Banner

“Rusiya və Türkiyənin fikirlərinin üst-üstə düşməsi həllə dəstək oldu”

Avtoxəbər 12 Noyabr 2020 16:31 Oxunub 1114
“Rusiya və Türkiyənin fikirlərinin üst-üstə düşməsi həllə dəstək oldu”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və hərbi əməliyyatların dayandırılmasıyla bağlı üçtərəfli sazişdən sonra bəzi ölkələrin mövqeləri sadəcə olaraq təəccüb və təəssüf hissi doğurur. Fransa və Kanada kimi dünya siyasətində tanınmış ölkələr bu məsələdə birtərəfli və qərəzli mövqe tuturlar. Onların yanaşmasından belə görünür ki, 10 noyabra qədər olan vəziyyətin davam etməsində maraqlıdırlar. Fransa və Kanadanın Ermənistanla nə cür müttəfiqlik və dostluq münasibəti var ki, onun iflic vəziyyətinə düşməsi şəraitinin bərpa edilməsinə çağırış edirlər?”

Bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bu saziş Azərbaycan torpaqlarını işğaldan azad etməklə yanaşı, eyni zamanda Ermənistanın üzərindən böyük bir hərbi yükü götürdü: “Sənəd Ermənistanın normal şəkildə öz sərhədləri daxilində həyatına davam etməsi üçün şərait yaradıb. Fransa və Kanadanın birtərəfli mövqe tutması nə beynəlxalq hüquqa, nə də diplomatiyaya ənənələrinə uyğun deyil. Onların bu problemin həllində iştirakları heç vaxt olmayıb. Ancaq bununla belə problemin həllinə dəstək verən Türkiyənin iştirakına belə yanaşmaları hesab edirəm ki, Türkiyənin nüfuzuna kölgə salmaqdan başqa bir şey deyil. ATƏT-in Minsk qrupu formatı 30 il ərzində heç bir iş görmədi. Kanadanın özü də Dağlıq Qarabağ probleminin həllinə hər hansı bir töhvə verməyib. Bu problemin həlli onların xarici siyasətində önəmli yer tutmayıb. Onlardan fərqli olaraq Türkiyə bu problemin həllində maksimum dəstək göstərib. Türkiyə beynəlxalq hüququ və humanist siyasəti əsas götürüb. İndi artıq yeni bir reallıq yaranıb. Bu reallıq Cənab Prezidentin dediyi kimi 2+2 formatını önə çəkdi. Azərbaycan-Ermənistan, Rusiya və Türkiyə. Rusiya və Türkiyənin bu məsələdə fikirlərinin üst-üstə düşməsi problemin həllinə dəstək oldu. Fransa və Kanadadan fərqli olaraq, Rusiya və Türkiyə regionunun bir hissəsidirlər. Hər halda o iki ölkədən fərqli olaraq regionda problemin nə cür həll edilməsini yaxşı bilirlər.

Biz Fransanın və Kanadanın belə qərəzli münasibətinə təəssüflənirik. Onların problemi dərindən bilmədiyinin fərqindəyik. Hesab edirik ki, problem həll edildikdən sonra onlar məhz Türkiyənin bu prosesdə fəal iştirakının regionda sülhün və stabilliyin yaradılmasının əsas şərti olduğunu görəcəklər”. 

Qeyd edək ki, Fransanın Avropa və Xarici İşlər üzrə naziri və Kanada Xarici işlər nazirliyi Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanmış, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatdan sonra qərəzli açıqlamayla çıxış ediblər.  Fransanın mövqeyi ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində onun mandatına uyğun deyil. Fransa 30 il müddətində Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmayıb. İndi isə birtərəfli qaydada mövqe nümayiş etdirir. Bu müddət ərzində azərbaycanlı köçkünlərin taleyi Fransanı narahat etməyib. 

Kanadanın xarici işlər nazirinin verdiyi açıqlamada da ermənipərəst hisslər açıq şəkildə ifadə edilir. Onlar erməni xalqının yanında olduqlarını bəyan edirlər. Türkiyənin konfliktdən kənar durmasını vurğulayırlar. 

Regiondan çox uzaqda yerləşənlər, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında bölgə ölkələrindən daha çox maraqlı ola bilməz. Odur ki, hər iki ölkənin mövqeyi Azərbaycan ictimaiyyətində ciddi narahatlıq doğurur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh