Xəbərdarlıq: Ciddi nəzarət və sərt cəzalandırma dövrü başlayır
"Yeni yaradılan Bakı Nəqliyyat Agentliyi (BNA) yaxın zamanlarda fəaliyyətə başladıqdan az sonra paytaxtın nəqliyyat sektorundakı problemlərin əksəriyyəti tam şəkildə öz həllini tapacaq. Agentliyin məqsədi sərnişinlərin rahatlığı və təhlükəsizliyini maksimum dərəcədə təmin etməkdir. Bu məqsədlə paytaxtın nəqliyyat sektorunda optimallaşdırma işləri aparılır və bu işlər sonra da davam etdiriləcək. Qısa zamanda nəqliyyat sektorunda köklü dəyişikliklərin olacağı gözlənilir. Əmin edirəm ki, tezliklə hamı bunun şahidi olacaq".
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov deyib.
NİİM rəsmisi xüsusən avtobus marşrutları sahiblərinə, daşıyıcılara xitabən bildirib ki, bundan sonra onların işinə ciddi nəzarət ediləcək. İşinin öhdəsindən gələ bilməyənlərə qarşı sərt cəza təbirləri görüləcək: "Onların arasında qoyulan tələb və normalara əməl edənlərlə yanaşı, onlara cavab verməyənlər də var. Sərnişindaşınmada daşıyıcıların qarajları, maddi-texniki bazası, tibb məntəqələri olmalıdır. Hər gün sürücülər reysdən qabaq həkim nəzarətindən keçib müvafiq rəy almalıdırlar. Bütün bunlar ciddi şəkildə yoxlanılacaq. Avtobuslar daxilən və zahirən təmiz və səliqəli olmalı, xəttə buraxılmazdan əvvəl mütləq yoxlanışdan keçməlidir. Təkərləri, işıq və havalandırma sistemi, qapıları, oturacaqları, mühərriki və s. hissələrin sazlığı yoxlanılmalıdır. Köhnə, nasaz, ümumiyyətlə, istismara yararsız avtobuslar xətlərdən birmənalı olaraq uzaqlaşdırılacaq. Bu məsələdə artıq başqa söhbət ola bilməz!
R.Mirqulamov qeyd edib ki, daşıyıcılar indidən işlərini elə qurmalıdırlar ki, bu cəzalarla qarşılaşmasınlar: "Daşıyıcılara xəbərdarlıq ediləcək ki, hansı avtobus və sürücülərlə bağlı mütəmadi şikayət daxil olarsa, onlar xəttə bir daha buraxılmayacaq. Eyni zamanda, bir sahibkara məxsus, məsələn, 15 avtobusdan mütəmadi olaraq 10-dan çox şikayətlər gələrsə, onda, ümumiyyətlə, onun həmin marşrut üzrə bütün avtobuslarının hərəkətinə qadağa qoyulacaq və xətdən uzaqlaşdırılacaq".
Bundan əlavə, onun sözlərinə görə, bütün sürücülər ayrıca peşə bilikləri və psixoloji testlər üzrə yoxlamadan keçiriləcək: "Xüsusi sürücü kombinatları yaradılacaq. Əlavə olaraq, avtobus sürücüləri üçün kurslar təşkil ediləcək. Hazırda avtobus sürücüləri üçün D kateqoriyası 21 yaşından verilir. Lakin bu, çox gənc yaşdır. Onların psixolji vəziyyəti mütləq nəzərə alınmalı, hər dəfə reysdən qabaq yoxlanılmalıdır. İstər işə yeni başlayan, istərsə də artıq bu sahədə fəaliyyət göstərən avtobus sürücülərinin hamısı testdən keçiriləcək. Bu yoxlamalar bir dəfə yox, mütəmadi olacaq. Bütün bu yoxlamalar taksi fəaliyyəti ilə məşğul olanlara da aid olacaq".
R.Mirqulamov, həmçinin bildirib ki, yaxın zamanlarda paytaxtın nəqliyyat sektorunda mərhələli şəkildə vahid ödəniş sisteminə keçiləcək və sərnişinlər taksiləri çıxmaq şərtilə paytaxtda bütün ictimai nəqliyyat vasitələrində vahid kartla ödəniş edə biləcəklər. Ümumiyyətlə, BNA yeni yol ötürücülərinin, dayanacaqların inşası, yol hərəkəti ilə bağlı digər məsələlər və yeni təkliflərlə də çıxış edəcək.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin Novruz bayramı ərəfələrində fəaliyyətə başlayacağı gözlənilir.
Xatırladaq ki, prezident İlham Əliyevin 2015-ci ilin dekabrın 21-də Bakı Nəqliyyat Agentliyinin yaradılmasına dair fərman imzalayıb. Fərmana əsasən, Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC Agentliyin tabeliyinə verilib. Sənədə əsasən, həmçinin Daxili İşlər Nazirliyinə tapşırılıb ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma zamanı sərnişin və baqaj daşınması qaydalarını pozan şəxslər barəsində tədbir görülməsində Agentliyə kömək göstərsin, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərində ictimai asayiş qaydalarına riayət olunmasına nəzarəti gücləndirsin. Bakı Şəhər İcra Hakimiyyətinə isə tapşırılıb ki, müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün Agentlik tərəfindən dayanacaq məntəqələrinin və avtomobil duracaqlarının yerləşdirilməsi, habelə nəqliyyat qovşaqlarının yaradılması üçün müvafiq yerlərin ayrılmasını təmin etsin.