Banner

Taksi sürücüləri yenidən hədəfdə

Avtoxəbər 29 Yanvar 2015 22:09 Oxunub 2020
Taksi sürücüləri yenidən hədəfdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Qanuni şəkildə taksi fəaliyyəti ilə məşğul olan şəxslərə işləməyə şərait yaradılmalıdır»

 

Müzəffər Baxışov: «Qanunsuz yolla sahibkarliq fəaliyyəti ilə məşğul olanların fəaliyyətinin leqallaşdirilmasının qanuni yolu var»

 

Paytaxtda sərnişindaşıma sahəsində qayda-qanun yaradılması istiqamətində görülən inzibati tədbirlər nəticə vermir. İritutumlu avtobuslar gətirilsə də, «London taksi»ləri şəhər küçələrində şütüsə də, ənənələr dəyişməyib. Bu gün də şəhərdə taksi fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərə rast gəlmək olur. Həmçinin, xeyli fərdi sahibkar taksi fəaliyyəti ilə məşğul ola bilir. Amma artıq deyəsən, Nəqliyyat Nazirliyi daha ciddi tədbirlər görmək niyyətindədir. Bu istiqamətdə tədbirlər görən Nəqliyyat Müfəttişliyinin əməkdaşları bəzən qanunlar çərçivəsindən də kənara çıxır. İndiyədək dəfələrlə nəqliyyat müfəttişlərinin qanunsuz əməlləri ilə bağlı mətbuatda yazılar gedib. İki gün əvvəl isə müfəttişlərlə sürücü arasında yaranmış münaqişə nəticəsində “20 Yanvar” dairəsinin yaxınlığında 39 yaşlı sürücü Arzuman Hümbətov üstünə benzin tökərək özünü yandırıb. O, yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib. Arzuman Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb, vəziyyəti ağırdır. Hadisə şahidlərinin dediyinə görə, Arzuman Hümbətov Nəqliyyat Nazirliyinin müfəttişlərinə etiraz olaraq bu addımı atıb.

Artıq yaxın aylarda paytaxtda fərdi taksi fəaliyyəti ilə məşğul olmağın mümkünsüz olacağı bildirilir. Belə ki, I Avropa Oyunları ərəfəsində paytaxta yeni «London təksi»ləri gətiriləcək. İlkin olaraq Bakıya 300 ədəd yeni taksi gətirilib. Onlardan 200-nə dövlət nömrəsi alınıb. Fevralın sonu - martın əvvəlində daha 200 ədəd maşın ölkəyə daxil olacaq və hazır vəziyyətə gətiriləcək. Bu taksilər gəldikdən sonra digər taksilərin fəaliyyətinin məhdudlaşdırılması işi aparılacaq ki, burada da yenə əsas məsuliyyətin nəqliyyat müfəttişlərinin üzərinə düşəcəyi ehtimal edilir. Demək, qarşıdakı aylarda Arzuman Hümbətov kimi özünə qəsd edənlərin sayı arta bilər. 

 

Məsələyə münasibət bildirən hüquqşunas Müzəffər Baxışov hesab edir ki, indiyədək nəqliyyat müfəttişləri əməllərinə görə cəzasız qaldıqları üçün bu hallar artır: «Nəqliyyat müfəttişlərinin müəyyən səlahiyyətləri var. Onlar vergidən yayınan şəxslərin vergiyə cəlb edilməsi üçün tədbir görə bilər. Amma onlar bunu qanuni yolla icra etməlidir. Onların yalnız qanuni göstərişləri nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yerinə yetirilməlidir. Hazırda isə nəqliyyat müfəttişləri öz sahəliyyətlərini qanunsuz yola yerinə yetirir və onların əməllərində cinayət tərkibi var. Şəxs də törətdiyi əmələ görə cəzalandırılmayanda qanunsuz hərəkətlərini də davam etdirir. Vətəndaşlar da yaradılmış şəraitdən istifadə edib, haqsızlıqla üzləşdikləri zaman lazımi orqanlara şikayət etməlidir». 

Hüquqşunasın sözlərinə görə, qanunsuz yolla sahibkarlıq fəaliyyəti ilə məşğul olanların fəaliyyətinin leqallaşdırılmasının qanuni yolu var: «Həmin şəxslərə əvvəlcə xəbərdarlıq etmək, sonra inzibati məsuliyyətə cəlb etmək olar».

 

Hüquqşünas Ərşad Hüseynov isə o qənaətdədir ki, vəziyyətin dəyişməsi üçün ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşür: «İctimaiyyət olaraq biz rastlaşdığımız hər hansı qanunsuzluğa reaksiya verməli və faktın ictimailəşməsinə çalışmalıyıq. Əlbəttə, bu məsələdə mətbuatın, telekanalların üzərinə də məsuliyyət düşür. Media, televiziya bu problemləri daim işıqlandırmalı, ictimailəşdirməlidir. Belə olarsa, əlaqədar dövlət qurumları, məmurlar, icra hakimiyyəti başçıları, hətta nazirlər də qanunsuz əməllərdən çəkinər, tabeliklərində olanları da cəzalandırarlar».

Ərşad Hüseynov deyir ki, məsələyə inzibati metodlarla yanaşdıqda problem daha da böyüyəcək: «Nəqliyyat Nazirliyi bu sahədə dövlət siyasətini müəyyənləşdirən orqandır. Bu dövlət orqanı sadəcə nəqliyyat sahəsində vəziyyəti tənzimləyəcək qaydalar müəyyənləşdirməlidir. Bu gün fərdi sahbkarların taksi fəaliyyəti ilə məşğul olması üçün hər hansı rəsmi qadağa yoxdur. İstənilən şəxs müvafiq lisenziya əldə etdikdən sonra belə fəaliyyətlə məşğul ola bilər. Belə olan halda insanlara demək olmaz ki, şəhərdə taksi fəaliyyəti ilə məşğul olmaq üçün ancaq «London taksi»ləri işlətmək lazımdır. Ola bilər ki, bir nəfər qanuni şəkildə işləyir və gündə qanuna uyğun olaraq 5-6 manat vergi verir, amma 20-30 manat qazanır. Buna kimsə irad tuta bilməz. Qanuni şəkildə taksi fəaliyyəti ilə məşğul olan şəxslərə işləməyə şərait yaradılmalıdır. Əgər bu olmayacaqsa və inzibiti yolla nəyisə dəyişməyə cəhd edəcəklərsə, ötən gün olduğu kimi xoşagəlməz hallar artacaq. Çünki insanın yeganə çörək qazandığı iş yerini onun əlindən almaq olmaz». 

Məsələyə münasibət bildirən Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənovun sözlərinə görə, Nazirlik qanunla müəyyən olunmuş çərçivədə xidmət göstərilməsinə tərəfdardır: «Məhz bu məqsədlə taksi sürücüləri öz fəaliyyətlərini qanuniləşdirmək üçün xüsusi icazələrin alınması üçün müraciət etməlidirlər. Sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə qanunsuz xidmət göstərən taksi və avtobus sürücülərinə münasibətdə reydlərə başlanır. Reydlər habelə qanunsuz sərnişin daşıyan kiçik tutumlu avtobusların sürücülərinə qarşı da aparılır. Özünü yandıran şəxs taksi sürücüsü deyil, Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsüdür. O, qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan "Ford" markalı avtobusun sürücüsüdür. İnsident Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reyd zamanı baş verib. Həmin sürücüyə qanunsuz fəaliyyətlə məşğul olduğu bildirilib. Lakin təəssüflər olsun ki, belə bir insident baş verib. Bizdə olan məlumata görə, sözügedən sürücü hər zaman özü ilə benzin gəzdirir, səbirsiz insandır. Hazırda polis məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparılır». 

 

 

Xalid

Ucnoqta.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh