Taksi sürücüsü rəisin qarşısında damarlarını doğradı
Bərdə şəhər sakini, 1993-cü il təvəllüdlü Nahid Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bundan əvvəl Nahid Əmirov oğurluq etdiyi üçün Yevlax Rayon Məhkəməsində ittiham olunub. Məhkəmənin 20 avqust 2013-cü il tarxili hökmü ilə Nahid Əmirov 500 manat muqdarında cərim olunub. İttihama görə, Nahid Əmirov 23 may 2014-cü ildə, saat 21 radələrində idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Yevlax şəhəri, Nizami prospekti ilə hərəkət edib. Bu zaman avtomobilin təkər bazasını və təkər düsturunu pozaraq İnzibati Xətalar Məcəlləsinin 155.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün Yevlax rayon polis şöbəsinin dövlət yol polisi xidməti bölüyünün inspektoru, polis serjantı Sevindik Şükürov tərəfindən ona “saxla” işarəsi verilib. Nahid Əmirov avtomobili saxlasa da, dövlət yol-patrul xidmətinin baş inspektoruŞ, polis baş leytenantı Azər Həsənov və polis serjantı Sevindik Şükürovun sənədləri təqdim etməsi barədə qanuni tələblərinə məhəl qoymayıb. O, heç bir sənəd təqdim etməyərək Sevindik Şükürova “sən kimsən ki, məni saxladırsan, nə zibilsən ki, sənə sənəd təqdim edim, rədd ol” sözlərini deyib. Daha sonra Nahid Əmirov polis əməkdaşlarını nalayiq və kobud ifadələrlə söyüb. Sonradan hadisə Yevlax rayon polis şöbəsinin DYPXB-nin rəisi, polis mayoru Cavanşir Vəliyevin də onu nizam-intizama cağırışlarına məhəl qoymayıb. Nahid Əmirov avtomobilindən bir ədəd 0,5 litrlik “Xırdalan” pivəsinin boş butulkasını götürüb və yerə çırpıb. O, butulkanın sınmış hissəsini götürərək polis əməkdaşlarını hədələyib. Nahid Əmirov polislərə deyib ki, rədd olub çıxın burdan gedin, yoxsa hamınızı kəsib-doğrayaram. İstintaq orqanı Nahid Əmirovu Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham edib. Cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib. Uzun sürən məhkəmə araşdırması aparan hakim sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Nahid Əmirov Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə təqsirli bilənərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan ittiham sübuta yetirilməyib və həmin maddə ittihamdan xaric edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək, təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib. Həmiçinin Nahid Əmirov da cəzasının yüngülləşdirilməsi barədə apelyasiya şikayəti verib. Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bundan əvvəl Nahid Əmirovun işi üzrə apelyasiya instansiyasında araşdırma aparılıb. 8 aprel 2015-ci il tarixdə prokurorluğun protesti qismən təmin edilib. Hakim kollegiyasi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilib və 1 il 5 ay 8 gün müddətinə azadlıqdan məhrum edib. Prokurorluq məhkəmənin qərarından narazı qalaraq kasasiya protesti verib. Ali Məhkəmədə işə baxan hakimlər kasasiya protestini təmin ediblər və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər. Bu dəfə apelyasiya şikayəti hakim Vidadi Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
“Narazılıq etdim”
Məhkəmədə ifadə verən Nahid Əmirоv ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilİB. O, bildirib ki, baş etibarnamə əsasında özünə məxsus olan, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı 10-KJ-038 dövlət qeydiyyat nişanlı, taksi kimi işlətdiyi avtomobillə mayın 23-də, saat 21 radələrində Yevlax şəhəri Nizami prospekti ilə Gəncə şəhəri istiqamətində hərəkət edib: “Bu zaman sinif yoldaşım Çingiz əl edəndən sonra avtomobili saxladım. Həmin vaxt dayın oğlu Tural İbrahimov yanımda olub. Maşını saxlayanda “Hyundai Tucson” markalı yol polisi maşını orada idi. Bu zaman Azər Həsənov və Sevindik Şükürov adlı polis əməkdaşlarının mənə saxlamağı işarə etdilər. Maşını saxlayanda “BMW” markalı başqa bir yol polisi maşını da qabağımda saxladı. Mən Çingizlə söhbət edəndə “BMW” markalı polis maşınından düşən Yevlax rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Cavanşir Vəliyev mənə yaxınlaşdı və maşının açarlarını istədi. O, avtomaşınının arxa “qənədlərinin” niyə rənglənmədiyini soruşdu. Pulum olmadığına görə avtomaşını rənglədə bilmədiyimi dedim. Sonra “Cavanşir müəllim, onsuz da sən məni bezdirmisən, canımı boğazıma yığmısan” deyə narazılıq etdim”.
“Qolumu bir neçə yerdən kəsdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, maşınının sağ tərəfdən ayaqaltında olan boş “Xırdalan” pivəsinin butulkasını götürüb və yerə vuraraq sındırıb: “Butulkanın sınıq hissəsini sağ əlində tutaraq, sol qolumu bir neçə yerdən kəsdim. Özümün qolunu kəsməkdə məqsədim Cavanşir və onun yanında olan digər polis əməkdaşlarını qorxutmaq, özümdən uzaqlaşdırmaq olub. Eyni zamanda, avtomobilin sənədləri olmadığına görə bu yolla onlardan yayınmaq istəmişəm. Buna baxmayaraq Cavanşir Vəliyev və adlarını çəkdiyim digər polis əməkdaşları əlimdəki butulkanı aldılar, özümü isə Yevlax rayon polis şöbəsinə apardılar. Hadisə vaxtı pivə butulkasını sındırsam da, heç bir polis əməkdaşına hücum etməmişəm, onları vurmaq fikrində olmamışam. Eyni zamanda, hadisə vaxtı ətrafdan tanımadığım şəxslər keçərək hadisənin şahidi olublar. Lakin həmin vətəndaşlara qarşı da heç bir zorakı hərəkət və ya hörmətsizlik etməmişəm. Hesab edirəm ki, heç kəsə qarşı qərəzli xuliqanlıq hərəkətləri etməmişəm, özüm öz qoluma xəsarət yetirmişəm. Məndə əsəb pozuntusu olub və yol polisi əməkdaşlarının tələbi məni əsəbləşdirdiyinə görə özümü bir qədər aqressiv aparmışam”.
“Sənədləri verməkdən imtina etdi”
Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə verən Yevlax rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru vəzifəsində işləyən Sevindik Şükürov bildirib ki, mayın 23-də, saat 21 radələrində yol-patrul xidməti baş inspektoru Azər Həsənovla birlikdə xidməti “Hyundai Tucson” markalı avtomobillə Yevlax şəhəri, Nizami prospektində xidmətdə olub. Bu zaman “VAZ-2107” markalı avtomobilin zavod konstruksiyasında dəyişikliyin olduğuna görə həmin avtomobilə “saxla” işarəsi verdim. Sürücü Nahid Əmirova yaxınlaşaraq özümü təqdim edəndən sonra törətdiyi qayda pozuntusunu izah edib, sənədlərini təqdim etməsini xahiş etdim. Nahid Əmirov isə məni nalayiq söyüşlər söydü. O, qanuni tələbimə tabe olmayaraq avtomobilə aid sənədlərini təqdim etməkdən imtina etdi. Nahid Əmirovu intizama dəvət edərək bir daha sənədlərini təqdim etməsini xahiş etdim. Amma Nahid Əmirov hərəkətlərini davam etdirərək avtomobilini sürüb gedəcəyini, heç bir sənəd təqdim etməyəcəyini söylədi. O, mənə qarşı deyilməsi mümkün olmayan nalayiq ifadələr işlətdi”.
“Məni hədələməyə başladı”
Zərərçəkmişin sözlərinə görə, polis baş leytenantı Azər Həsənov Nahid Əmirovun hərəkətlərini gördüyündən yaxına gəlib və irad bildirib: “Azər Həsənov da Nahid Əmirovu nizam-intizama dəvət etdi. Həmin anda oradan keçən dövlət yol polisi bölməsinin rəisi Cavanşir Vəliyev də yaxınlaşdı və Nahid Əmirovu sakitləşdirməyə çalışdı. Nahid Əmirov isə daha da qızışaraq azğınlaşdı və bu dəfə hamımızı söydü. Nahid Əmirov “məni saxlayan p.. yeyir, sizin pоqonunuzu sökdürəcəm, nə itsiniz ki, məni saxladıb sənəd istəyirsiniz, maşın mənimdir, qabağını qaldırıram, haqq edirəm", sözlərini dedi. Cavanşir Vəliyev ona irad bildirərək sakit olmasını tələb etdi. Bu zaman Nahid Əmirov avtomobildindən “Xırdalan” pivəsinin boş butulkasını götürərək sındırdı. O, polis mayoru Cavanşir Vəliyevi, polis baş leytenantı Azər Həsənovu və məni hədələməyə başladı. Bildirdi ki, buradan getməsək, hamınızı doğrayarayacam. O, sonra əlində butulka sınığı ilə üzərimizə gəldi və daha sonra həmin butulka sınığı ilə özünün sol qolunu kəsdi. Tez bir zamanda imkan edərək Azər Həsənovla Nahidi zərərsizləşdirdik. Sonra isə avtomaşını ilə birlikdə rayon polis şöbəsinə apardıq”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan digər polis əməkdaşları da Sevindik Şükürovun ifadəsinə uyğun danışıblar. Nahid Əmirovun vəkili Sevda Bəkirova bildirib ki, zərər çəkmiş şəxslərin məhkum Nаhid Əmirоvdаn heç bir şikayət yoxdur: “Nahid Əmirov əməlindən səmimi peşmandır. O, məcburi köçkündür, аztəminаtlı аilədəndir, himаyəsində xəstə аnаsı vаr. Nahid Əmirov аilənin yegаnə qаzаnc gətirən üzvüdür və səhhətində ciddi prоblemlər vаr”.
Dövlət ittihamçısı Vidadi Cabbarov Yevlax Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, Nahid Ə,mirovun Cinayət Məcəlləsinin 221.3 və 315.2-ci maddələri ilə cəzalandırılmasını istəyib.
Tərəflərin fikirlərini dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Nahid Əmirovun apelyasiya şikayəti təmin edilməyib. Amma prokurorluğun protesti qismən təmin edilib və Yevlax rayon Məhkəməsinin hökmü ləğv edilərək, yeni hökm elan edilib. Məhkəmənin hökmü ilə Nahid Əmirovun barəsində 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsinin 1 oktyabr 2015-ci il tarixli qərarı ilə Nahid Əmirov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. Apelyasiya instansiyası hökm elan edərkən həmin qərarı nəzərə alıb. Buna görə də Nahid Əmirov 6 ay 12 gün əlavə cəza çəkməli olacaq. O, məhkəmə zalında həbs edilib.