Banner

ŞOK! Yük avtomobilləri ölümə bu cür şərait yaradır – FOTOFAKT

Avtoxəbər 15 Avqust 2014 01:42 Oxunub 2734
ŞOK! Yük avtomobilləri ölümə bu cür şərait yaradır – FOTOFAKT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük avtomobillərinin arxasında gizlənən ölüm təhlükəsindən xəbərdar olun; aidiyyatı qurumlar nəzarəti gücləndirməlidir

Ölkəmizin yollarında tez-tez minik avtomobillərinin asta gedən yük avtomobillərinə arxadan çırpılması ilə yol nəqliyyat hadisələri baş verir. Belə qəzaların nəticələri çox ağır olur, çünki nisbətən yüksək sürətlə hərəkət edən minik avtomobili asta gedən və ya dayanmış ağır yük avtomobilinə dəydikdə sürücü və sərnişinlər həmin yük avtomobilinin bort platformasına (kuzovuna) dəyərək çox vaxt ölümcül xəsarət alırlar. Lakin bəzi hallarda belə qəzalarda incə bir məqama diqqət yetirilmir. Əslində isə həmin məqam bu kimi qəzaların ağırlıq dərəcəsini əhəmiyyətli dərəcədə azalda bilir. Söhbət yük avtomobillərinin texniki təchizatının zəruri elementi olan ARXA MÜHAFIZƏ QURĞUSUNDAN gedir. Şəkillərdən də göründüyü kimi, arxa mühafizə qurğusu müxtəlif yük avtomobillərinin, onların qoşqu və yarımqoşqularının arxasına quraşdırılır. Bu qurğunun təyinatı ondan ibarətdir ki, minik avtomobilləri, mikroavtobuslar, kiçik yük avtomobilləri belə nəqliyyat vasitəsini arxadan vurarkən onun altına girməsin və ilk olaraq buferi ilə həmin qurğuya toxunsun.

Məlumdur ki, minik avtomobillərinin, mikroavtobusların, kiçik yük avtomobillərinin təhlükəsizlik sistemi buferdən başlanır. Buferin konstruksiyası elə düşünülüb ki, frontal zərbə zamanı bufer tədricən əzilərək (içəriyə doğru yoğurularaq) nəqliyyat vasitəsinin daşıdığı öldürücü kinetik enerjini əhəmiyyətli dərəcədə azaldır və beləliklə sürücü və sərnişinlərin sağ qalmaq şansını artırır. Bundan başqa, təhlükəsizlik yastıqlarının sensorları da buferdədir, buferin zərbəyə məruz qalmadığı halda həmin sensorlar işə düşmür və yastıqlar açılmır. Yük avtomobillərinin, onların qoşqu və yarımqoşqularının arxa mühafizə qurğusu isə yol səthindən orta hesabla 50 santimetr hündürlükdə onların bort platformasının (kuzovunun) ən arxa nöqtəsi səviyyəsində bu platformadan aşağıda  quraşdırılır. Kifayət qədər möhkəm metal konstruksiyaya malik olan bu qurğu elə yerləşdirilib ki, arxadan çırpılan minik avtomobili, mikroavtobus və ya kiçik yük avtomobili ilk olaraq buferi ilə həmin qurğuya dəyir. Bu zaman həmin qurğunun başqa bir unikal xüsusiyyəti də işə yarayır: bu qurğu özü də zərbədən sonra müəyyən dərəcədə deformasiyaya uğrayır, yəni əyilərək yük avtomobilinin altına doğru yerini dəyişir və arxadan çırpılan nəqliyyat vasitəsinin öldürücü kinetik enerjisini bir qədər də azaldır. Beləcə, bir tərəfdən çırpılan avtomobilin buferi, digər tərəfdən arxa mühafizə qurğusu öldürücü kinetik enerjini xeyli azaldır və sürücü və ya sərnişin yük avtomobilinin bort platformasına (kuzovona) çırpılsa da, daha zəif zərbə ilə çırpılır. Amma arxa mühafizə qurğusu olmadıqda minik avtomobilinin, mikroavtobusun və ya kiçik yük avtomobilinin qabaq hissəsi heç yerə toxunmadan yük avtomobilinin, qoşqu və yarımqoşqunun altına girir və bəzən çırpılma zamanı ilk toxunan yer alın şüşəsi olur. Bu isə faktiki olaraq o deməkdir ki, ilk zərbəni sürücü və qabaqda əyləşən sərnişinin başı alır. Nəticədə aşağı sürət olsa da, ölüm qaçılmaz olur.

Yollarımızda apardığım müşahidələr zamanı yük avtomobillərinin, onların qoşqu və yarımqoşqularının xeylisində arxa mühafizə qurğusunun olmadığını görürəm. Səbəb bunun mahiyyətini və təyinatını dərk etməyən sürücünün və ya sahibkarın xırda zədədən sonra həmin qurğunu çıxarıb atmasıdır. Amma unutmaq olmaz ki, bu qurğu insan həyatını xilas etmək kimi müqəddəs təyinata malikdir. Özü də “Yol hərəkəti haqqında” Qanuna 1 saylı Əlavəyə əsasən, konstruksiyasında arxa mühafizə qurğusu nəzərdə tutulan nəqliyyat vasitəsini bu qurğu olmadan istismar etmək yolverilməzdir. Buna görə 50 manat cərimə də nəzərdə tutulur. Bu qurğusu olmayan nəqliyyat vasitəsi texniki baxışdan keçirilməməlidir…

Hesab edirəm ki, sürücülər və sahibkarlar bunu nəzərə alacaqlar. Bu gün ölkəmizdə minlərlə iri yük avtomobili var. Onların çoxu maddi vəziyyəti yaxşı olan şirkətlərə, o cümlədən xarici şirkətlərə məxsusdur. Bu şirkətlərdən tələb olunmalıdır ki, təcili olaraq göstərdiyim qüsuru aradan qaldırsınlar. Onu aradan qaldırmaq, yəni arxa mühafizə qurğusu əldə edərək yerinə asmaq isə bir neçə dəqiqəlik işdir.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh