Banner

Sürücünü qovmaq lazımdırmı və ya olarmı?

Avtoxəbər 29 Yanvar 2015 23:59 Oxunub 4369
Sürücünü qovmaq lazımdırmı və ya olarmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi sürücünü təqib edərkən incə məqamlara diqqətlə yanaşmalıdır

Bəzən Azərbaycan cəmiyyətində sürücülər belə düşünürlər ki, yol polisləri qaçan sürücüləri təqib etməməlidir. Hətta, əsas kimi bu məqama diqqət çəkirlər ki, onsuz da maşının nömrəsi var, gəlib sürücünü evində tapıb cəzalandırmaq olar. Amma bir mühüm məqam yaddan çıxır. Tutaq ki, sürücü sərxoşdur və ya hansısa psixotrop, narkotik maddənin təsiri altındadır. Yol polisindən qaçan sürücünü isə iki-üç gün sonra tapmaq mümkün olur. O zaman sürücüyə necə sübut etmək olar ki, sərxoş idin və ya narkotik qəbul etmişdin?

Odur ki, yol polisinin təqib məsələsinə əksər hallarda haqq qazandırmaq olar. Bir şərtlə ki, təqib zamanı qayda-qanuna və təhlükəsizlik qaydalarına riayət olunsun. Ümumiyyətlə, yol polisi sürücünü təqib edərkən incə məqamlara diqqətlə yanaşmalıdır. Ən əsası isə normal sürücü niyə qaçmalıdır?

Dünyanın müxtəlif ölkələrində təqib məsələsinə müxtəlif yanaşmalar var. Son zamanlar qardaş Türkiyədə də polisdən qaçan sürücünün maşınını vurub yoldan çıxarmaq və ya sürücüyə atəş açmaq hallarına rast gəlinir. Amerikada vəziyyət tamam başqa cürdür. Orada polisdən qaçan sürücüyə dərhal atəş açmaq, maşını vurub əzmək halları geniş yayılıb. Ümumiyyətlə, yol polisi sürücünü saxladıqda onun maşından düşməsinə imkan verilmir. Əllər sükanın üstündə olmalıdır. Yerə düşdükdə isə sürücünü üzü maşına tərəf qoyub ayaqlarını çiyin bərabərində aralayırlar, əllər isə maşının damının üstündə və ya boyun ardında olur.

Əlbəttə, Azərbaycanda mental xüsusiyyətlər nəzərə alınaraq insanları, sürücüləri ləyaqəti alçaldan bu cür hərəkətləri etməyə məcbur etmirlər. Amma sürücülər də gərək başqalarının, özlərinin həyatını təhlükəyə atıb qaçmağa meyl etməsinlər. Əslində, qaçmaq vəziyyəti daha da ağırlaşdırır. Dayanmaqla məsələni istənilən halda normal yolla həll etmək mümkündür. Mental xüsusiyyətləri nəzərə alsaq, bu gün yol polisi ilə «dil tapmaq» o qədər də çətin deyil. Amma sürücü polisdən qaçırsa, ona qarşı humanist hərəkətlər arxa plana keçir və ən ağır cəzalar tətbiq olunur. Bütün hallarda, uduzan yenə də sürücü olur.

Yol polisindən qaçıb xeyir görən varsa, deyin, biz də tanıyaq. Qaçanın axırı ya ağır cərimələr, ya inzibati həbs, ya da kimisə vurub öldürmək, yaralamaq olur ki, bunun da sonu uzunmüddətli həbsdir. Qaçan sürücülərə əksər hallarda ona görə inzibati həbs verilir ki, qaçarkən sürücü avtoxuliqanlıq əlamətləri ilə müşaiyət olunan hərəkətlər edir. Və təcrübədə də görürük ki, haradasa qoşa xətti tapdalayan, nişanın tələbini pozub 50-100 manatlıq məsuliyyət yaradan sürücülər qaçarkən elə əməllər törədirlər ki, onun maddi cəzası 500-1000 manat, mənəvi cəzası isə inzibati həbslə bitir. Odur ki, seçim sizindir. Baxın görün, qaçmaq yaxşıdır, yoxsa yol polisinin «saxla» əmrinə tabe olub dayanmaq?

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh