Taksi tələbindən sonra sükanların sağdan sola “yerdəyişməsi”: İdxalda qadağa var? - VİDEO

Avtoxəbər 2 Aprel 2024 23:19 Oxunub 516
Taksi tələbindən sonra sükanların sağdan sola “yerdəyişməsi”:  İdxalda qadağa var? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Taksi xidməti ilə bağlı yeni tələblərdən sonra ekonom və ili qismən təzə avtomobillərin ölkəyə ixracında ciddi artım müşahidə olunur. Bu qəbildən olan avtomobillər, əsasən, Gürcüstan, ABŞ, Cənubi Koreyadan və Dubay şəhərindən ölkəmizə gətirilir. Həmin avtomobillərdən bir qismində sükan mexanizmi solda yox, sağda olur. Həmin avtomobillərin Azərbaycan ərazisində sürülməsi qadağan olduğundan, həmin maşınların sükanları sağdan sola keçirilir.

Bəs həmin avtomobilləri ölkəyə gətirənlər sənədləşmə mərhələsində hansısa problemlə üzləşirlərmi? Bu tip avtomobillərin texniki baxış zamanı hər hansı problem ola bilərmi?

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-ın sorğusunu cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsinin əməkdaşı Mübariz Ağayev bildirib ki, qanunvericiliyin tələbinə əsasən, ölkəmizdə qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına dair qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır:

Yol hərəkəti haqqında” Qanununun tələbinə əsasən, sükanı sağ tərəfdə olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və dövlət qeydiyyatından keçirilməsi qadağandır”.

Bu tip avtomobillərin texniki baxışdan keçirilməsi məsələsinə gəlincə isə M.Ağayev qeyd edib ki, bu məsələ də qanunvericiliklə tənzimlənir:

“Qanunvericiliyin tələbinə əsasən, dövlət texniki baxışına təqdim olunan nəqliyyat vasitələrinin texniki vəziyyəti qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydalarının, normativlərinin, standartlarının tələblərinə müvafiq olmalıdır. Nəqliyyat vasitələrinin sahibləri və ya səlahiyyətli olan şəxslər onlara məxsus nəqliyyat vasitələrini dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludurlar”.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, sükanı sağdan sola keçirilən avtomobillərin ölkəyə gətirilməsində hər hansı qadağa yoxdur.

“Gömrükdə önəmli olan sənəddir. Əgər avtomobilə aid olan sənəddə onun sükanının solda olması yazılıbsa, onun ölkəyə gətirilməsində hər hansı qadağa və ya məhdudiyyət yoxdur. Qanunvericiliyə görə, yalnız sükanı sağda olan avtomobillər ölkəyə buraxılmır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh