Reklam

Rəsmi nümayəndəlikdən alınmayan avtomobil, və ya zəmanətin Şərq modeli

Avtoxəbər 11 Dekabr 2024 12:21 Oxunub 114
Rəsmi nümayəndəlikdən alınmayan avtomobil, və ya zəmanətin Şərq modeli
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən əsrin ilk onilliyində dünya iqtisadi sisteminə belə bir termun daxil oldu: paralel ixrac. Yəni, məhsulun diler və ya distribütor şəbəkəsindən kənarda alınıb gətirilməsi. Buna Avropa və ABŞ-də xüsusi qadağa olmasa da, müəyyən şərtlər var. Məsələn, bir neçə il əvvəl ABŞ-də qalmaqala səbəb olmuş kukla məsələsini xatırlayaq. 
Rəsmi dstribütor eyni markadan olan kukla ixracatçısını məhkəməyə verdikdə Ali məhkəmə distribütorun xeyrinə qərar çıxarmışdı. Qərara görə, paralel yolla gətirilən kuklaların üzərindəki yazı ispanca olduğundan Amerika bazarı üçün deyildi və satışdan yığışdırılmalı idi. 

Bizdə isə paralel ixrac əsasən avtomobildə özünü göstərir. Təsəvvür edin, eyni marka və modeldən olan maşını həm distribütor, həm də ayrı bir fiziki şəxs (maşın alverçisi) ölkəyə gətirərək satır. İlk baxışda heç bir fərq olmasa da, dərindən analiz zamanı ciddi fərqlər ortaya çıxır. 

Fizki şəxslər adətən maşını yerli bazardakı satıcıdan alıb gətirirlər. Bu zaman heç bir regional fərq nəzərə alınmır. Bunun əzabını isə alıcı bir neçə həftədən və ya aydan sonra görür. Ən ciddi məsələ isə satış sonrası servisdir. Burada da alıcılar ümumi üsulla, yəni markanın reytinqi ilə aldadılır. Məsələn, “filan maşın xarab olmur”, “filan maşın daşdöyəndir”, “bu maşının servisi qəpik-quruşdur” tipli ifadələri yəqin çoxları eşidib. Bizdə rəsmi nümayəndədən kənarda zəmanət tipik Şərq üsuludur, yəni bazardan çıxana, və ya DYP-də rəsmiləşdirilənədək heç bir problem olmadısa məsələ bitdi. Ertəsi gün yaranacaq problem üçün heç kim cavabdeh deyil.

Həmin markanın Azərbaycanda servis mərkəzinin olması heç də problem yaranmayacağı anlamına gəlmir. Bütün böyük istehsalçılar avtomobillərdə regiona görə konstruksiya dəyişikliyi edirlər. servis mərkəzi isə rəsmi dilerin gətirdiyi modelə uyğun ehtiyat hissələri təmin edir.
Məsələn, Azərbaycanda məşhur olan Honda ZR-V, Kia Sportage və Toyota Corolla avtomobillərinin Çİn versiyalarının uzunluğu, hündürlüyü və mühərrik gücü fərqlidir. Bu da Çin versiyasının təmir zamanı əlavə sürpriz yaradacağını bəri başdan deməyə əsas verir. 

Corolla modelində isə mühərrik fərqi ciddi olmasa da, elektronika və elektrik sistemi bütünlüklə Çin istehsalıdır. Bu modelin Dubaydan gətirilən versiyaları isə sırf Amerika bazarı üçündür. Nəzərə alaq ki, rəsmi nümayəndə Azərbaycan bazarına ya MDB, ya da Avropa üçün istehsal olunmuş modelləri gətirir. 
Təkər ölçülərində, lampalarda və ya yağın markasında olan fərq heç bir problem yaratmır. Lakin elektronika və bəzi xırda detallarda fərqin olması sürücünün həftələrlə ehtiyat hissələri mağazasında avara qalmasına səbəb ola bilər. Əgər modelin uzunluq və hündürlük fərqi varsa, deməli transmissiya, tormoz və asqı sistemində detalların fərqli olması qaçınılmazdır. 

Bəs alıcılıarı başqa bazar üçün nəzərdə tutulmuş maşını almaqla risk etməyə nə vadar edir?
Əsas şərtlərdən biri alıcıların texniki fərqlər barədə məlumatının olmamasıdır, yəni “maşın maşındır” prinsipi.
Bəzi insanların nəyin bahasına olursa olsun maşın almaq həvəsi də qeyri-spesifik modellərin alışı ilə nəticələnir. 
Ən əsas səbəb isə qiymətdir. Parael ixrac yolu ilə maşın gətirənlər üçün servis, zəmanət kimi öhdəliklər olmadığından xərcləri də azdır. Buna görə də daha münasib qiymət təklif edə bilirlər. Müştəri kontingentini də məhz bu amil formalaşdırır. Lakin təcrübə göstərir ki, bu “qənaət” çox da səmərəli deyil.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh