Ucuz avtomobillərə maraq artıb - “Hyundai”, “KİA”, “Toyota” satılmır
«Maşın bazarında vəziyyət mənfiyə doğru inkişaf etməkdədir. Bu həftə bazarda 20, gələn həftə 30 avtomobilin satılması canlanma anlamına gəlmir, bunlar nisbi məsələlərdir. Hazırda maşın bazarında dəyişiklik müşahidə olunmur, bunun üçün əsas da yoxdur”. Bu sözləri Modern.az saytına ekspert Ramil Osmanlı ölkədəki avtomobil bazarının mövcud vəziyyətini şərh edərkən deyib. O problemin çətin iqtisadi şərtlərdən qaynaqlandığını vurğulayıb: “Nəzərə alaq ki, indi əhali maşın almaq yox, daha çox gündəlik istehlak malları, zəruri tələbatları, məişət problemləri haqda düşünür, o halda avtomobilə marağın niyə kəskin şəkildə azaldığını söyləyə bilərik. Vəziyyətin pisəşməsi həm yeni, həm də ikinci əl avtomobil alqı-satqısında özünü göstərməkdədir”.
Ekspert bildirib ki, ölkəyə idxal edilən avtomobillərin sayında kəskin azalma var: “2014-cü ildə Azərbaycana idxal olunan ümumi avtomobillərin sayı təqribən 60 minə yaxın olub. Bu rəqəm özündən əvvəlki illə müqayisədə 40 faiz aşağı idi. 2015-ci ilin 11 aylıq rəqəmlərinə istinadla deyə bilərəm ki, idxal edilən avtomobillərin sayı 34-35 min arasında dəyişir. Bu da əvvəlki illə müqayisədə 35 faiz azalma deməkdir. 2015-ci ilin statistikasını 2013-cü illə müqayisə etsək, idxalda 2,5-2,7 dəfə azalma var”.
R.Osmanlının sözlərinə görə, bu gün insanlar daha çox ucuz avtomobil almağa üstünlük verirlər: “İki-üç ildir ki, Azərbaycanda avtomobil parkının yenilənməsi müşahidə edilir. Əvvəllər əhalinin marağı daha çox Almaniya istehsalı olan ikinci əl avtomobillərə idisə, hazırda yeni avtomobillərə üstünlük vermələri müşahidə olunmaqdadır. Böhranlı vəziyyətə qədər daha çox “Hyundai”, “KİA”, “Toyota” və “Nissan” markaları üzrə bir neçə modelə maraq həddindən artıq idi. Vəziyyət dəyişdiyindən nisbətən ucuz avtomobillərin alqı-satqısı genişlənməkdədir. Hətta İran istehsalı olan ”Saipa” daha çox satılır, nəinki “Mercedes””.
R.Osmanlı qeyd edib ki, “Bentley”, “Rolls-Royse”, “Lamborcghine”, "Masarotti", "Aston Martin", "Bugatti Veyron" kimi bahalı avtomobil markalarının ölkəyə gətirilməsi əksərən həvəskar şəxslər tərəfindən baş verib: “Bir müddət əvvəl bildirilirdi ki, bu tip avtomobillərin ölkəmizə gətirilməsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən həyata keçirilib. Bunu mətbuata istinadən deyirəm.Yəni bahalı avtomobillərin ölkəyə gətirilməsi Eldar Mahmudov və yaxın çevrəsinin nəzarətində idi. Amma bahalı avtomobillərin alqı-satqısı ilə məşğul olan avtosalon (Tibilisi prospekti yaxınlığında- red.) bu gün də fəaliyyət göstərir. Ayrı-ayrı vaxtlarda eşidirik ki, kimsə Azərbaycana 1 milyon dollarlıq, 600 min dollarlıq və s. maşın gətirdi. Amma bunlar kütləvi deyil və dəqiq statistikası yoxdur”.
Ekspert 2016-cı ildə avtomobil bazarı üçün nikbin proqnoz verməyib: “Avtomobil bazarının aktivliyi bu sahəyə ayrılan kreditlərdən daha çox asılı olub. Əvvəllər Azərbaycan reallığında ölkədə olan hər 10 nəfərdən 7-si avtomobili kreditlə almağa üstünlük verirdi. Bu gün isə avtomobilə ayrılan kreditlərin həcmi məhdudlaşıb. Düşünmürəm ki, indiki ağır, iqtisadi şəraitdə Mərkəzi Bank, yaxud kommersiya bankları bu məsələ ilə bağlı hər hansı addım atmağa üstünlük versinlər. Makroiqtisadi göstəricilər və məhdudiyyətlər vəziyyəti normallaşdırmaq üçün əsas deyil”.