Sürücülər qış öncəsi bunları MÜTLƏQ ETMƏLİDİR
Ənənəvi olaraq, avtomobil sürücüləri qış öncəsi nəqliyyat vasitələrinin mövsümə hazırlığını yoxlamaq üçün müxtəlif tədbirlər görür. Mütəxəssislər xəbərdarlıq edir ki, vaxtında avtomobillərə düzgün texniki baxış keçirilərsə və lazım olan əlavə tədbirlər görülərsə, qış fəslinin yaradacağı çətinliklərdən sürücünün də, avtomobilin də asanlıqla çıxması mümkün olar. Həmçinin pis hava şəraitində yol qəzalarının da sayının xeyli azalmasına zəmin yaranar.
Mövzu ilə bağlı danışan təcrübəli avtomobil təmirçisi Xəyyam Səlimov bildirib ki, sürüclər qışa az qalmış bəzi ehtiyat hissələri və detalların sazlığına diqqət yetirməlidir:
“Avtomobilin qışa hazırlığı üçün bir sıra tədbilərin görülməsi mütləqdir. İlk öncə şinlərin (təkərlərin) buzlaşma və güclü qar yağışı zamanı davamlığı təmin edilməlidir. Bunun üçün də qış təkərlərinə keçmək tövsiyə edilir. Qış təkərləri ilə paralel olaraq, maşının ön və arxa ötürücülərinin sazlığına diqqət etmək lazımdır.
Əksər sürücülər yay aylarında mineral yağlardan və yaxud yarımsintetik yağlardan istifadə edir. Qış aylarında maşınların bu şəkildə işləməyi doğru deyil. Havalar soyuyanda sürücülərin yalnız tam sintetik yağlardan istifadə etməyi məsləhət görülür. Bu mühərrikin bir startdan işə düşməsini təmin edəcək".
Usta, həmçinin deyib ki, mühərrikin donmaması üçün antifriz maddəsi mütləq dəyişdirilməlidir:
“Mühərrikdə yaranan donmanın qarşısnı almaq üçün antifriz maddəsi dəyişilməlidir. Qış mövsümü gələn zaman antifrizi tamamilə dəyişmək mütləqdir. Ola bilsin ki, sürücü yay aylarında buxarlanma olduğu üçün onun üzərinə su əlavə edə bilər. Belə olan hallarda qışda dəyişsələr daha yaxşı olar. Hərə öz ustasına yaxınlaşıb, antifrizin tərkibini yoxlatdırmalıdır.
Antifriz madddəsinin neçə dərəcədə donması xüsusi aparatla ölçülür. Normada bu maddə ən azı 10-20 dərəcəyə qədər şaxtaya dözümlü olmalıdır. Əgər standartlara uyğun deyilsə, donmağa həssas olan maddə tamamilə mühərrikdən çıxarılmalıdır".
(yeni.sabah)