"Sürücülər var ki, xaşla araq içib sükan arxasına keçir"

Avtoxəbər 22 Noyabr 2016 20:21 Oxunub 1630
"Sürücülər var ki, xaşla araq içib sükan arxasına keçir"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Bir çox sərnişindaşıma şirkətlərinin avtobus parkı mövcud deyil"

Sərnişindaşıma ilə məşğul olan şirkətlər xüsusi avtobus parkları və tibb məntəqələri təsis etməlidir. Bunu sherg.az-a avtobus sürücülərinin tibbi müayinədən keçmələri məsələsindən danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib. Onun sözlərinə görə, sürücülərin xəstə halda xəttə çıxması yolverilməzdir: "Avtobus sürücüləri gün ərzində yüzlərlə insana xidmət edir, sərnişinlərlə təmasda olur. Sürücülərin müayinəsi üçün xüsusi poliklinikanın yaradılmasına ehtiyac yoxdur. Bu işlə məşğul olan şirkətlərin qarajları olmalıdır və hər bir sürücü həmin qarajlarda onlar üçün yaradılan tibb məntəqələrində müayinədən keçməlidir. Sürücünün xəstəliyi ortaya çıxarsa, onda həmin sürücü həkim məsləhəti ilə xəttə çıxmayacaq. Sağlam olduqda isə ona xəttə çıxa bilməyini təsdiq edən arayış veriləcək. Sürücüləri yol polisi saxladıqda tələb etdiyi sənədlər arasında həmin tibbi arayışlar da ola bilər.  Bəzən şahidi oluruq ki, sürücülər xəstə vəziyyətdə avtobusu idarə edir. Hər hansı dayanacaqda tibb işçiləri sağlamlıq haqqında arayışı sürücüyə 1-2 manatdan, avtobusun pəncərəsindən satır. Bu kimi biabırçı vəziyyətlərin aradan qaldırılması məqsədilə sürücülərin müayinəsi üçün ciddi addımların atılması sevindiricidir”

E.Muradlı onu da əlavə edib ki, bir çox sərnişindaşıma şirkətlərinin avtobus parkı mövcud deyil: "Ona görə də, sürücülər avtobusları evlərinin qarşısında saxlayır. Yəni avtobusların dezinfeksiyası da həyata keçirilmir. Sürücülər var ki, işə çıxmazdan əvvəl, səhər tezdən xaşla spirtli içki içib, avtobusu idarə edir. Belə halların qarşısının alınması üçün sərnişindaşımanın vahid mərkəzdən idarə olunması önə çəkilir. Bu işlə məşğul olan sürücülərin üzərinə ciddi məsuliyyət düşür”.

Qeyd edək ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev ictimai nəqliyyatda çalışan sürücülərin hər gün tibbi müayinəsi üçün Nazirlər Kabineti yanında xüsusi komissiyanın yaradıldığını deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh