Banner

Yanacağı çənə yuxarı sürətlə vurdurmağın zərəri çox imiş - İKİ VACİB AÇIQLAMA - VİDEO

Avtoxəbər 21 Aprel 2025 16:30 Oxunub 2098
Yanacağı çənə yuxarı sürətlə vurdurmağın zərəri çox imiş - İKİ VACİB AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər sürücüləri ən çox narahat edən məsələlərdən biri sosial şəbəkələrdə yayılan videodur. Uzun müddətdir ki, yanacaqdoldurma məntəqlərində yanacağın çənə hansı sürətlə vurulması mövzusu müzakirə olunur. Bu da sürücülərlə məntəqə işçiləri arasında bəzi hallarda dava ilə nəticələnir.

Yayılan görüntülərdən sonra bəzi sürücülərin fikrincə, yanacağı tapancanın ilk və son sürət seçimi ilə çənə doldurulması zamanı yanacağın miqdarında da fərq yaranır. Bu da sürücülərin yanacaqdoldurma məntəqəsinə və onun işçilərinə olan inamını azaldır. 


Mövzu ilə əlaqədar Avtosfer.az-a açıqlamasında avtomobil mütəxəssisi Elçin Abbasov deyib ki, məntəqədəki yanacaq çəninin tapanca şlanqına birləşən hissəsində xüsusi sayğac var:

“Həmin sayğac yalnız çəndən şlanqa ötürülən  yanacağın miqdarını hesablayır. Buna görə də yanacağı hansı sürətlə vurmağın qeyd edilən miqdara heç bir təsiri olmur. Sürətli şəkildə yanacaq vurulmasının avtomobilə və çənə vurduğu ziyana gəlincə, yuxarı sürətlə vurulan yanacaq çəndə burulğan əmələ gətirir, yeni qazlar yaranır və qazlaşma əmələ gəlir. Əgər çənin daxilində kirəc varsa, sürətlə vurulan yanacaq məhz həmin kirəci yanacağın səthi boyu yayır. Bu da yanacaq filterinin tutulmasına gətirib çıxara bilir. Yüksək sürətlə vurulma, eyni zamanda, yanacağın keyfiyyətinə də mənfi təsir edə bilər. belə halda yanacağın səviyyəsini göstərən sensora ziyan dəyə bilər”.


Mütəxəssis sonda onu da vurğulayıb ki, bu cür mənfi təsirlərin qarşısını almaq üçün çənin üst hissəsində yanacağın tökülmə istiqamətində müəyyən maneələr qoyulur və bu maneələr çəndə minimum təhlükə effekti yaradır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyib ki, hər istehkakçının məsələyə öz yanaşması var.

 

“Çoxusu da, necə deyərlər, çox şeyi öz arşını ilə ölçməyə meylli olur.  Amma “od olmayan yerdən tüstü də əmələ gəlməz” deyirlər. Yanacaqdoldurma məntəqələrindəki nasoslar dəqiq ölçü üçün kalibrlənib və axın sürəti özü-özlüyündə dövriyyə olunan həcmdə fərq yaratmamalıdır. Lakin köpük və ya buxar səbəbindən axının erkən dayanmasını da inkar etmək olmaz. Ümumən, yanacaq çəninin hansı sürətlə doldurulmasının əhəmiyyəti var və bəzi hallarda sürətli doldurma zamanı çənin tam dolmaması barədə sürücülərin dedikləri həqiqətə uyğun ola bilər. Çünki yanacağın avtomobilin çəninə yüksək sürətlə vurulması nəticəsində köpük yaranır, bu isə çənin tam dolmasına maneə olur –  yanacaqdoldurma nasosundakı “datçik” çənin dolduğunu düşünür və  yanacağın nəqlini dayandırır.  Bundan əlavə, avtomobildə quraşdırılmış çənin formasının da tam dolmaya təsiri mümkündür. Çənin havalandırmasının zəif olması da buna təsir edən amildir”, - o deyib.

İ.Şaban bildirib ki, sürücülərdə "az doldurulma" şübhəsi əsasən avtomobil çənini ağzına qədər dolduran zaman artır: “Dediyim faktorlar da məhz çənin tam doldurulması halında ortaya çıxır. Çünki yüksək sürətlə çənə vurulan yanacaq köpük və əks buxar təzyiqi yaratdığından “tapança” bunu dolmuş hal kimi qəbul edir. Buna görə də zəruri ehtiyac olmadığı halda çənin ağzına qədər doldurulmasından çəkinmək məsləhətdir. İkincisi, əgər 50 litrlik çəninizi aşağı sürətlə vurmaq kiməsə vaxt itkisidirsə, onun ilk 40 litrini sürətlə, qalanını aşağı sürətlə də vurdura bilərlər ki, “tapança” köpüyə görə axını vaxtından əvvəl dayandırmasın”.

 

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh