Yanacağı qurtaran sürücüyə hansı cəza verilir? – Həbs cəzası da var...
Azərbaycanda cəmi 1 gün davam edən qar və buz bir problemi, daha doğrusu səhlənkarlığı üzə çıxardı. Söhbət yanacağı bitib yolda qalan sürücülərdən gedir. Doğrudur, bu sürücülərə digər həmkarları və yol polisi kömək göstərdi. Bəs başqa ölkədə polis bu situasiyada necə davranır?
Avtosfer.az xəbər verir ki, əksər ölkələrdə yanacağın qurtarması sürücünün cərimələnməsi ilə nəticələnir. İsveçrədə isə hətta sürücü həbsxanaya da düşə bilər.
Başlayaq ən gözəl yolları və avtomobilləri olan Almaniyadan. Bu ölkədə yanacağı qurtarıb yolda qalan sürücüyə 3 tip cərimə tətbiq edilə bilər. Qanun bu məsələdə konkretdir. 3 dəqiqəyədək dayanma əsassız dayanma kimi qiymətləndirilərək 30 avro cərimə ilə cəzalandırılır. 3 dəqiqədən artıq dayanma əsassız durma kimi qiymətləndirilərək 75 avro cərimə ilə cəzalandırılır. Əgər bu dayanma və durma qəzaya səbəb olubsa o zaman qərarı məhkəmə verir. Bu situasiyada sürücülük hüququnun 6 ayadək məhdudlaşdırılması da geniş tətbiq edilir.
Almaniyanın Mülki Məcəlləsinin şərhində göstərilir ki, hər bir şüurlu vətəndaş başqalarının həyatını təhlükədə qoyacaq davranışlardan çəkinməlidir. Bu ölkədə hər bir yanacaqdoldurma məntəqəsinin çıxışında digər məntəqəyədək olan məsafə göstərilir.
Qonşu Fransada da yanacaq qurtarması məcburi dayanmaya səbəb olacaq fors major halı hesab edilmir və 75 avro cərimə ilə cəzalandırılır. Təkrar törədilən xətaya görə cərimə 150 avrodur.
Bu xətaya görə sürücü İspaniyada 200, Belçikada inzibati xərclə xaric 100 avro ödəməlidir.
İsveçrədə vəziyyət daha ağırdır. Sürücü yanacağı qurtararaq yolda qaldığı təqdirdə 120 frank (1 frank = 1,8 manat) cərimə ödəməlidir. Evakuator çağırmaqla da yaxa qurtarmaq mümkün deyil. Evakuasiya xidməti təxliyə etdiyi avtomobillərdəki bütün nasazlıqlar barədə məlumatları polisə elektron formada ötürür.
2010-cu ildə Bazeldən Cenevrəyə gedən sürücü yanacaq qurtardığı üçün yolda qalıb. Yol çiynində təmir getdiyi üçün o, maşını hərəkət hissəsində saxlamağa məcbur olub. Sürücüyə 300 avro cərimə və 2000 avro məhkəmə xərci təyin edilib. Vəkilin qonorarı isə açıqlanmır.
Yanacaq qurtarması ilə bağlı sürücülər çox bəhanə gətirə bilər. Əgər məhkəmə sürücünün qəsdən yanacaq doldurmadığını sübut edərsə, o zaman sürücü ömrünün 3-5 ilini dəmir barmaqlıqlar arasında keçirməli olacaq. “Yanacaq çənim deşilib” bəhanəsi isə cinayət hesab edilir. Yəni, sürücü bu nasazlığı bildiyi halda avtomobili idarə edirsə, cinayət məsuliyyətinə cəlb edilir.
Başqa Avropa ölkələrindən fərqli olaraq İsveçrə qanunvericiliyində elektromobilin batareyasının boşalması da qanunda yer alır və yanacağın qurtarmasına bərabər tutulur.
Yuxarıda göstərdiyimiz məbləğləri ödəməklə Avropa ölkələrində sürücü canını qurtara bilməyəcək. O, istənilən halda əlavə olaraq evakuasiya xərcləri və inzibati xərcləri ödəməlidir.
Bu yazıda məqsədmiz odur ki, Avropada avtomobil idarə edərkən azərbaycanlı sürücülər yanacaq məsələsinə xüsusi diqqət yetirsinlər. Roma hüququndakı “ignorantia legis non excusat”, yəni “qanunu bilməmək məsuliyyətdən azad etmir” prinsipi bütün ölkələrdə qüvvədədir.
Vüqar Yaşaroğlu