaqsınız. Atalar yaxşı deyib: "Aslanın erkəyi, dişisi olmaz". İnsan istəsə, bacarar. Və onlar bacardılar...“Dayım təcili yardımda işləyirdi. Kəndimizə xəstə üstünə gəlmişdi. Üç yaşım olardı. Özü oturdu sükanın arxasına, məni oturtdu qucağında, əllərimi qoydu sükanın üstünə. İndiyə kimi yadımdadı. Və başladı sürməyə. Dayım sürdükcə mənə elə gəldi ki, maşını mən sürürəm. Maşınla ilk tanışlığım, maşınlara sevgim burdan yarandı. O gündən sonra evdən oyuncaqlar yığışdı. Ancaq dəmir-dümür. Haradan nə dəmir tapırdımsa, evə gətirirdim”. Layihənin növbəti qonağı 35 illik peşəkar avtobus sürücüsü Bahar Tahirovadır. Bahar xanım 1951-ci ildə Xaçmazda dünyaya gəlib. Məktəbi 1970-ci ildə bitirəndən sonra Bakıya sürücülük məktəbinə gəlir. Ancaq onu məktəbə götürmürlər. Çünki balaca Bahar həvəskar yox, peşəkar sürücü olmaq istəyir. Uzun saçları olduğu üçün ona kinolara çəkilmək məsləhət görülür. Yetər ki, sürücü olmasın. Qayıdır evlərinə. Lakin uşaqlıq arzusundan əl çəkmir və nəhayət, illər sonra sürücülük məktəbinə daxil olur. Məktəbi bitirəndən sonra...

Sonrasını özü danışacaq.

 

- 1978-ci iliydi. Talon tətbiq olunurdu. Bir çox sürücülər etiraz edib işdən ayılırdı. Sürücü çatışmazlığı vardı. Bəlkə də məcbur qalıb məni işə götürdülər. Həmin ildən 2 nömrəli avtobus parkında işə başladım. “İkarus&rdrdquo; verdilər. Qarajda o qədər kişinin arasında tək qadınıydım. Mənə elə qəribə baxırdılar. Amma hörmətsizlik edib söz atmaq yoxuydu. Arxamca dönüb baxırdılar. İnanmırdılar ki, məndən sürücü olar. Qarajın nəzarətçisi mənə deyirdi ki, sən bir ilə burdan qaçmasan, mən qulağımı kəsəcəm. Mən qaldım işlədim. Amma o, qulağını kəsmədi (gülür). O vaxtlar qadın trolleybus, ya tramvay sürücüsü vardı. Amma məndən başqa avtobus sürən qadın yoxuydu. Sərnişinlər ilk dəfə avtobusa minəndə çaşıb qalırdılar. Elə bilirdilər, bu da trolleybusdu. Ümumiyyətlə, o vaxtlar “ölən”, sərnişini az marşrut olanda məni ora keçirirdilər ki, “dirildim". Camaat məni görən kimi minirdi.

 

“Hər dəfə nazir dəyişəndə məni işdən uzaqlaşdırırdılar”

 

- 1985-ci il olardı. 52 saylı avtobusda işləyirdim. Marşrutumuzun sonuncu dayanacağı Qoşa Qapıydı. Avtobusu dal-dala verib dayanırdıq Sabir bağının yanında, üzü Həmkarlar İttifaqına tərəf. Burda məni Moskvadan gələnlər görür. Sonra qaraja Moskvadan məktub gəldi ki, Sovet qanunlarına görə ağır yük maşınlarında qadın əməyinin istismarı qadağandır. Mən özümlə birgə on dörd adam daşıya bilərdim. Yaxud da trolleybus, ya tramvay. Bunlar da mənlik deyil. İti həyətdə necə saxlayırsan? Ancaq zəncirlə hərəkət edə bilir. Trolleybusla tramvay da elə. Dedim, yox. Mən ancaq avtobus sürə bilərəm. Məcbur qalıb işdən çıxardılar. Nazirin qəbuluna getdim. Bütün şikayətçilər uzun masanın ətrafında oturmuşduq. Nazir mənə dedi ki, nə fərqi var? Balaca raf sür. Gərək elə avtobus ola? Mən də dedim ki, fərq odur ki, hər şey birinci Moskvadan gəlir. Onlar həzm edə bilmirlər ki, Azərbaycanda gənc xanım oturub sükan arxasında. Bu, indi Moskvada olsaydı alqışlayardılar.  Valentina Tereşkova kosmosa uça bilər, uzaq məsafə üzrə üzgüçü komandasının kapitanı rus qadın ola bilər, amma avtobus sürən Azərbaycan qadını ola bilməz? Ondan sonra nazir dedi ki, mənim adıma ərizə yaz. Ərizəmi yazandan sonra işimə bərpa olundum. Hər dəfə nazir dəyişəndə o məktub üzə çıxır, hər dəfə də məni işdən uzaqlaşdırırdılar. Hər dəfə də mən nazirə ərizə yazandan sonra məni işə qaytarırdılar (gülür).

 

“Suriyada avtobus sürməyimə imkan vermirdilər”

- 1991-ci ildə 154 saylı, sonra 16 saylı avtobusda işlədim. Aviakassa-aeroport reysi üzrə işlədim. Düz 12 il. 1993-cü ildə sərhədlər açıldı. Azərbaycan, Türkiyə, Suriya, İran və Azərbaycan xətti üzrə işlədim. Suriyada avtobus sürməyimə imkan vermirdilər. Avtobusun qarşısını kəsib şəkillərimi çəkirdilər. Mən "tormoz" verirəm ki, çıxıb getsinlər. Onlar da tormoz verirlər. “Mercedes Benz Apollo” çox sürətli maşındı. Axırda “obqon” edib getdim.

“Maşından məni ancaq ölüm ayıra bilər”

- Mən ümumiyyətlə, ərə getmək istəmirdim. Elə bilirdim ki, evlənəcəyim adam məni sevdiyim işimdən ayıracaq. Deyirdim ki, bir uşaq götürüb saxlayacam. Maşından məni ancaq ölüm ayıra bilər. Gec ailə qurdum. Otuz yaşımda. 8-ci kilometrdə qohumumun evində qalırdım. Yoldaşımla da orda tanış olduq. Qonşumuzuydu. Avtobusla mən evə gedəndə o da avtobusla gəlirdi. O, əvvəl elə bilirmiş ki, hansısa kişi xeylağıdı. Sonra məni yolda gördü. Beləcə, tanış olduq. Evləndik. O “Razin” (indiki Bakıxanov) parkında işləyirdi. Evlənəndən sonra bizim qaraja keçdi. Yoldaşımla növbə ilə işləyirdik. Dörd uşağım oldu. Heç birində dekretə çıxmadım. Aldadırdım həkimləri. Doqquz aylıq hamilə-hamilə avtobus sürürdüm. Özümə enli bir köynək tikmişdim. Qarnımı bildirmirdi. Doğuşdan sonra iki ay dekretdə olurdum, vəssalam. Sonra yenə iş başındaydım. Uşağım olanda hamı şoka düşürdü ki, bu, haradan oldu? Üç qızım, bir oğlum oldu. Hələ üstəlik baldızımın da qızı bizdə qalırdı. Aiələdə yeddi uşağıydılar. Əri də atıb getmişdi deyə uşaqlardan birinə biz baxırdıq. 1989-cu ildə yoldaşım Rusiyaya pul qazanmağa getdi. İndiyə kimi “pul qazanır” orda. Hələ qayıtmayıb. O, gedəndə böyük qızım Elnarənin yeddi yaşı, kiçiyin isə heç iki yaşı yoxuydu. Dörd uşaq, üstəlik də baldızım qızını mən tək böyütdüm. Həmin vaxtlar mənə bir az çətin oldu. Uşaqlara həm ana oldum, həm ata. Beşinə də baxdım, böyütdüm.

 

“Yeddi aylıq hamilə olanda 47 kiloydum”

 

- Adətən insanlarda belə fikir var ki, sürücülər kök olurlar. Mən sizə deyim ki, mən əlli beş yaşımdan sonra başladım kökəlməyə. O da ki, yaşla əlaqədardı. Böyük qızıma yeddi aylıq hamilə olanda çəkim 47 kiloydu. Bir dəfə getmişəm iş görüşməsinə. Böyük zavoduydu. İşçiləri daşımaq üçün sürücü axtarırdılar. Arıq olduğum üçün inana bilmirdilər ki, mən avtobus sürə bilərəm. Onlar kök adam gözləyirdilər. Nə isə... Məni işə götürdülər. Amma mən ora getmədim. Yaxşı da maaş təklif etmişdilər. Getdim Bakı-Masallı istiqaməti üzrə beş il işlədim. Zavoddakı iş beləydi ki, səhər işçiləri gətirdim, bir də axşam gedib götürəcəkdim. Darıxdırıcı işiydi. Mən sərnişinsiz dura bilmərəm. Bu iş daha çox təqaüdçülərə yarayırdı. Həm də o zonanı çox sevirəm. O tərəflərə elə bağlıyam ki... Cənub bölgəsinin insanları bir başqa cür olurlar. İşləmədiyim vaxtlar o yolları həmişə yuxuda görürəm. Gəncə tərəfə getməyi sevmirdim. Ucar, Kürdəmir yolları məni öldürürdü. O vaxtlar çox narahat idi. Ucar yoluna çatanda elə bil sinəmdən daş asılır. Ora girəndə köməkçimə deyirdim ki, saatı qeyd elə, baxaq, görək neçə dəqiqəyə Ucardan çıxacağıq. Dedi, 3-ə 14 dəqiqə işləyib. Ucar yolunu çıxdıq. Dedim: “Anar, saat neçədi?” Dedi, 3-ə 14 dörd dəqiqə işləyib. Deyirəm, bəyəm dayanmışdıq ki, biz? Bəs bu qədər yolu kim gedib? Demə, saat yatıbmış. Kəmərlidən qayıdanda da belə oldu. Qolumdakı saat yatdı.

“Ha basdım, "tormoz" tutmadı”

- Otuz beş ildi yollardayam. Heç qəza etməmişəm desəm, yalan olar. Amma ölümlə nəticələnən qəzam olmayıb. Bir dəfə Cəfər Cabbarlı küçəsiylə aşağı düşəndə avtobusun "tormozu" işləmədi. Dörd cərgəlik yoluydu. Ha basdım, "tormoz" tutmadı. Özümü itirmədim. Kömürçü bazarına gedən tərəfdə ara yol vardı. Avtobusu çəkdim ki, o yola salım, səkiyə dəyib dayansın. Avtobusu döndərəndə gördüm ki, yolda maşın dayanıb, elektrik xətlərini təmir edirlər. Ona dəysəydim, maşının üstündəki adam ölərdi. Allahın rəhmi gəldi ki, xətasız qurtulduq.

“Otur, aparım səni Qarabağa!”

- 90-cı illəriydi. Qəbələyə gedirdik. Muğan yoluyla sürürdüm. Surət Hüseynovun dəstəsi dağlar olan yerdə &ccediccedil;adırlar qurmuşdu. Əllərində avtomat bir neçə adam avtobusu saxlatdı. Biri mindi avtobusa, pasportları tələb etdi. Mən də dedim ki, haçandan avtobusda pasport tələb olunur? Bura Ermənistandı məgər? Bu vaxt avtomatı mənim üstümə tuşladı: “Bilirsən nə edərəm sənə? Güllələri üstünə boşaldaram!” Mən də dedim ki, əgər elə qoçaqsan, otur, aparım səni Qarabağa! Bu sözümdən yaman hirsləndi. Pasport filan yoxlamadan avtobusdan düşüb getdi. Mənə dedilər ki, görmürsən hallıdı?! Niyə baş qoşursan?! Ağzından iyi gəlmirdi, amma sərxoşa bənzəyirdi.

 

“Alla Puqaçova çox sadə insandı”

 

- Təqaüdçüyəm. Prezident Aparatının qarajında ehtiyat sürücüsü işləyirəm. Bakıda geniş miqyaslı tədbirlər keçiriləndə qonaqları daşımaq üçün avtobus verirlər. Kimlərlə işləməmişəm?! Alla Puqaçova, Sofiya Rotaru, Müşərrəf Akay və s. Alla Puqaçova çox sadə insandı.

 “Balaca maşınlar mənə oyuncaq kimi gəlir”

 - Balaca maşın hər halda böyük maşından daha rahat olar. Amma mən böyük maşınlara öyrəşmişəm. Ayağını qoyursan “pedal”ın üstünə bilirsən ki, ayağının altındakı “pedal”dı. Sükanın özü də. Adam bilir ki, əlinin altındakı nədi. Balaca maşınlar mənə oyuncaq kimi gəlir. Sərnişin kimi yol gedəndə sürücü yalan olur. Onun yerinə mən yoruluram. Yola da baxıram, sürücüdən qabaq mən "tormoza" basıram. Ayaqlarım daşa dönür gərginlikdən.

 ““Prava”nı qapına gətirirlər”

 - Qadın uşaq da dünyaya gətirə bilər, yemək də bişirər, ev də yığışdırar, paltar da yuyar. Qadın sürücü də ola bilər. Qadın sürücülərə məsləhətim yollarda diqqətli olmalarıdır. Biz o vaxt altı ay məktəb oxuyurduq, ay yarım təcrübə keçirdik. Bir gün dərsə gəlməyəndə arayış tələb edərdilər. Amma indi evdə oturursan, “prava”nı qapına gətirirlər. Yola çıxırıq. Yola sürət qoyublar 110. Sən 110 sürürsən, bir də görürsən biri çıxır qarşına sürür 60-la. Gəlib dirənirsən onun arxasına. Nə özü sürür, nə də sürənə imkan verir. O vaxtlar yolların öz qaydaları vardı. Əgər qarşında yaşlı sürücü gedirsə, sənin nə hünərin vardı onu “obqon” edəsən. Onun dalınca getməlisən. Ta ki, özü icazə verənə qədər. On-on beş kilometr dalınca aparır. Sonra əlilə işarə edərdi ki, sür, get. Bax, beləydi. Hörmət vardı. İndikilər az qalır adamı tapdalayıb gedə.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Araz 10 Noyabr 2014 22:55
Allah yolunu açıq etsin