Sürəyya və Leylanın “ölüm səfəri”nə çıxdığı avtomobilin dəhşətli - FOTOLARI
“Qafqazinfo”nun əməkdaşları bu gün bacıların yaşadığı binada olublar. Biz 3-cü mikrorayonda yerləşən binaya çatanda həyətdə xeyli insan- kişilər, qadınlar, uşaqlar, qocalar, hər kəs vardı. Öyrəndik ki, Leylanın atası Nazim kişi qızının nəşini məscidə yuyulmağa aparıb. Cəsəd oradan evə gətiriləcək, vidalaşmadan sonra özündən 3 gün öncə vəfat edən böyük bacısı Sürəyyanın məzarının yanında dəfn ediləcək.
Uzun illər ailə ilə yaxın olan və onları yaxından tanıyan qonşular bu faciədən dərin sarsıntı keçiriblər:
“Sürəyyanın dəfn olunduğu yer ailə üçün özəldir. Belə ki, Sürəyya rəhmətlik nənəsinin adını daşıyır. Onun nənəsi bir neçə il öncə sentyabrın 15-də, nəvəsi Sürəyyanın vəfat etdiyi tarixdə dünyasını dəyişib. Nəvə Sürəyya da nənə Sürəyyanın məzarının yanında dəfn olunub. Görünür, bizim Sürəyya nənəsinin təkcə adını yox, həm də taleyini özündə daşıyıb...”
Ailəni bu hüznə qərq edən hadisə isə bacıların işə gecikməsinə görə olub. Sürəyya valideynlərinə ilk dərs günü olduğu üçün Bakı-Sumqayıt yolu ilə getməyəcəyini, Novxanı yolundan istifadə edəcəyini deyib. Yaxşı tanımadığı bu yol isə onu yubadıb. İnsan resursları şöbəsində çalışdığı klinikaya çatmaq üçün tələsən Sürəyya yüksək sürətlə hərəkət edərək qarşısındakı maşını ötməyə çalışıb, bu zaman isə qarşıdan gələn yük maşını ilə toqquşub.
Sürəyya özü çata bilməsə də, bacısı Leylanı həmin klinikaya çatdırıb. Lakin Leyla bir neçə gün sonra elə oradaca canını tapşırıb...
Qeyd edək ki, ailənin 2 bacıdan başqa övladı olmayıb.
***
Bir neçə gün əvvəl Novxanı qəsəbəsi ərazisində Sumqayıtdan Bakıya işə gələrkən dəhşətli qəzaya düşən bacılardan ikincisi də bu gün vəfat etdi. Lent.az Sürəyya və Leyla Qəhrəmanova bacılarının qəzaya düşdüyü avtomobilin görüntülərini əldə edib. Hadisənin dəhşətini və məşumluğunu əks etdirən fotoları təqdim edirik.
Qeyd edək ki, sentyabrın 15-də saat 08 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Sürayyə Qəhrəmanovanın idarə etdiyi “Chevrolet Aveo” və Bakı şəhər sakini Kamran Məmmədovun idarə etdiyi “MAN” markalı yük maşını toqquşub. Nəticədə S.Qəhrəmanova hadisə yerində ölüb, onun 24 yaşlı bacısı Leyla isə əvvəlcə Kliniki Tibbi Mərkəzə, daha sonra isə işlədiyi özül xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Leylanın da həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.