Sükan arxasındakı sərxoş qadınların sayı niyə artır? - ARAŞDIRMA

Avtoxəbər 12 May 2016 08:44 Oxunub 1891
Sükan arxasındakı sərxoş qadınların sayı niyə artır? - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Psixoloq: "Sərxoş qadınların sayı deyil, içib avtomobil sürən qadınların sayı artıb"

Əvvəllər Azərbaycanda qadınlar siqaret çəkdiyini, içki içdiyini cəmiyyətdən bir qədər gizlədirdisə, bu gün bundan bəziləri açıq şəkildə, heç də kişilərdən geri qalmayaraq istifadə edirlər. Hətta Azərbaycanda son vaxtlar içkili halda maşın idarə edərkən polisə yaxalanan qadınların sayı artıb. Bəs görəsən qadınlarımız niyə içir? Qadınların içkiyə üz tutmasının səbəbi nədir? Araşdırmalar zamanı məlum olub ki, alkoqola, siqaretə meyl edən qadınların əksəriyyəti tənhalıqdan əziyyət çəkənlərdir. Həyat yoldaşından boşanan, yenidən ailə həyatı qurmayan qadınlar bu risk qrupunda daxildir. Bundan əlavə, yüngül həyat tərzi keçirənlər də içki və siqaretdən çox istifadə edirlər. Psixoloq Dəyanət Rzayev Azərbaycan qadınları arasında alkoqolizm diaqnozunun kişilərə nisbətən az olduğunu qeyd edib: “Məsələ tək dinlə bağlı deyil, Qafqaz qadınlarında patriotizm olduğu üçün içkiyə meyllilik azdır, cəmiyyətdə də pis qarşılanır. Qadınların sərxoş vəziyyətdə sükan arxasına keçməsi isə o demək deyil ki, sərxoş qadınların sayı artıb. Sadəcə qadınlar indi daha çox açıq şəkildə içki qəbul edirlər. Üstəlik, qadınlarımız hər içkidən də istifadə etmirlər, onlar daha çox, likör, çaxır kimi içkiləri qəbul edirlər. Ümumiyyətlə, sərxoş qadınların sayı deyil, içib avtomobil sürən qadınların sayı artıb. Biz eyni zamanda hazırda dünyaya inteqrasiya edirik. Əgər əvvəllər qadınların avtomobil sürməsinə pis münasibət var idisə, indi bu normal qarşılanır. Həmçinin informasiya dövrüdür, indi cürbəcür içkilərin təbliğatı gedir. Bu da içkiyə meylliyin artmasına səbəb olur. Qadınların orqanizmi həssas olduğuna görə narkomaniya, alkoqolizm asılılığına daha tez düşə bilirlər”.

Psixoloq ümumiyyətlə, qadınların içki qəbul etməsinin əleyhinə olduğunu bildirib: “Qadın ümumiyyətlə spirtli içki qəbul etməməlidir. Çünki qadın orqanizmi ana orqanizmidir. Qadın gələcəkdə ana olmalıdır”. Tibb elmləri doktoru, professor Adil Qeybulla da vurğuladı ki, kişilərə nisbətən alkoqol daha çox qadın orqanizminə zərər yetirir: “Nəzərə alsaq ki, qadınlar hamilə qalırlar, südlə uşaq qidalandırırlar və s. alkoqol qəbulu onların orqanizminə daha çox zərrəli təsir göstərir. Və gələcəkdə doğulan uşaqların da taleyində bu öz mənfi təsirini göstərir. Ümumiyyətlə, hesab edirəm ki, alkoqol qəbulu müəyyən dozada ola bilər, yəni insanlar özlərini nəzarət edə bilsələr. Həddən ziyadə alkoqoldan istifadə insanı asılı vəziyyətə salır. Son vaxtlar qadınlarda da bu tendensiyanın artması müşahidə olunur. Təəssüflər olsun ki, bəzən bunun fərqində olmurlar”.

Adil Qeybulla onu da qeyd etdi ki, bu cür məsələlərin həlli kütləvi təbliğatdan asılıdır: “Kütləvi informasiya vasitələri ilə bunun zərərli səbəbləri, orqanizmə neqativ təsirləri, gələcək nəslə təsiri barədə təbliğat aparmaq lazımdır. Bu cür məsələlər araşdırılsa, konkret misallarla göstərilsə problem getdikcə həll olunar. Bu məsələnin həlli inzibati yolla deyil, təbliğatdan keçir. Vaxtilə ictimai qınaqlara tuş gələn məsələlər demək olar ki, aradan qalxır. Cəmiyyət, dəyərlər dəyişir, yeni iqtisadi münasibətlər yaradılır. Bütün bunlar təbii ki, ictimai proseslərdə və ictimai münasibətlərdə özünü göstərir”.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qadınlar arasında içkiyə meylliyin artması fikri ilə razılaşmadığını bildirdi: “Bunun geniş, kütləvi yayılması fikri mənə bir qədər təəccüblü görünür. Yəni aktualdırmı bu mövzu? Ola bilsin ki, gənclər arasında hansısa məclisdə qadınlar içə bilər. Amma ümumilikdə, şəxsən mənim ətrafımda olan qadınlar arasında içkiyə meylli olan yoxdur. Qadınlar hansısa qonaqlıqda, məclislərdə içməsi sovet dövründə də olub, indi də var. Biri var bayramları qeyd etmək, hansısa tədbirdə yüngülvari içmək, biri də var ki, ümumiyyətlə asılılıq yaratmaq. Siqaretə aludəçilik var, amma içkiyə bu qədər aludəçiliyi müşahidə etmirəm. Nəzər alsaq ki, ələlxüsus qadınlar arasında dindarlığa meyl artıb, içkiyə meylliyin aktual olduğunu düşünmürəm. Ola bilsin ki, sərxoş qadınların artması fikri avtomobil sürən sərxoş qadınların statistikası ilə bağlıdır. Onlar da müəyyən çevrəyə malik, məsələn şou-biznes adamlardır ki, tez-tez məclislərdə, klublarda olurlar, içkili halda avtomobil sürürlər. Amma bunu hər kəsə şamil etmək olmaz. Bu onların həyat tərzidir, hansısa qonaqlıqlar, açılışlar, tədbirlər olur, orda mütləq şəkildə görünürlər və yəqin ki, içkidən istifadə edirlər”.

 

Criminal.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh