Reklam

Sürmək üçün etibarnamə ilə “ayıq sürücü” xidmətindən istifadə etmək olar?

Avtoxəbər 26 Fevral 2015 00:25 Oxunub 6154
Sürmək üçün etibarnamə ilə “ayıq sürücü” xidmətindən istifadə etmək olar?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: “Nəqliyyat vasitəsinə sahibliyi olan adam maşının içindədirsə, maşını istənilən adam idarə edə bilər”

 

Rafael Cəbrayılov: “Mülkü etibarnamə ilə «ayıq sürücü» xidmətindən o halda yararlanmaq olar ki, sürücünün yanında olasan”

 

Vaqif Əsədov: “Əgər mülkü etibarnamədə maşını başqasına sürmək üçün icazə verilməsi yazılıbsa, "ayıq sürücü" xidmətindən istifadə edə bilər»

 

İşdə yorulmusunuzsa, halınız pisləşibsə, spirtli içki qəbul etmisinizsə və ya hər hansı başqa səbəblərə görə öz avtomobilinizin sükanı arxasına otura bilmirsinizsə «ayıq sürücü» xidməti sizin yardımçınız ola bilər. Bu xidmət dünyanın hər yerində var və həmin xidmətin sürücüsü göstərilən ünvan üzrə gəlib oradan dediyiniz yerə öz avtomobilinizdə sizi çatdıracaq. Lakin burada da bir problem yaranır ki, əhalinin çox hissəsi bu xidmətdən yararlana bilmir və bəzən məcbur qalıb sərxoş, xəstə, halsız olsa belə avtomobili idarə etməli olur. Bunun sonu isə qəza ilə nəticələnə bilər. Problem ondadır ki, vətəndaşların çoxu avtomobil alarkən “sürmək üçün” etibarnaməni üstün tuturlar. Bu zaman yol polisləri iddia edir ki, sürmək üçün etibarnamə ilə «ayıq sürücü» xidmətindən istifadə etmək olmaz. Məsələ ilə bağlı «Üç nöqtə»yə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, insanların nəqliyyat vasitəsinə bağlayan 5 sənəd var və onun 4-ü vətəndaşlara «ayıq sürücü» xidmətindən yararlanmağa icazə verir: «Birincisi, mülkiyyətin şəxsin öz adına olmasıdır. İkincisi, zamin müqaviləsi var. Üçüncüsü, etibarnamə var və həmin etibarnamə sərəncam vermək hüququnu da ehtiva edir. Dördüncüsü, etibarnamə sadəcə olaraq sürmək üçün verilib. Beşincisi, avtomobil hansısa şirkətin, idarənin və ya dövlət təşkilatınındırsa, hətta ona yol vərəqəsi verirlər. Yol vərəqəsini çıxmaq şərtilə qalan 4 halda nəqliyyat vasitəsini idarə edən adam Mülkü Məcəllənin tələbinə əsasən, həmin nəqliyyat vasitəsinin sahibliyini əldə etmiş olur. İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsi və «Yol hərəkəti haqqında» qanunun 37-ci maddəsi göstərir ki, nəqliyyat vasitəsinə sahibliyi olan adam maşının içindədirsə, həmin maşını idarə etmək hüququ olan istənilən adam maşını sürə bilər. Burada heç bir problem yoxdur. Bizim polislər daha çox deyirlər ki, sürmək üçün etibarnamə bunu ehtiva etmir. Xeyir, bunu düzgün demirlər».

Ekspert onu da bildirdi ki, yalnız bəzi fərdi hallarda «ayıq sürücü» xidmətindən yararlanmaqla bağlı problemlər ola bilər: «Kasko sığorta» müqavilələrində göstərilir ki, bu nəqliyyat vasitəsini yalnız bizim müqavilədə nəzərdə tutulmuş adam sürə bilər. Maşının sahibi sərxoşdur və maşınını idarə etmək üçün «ayıq sürücü» xidmətindən istifadə edir. Ayıq sürücü həmin şəxsi evinə aparanda qəza törətsə, casco sığorta bu zaman avtomobil sahibinə ödəniş etməyib deyəcək ki, bu bizim müqavilədə nəzərdə tutulmayıb. Yaxud, nəqliyyat vasitələri kreditdədirsə, yəni girov qoyulubsa, o zaman girov saxlayan müqavilə olmadan həmin nəqliyyat vasitəsini başqa heç kimə verə bilməz. Bu cür fərdi hallarda problemlər yarana bilər. Amma maşını sürmək üçün etibarnaməm varsa, «Kasko sığorta» məni maraqlandırmırsa, sərxoş vəziyyətdəyəm və «ayıq sürücü»dən yararlanıramsa və polis maşını saxlasa belə, heç bir cərimə yazıla bilməz. Hər şey qanuna uyğundur». Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılov isə bildirdi ki, etibarnamənin fəlsəfəsi ondan ibarətdir ki, hər hansı bu və ya digər əmlakın sahibi, yaxud daşıyıcısı özü şəxsən həmin məsələlərdə iştirak edə bilmədikdə, ya da iştirak etmək istəmədikdə o, bu hüququ başqasına verir: «Mülkiyyət sahiblik, istifadə və sərəncam hüququnun məcmusudur. Əgər avtomobilin sahibi onu baş etibarnamə ilə hər hansı şəxsə verirsə, o şəxsin həmin avtomobillə bağlı bütün əqdləri bağlamağa ixtiyarı var. Sata, bağışlaya, dəyişdirə bilər. O hətta hüququn bir hissəsini başqasına da verə bilər. Amma sürmək üçün etibarnamə alan şəxs o hüququ başqasına verə bilməz. Sürücülük hüququ verilən şəxs maşında özü olsa da, başqasına sürmək üçün verə bilməz. Avtomobil ona yalnız sürmək üçün verilib. Əgər avtomobili satan şəxsin ona etibarı daha çox olsaydı baş etibarnamə ilə verərdi. Yalnız sürmək icazəsi verilib və sürmək hüququnu başqasına verə bilmərəm. Mülki etibarnamə ilə «ayıq sürücü» xidmətindən yararlanmaq olmaz. Mülkü etibarnamə ilə «ayıq sürücü» xidmətindən o halda yararlanmaq olar ki, sürücünün yanında olasan”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da bildirdi ki, avtomobili yalnız sürmək üçün etibarnamə ilə alan şəxs «ayıq sürücü» xidmətindən yararlana bilməz: “Məz özümə məxsus maşını adi etibarnamə ilə kiməsə sürməyə vermişəmsə, o artıq maşını sürmək üçün kiməsə verə bilməz. Bu, nəqliyyat vasitəsi sahibinin icazəsindən asılıdır. Əgər “başqa şəxsə nəqliyyat vasitəsinin idarə edilməsinə etibar edirəm” sözü varsa, deməli, o da başqa adama maşını sürməyə verə bilər. Hər şey vəkalətnamədə yazılanlar əsasında öz həllini tapır. Baş etibarnamədə heç nə yazılmır, çünki bu, bütün hüquqları özündə ehtiva edir. Əgər mülki etibarnamədə maşını başqasına sürmək üçün icazə verilməsi yazılıbsa, o «ayıq sürücü» xidmətindən istifadə edə bilər, yazılmayıbsa, yox”.

 

Aygün Asimqızı,

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh