Rusiya-Azərbaycan sərhədində qalan Çin avtomobillərinin aqibəti necə olacaq? - AÇIQLAMA - VİDEO
Artıq bir aydır ki, Azərbaycana gətirilən nəqliyyat vasitələri Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük buraxılış məntəqəsindən buraxılmır.
Mövcud problemlə bağlı izləyicimiz Avtosfer.az-a müraciət edərək videomaterial göndərib. Onun sözlərinə görə, Çindən gətirilən 1200-dən çox nəqliyyat vasitəsi sözügedən məntəqədə uzun müddətdir qalmaqdadır. Məntəqə əməkdaşları buna səbəb kimi sənədləşmə işində uyğunsuzluğun olduğunu bildirirlər. İzləyici, hətta daşıyıcı şirkətlərin gömrük əməkdaşlarına əlavə ödəniş təklif edilməsinə baxmayaraq avtomobillərin sərhəddən buraxılmasına icazə verilmədiyini qeyd edib.
Məsələylə əlaqədar hal-hazırda məntəqədə olan “AvtoAL” daşıyıcı şirkətinin rəhbəri İlqar Əliyev Avtosfer.az-ın sorğusunu cavablayıb. O bildirib ki, maşınların sərhəddən buraxılmamasına səbəb Qazaxıstanda sənədləşmə prosesinin düzgün aparılmamısıdır: “Əslində problem Qazaxıstan Respublikasından verilən icazə sənədindədir. Belə ki, daşıyıcı şirkətlərə təqdim olunan sənəddə avtomobillərin sürülərək məntəqədən keçə bilmələri qeyd olunub. Lakin pandemiya ilə əlaqədar quru sərhədlərinin bağlı olması avtomobil alıcılarının fərdi şəkildə maşınla hərəkətinə icazə vermir”.
İlqar Əliyev problemin qısa zamanda aradan qaldırılması istiqamətində işlərin aparıldığını vurğulayıb: “Qazaxıstan Respublikası problemin həlli üçün icazə sənədinə dəyişiklik edir. Bu halda avtomobillərin sərhəd məntəqəsindən buraxılacağı bildirilir”.
Nərmin