Reklam

Yol polisi köhnə maşınları necə yığışdıracaq? – HÜQUQİ PROBLEM VAR

Avtoxəbər 24 Aprel 2015 15:43 Oxunub 4592
Yol polisi köhnə maşınları necə yığışdıracaq? – HÜQUQİ PROBLEM VAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əvvəlcə qanunvericilikdəki boşluqları aradan qaldırmaq, sonra yararsız avtomobillərin istismarını qadağan etmək lazımdır

İstismara yararsız avtomobillərinin yollardan yığışdırılması məsələsi yenidən aktuallaşıb. Bu işin necə həyata keçirilməli olması maraqlıdır. 

Avtosfer.az saytı diqqətə çatdırır ki, yol hərəkətinə dair həm beynəlxalq, həm də milli qanunvericilikdə deyilir ki, normativlərə və standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istismarı, hətta texniki baxışdan keçirilməsi qadağandır. Nəqliyyat vasitələrinin istismara yararlılıq baxımından tam saz vəziyyətdə olması yol hərəkəti təhlükəsizliyinin əsas elementlərindən biridir. 

“Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsində nəqliyyat vasitələrinin nasaz (yəni istismara yararsız) hesab edilməsinə səbəb olan hallar göstərilir. Həmin nasazlıqlardan hər hansı biri olan nəqliyyat vasitəsi istismar olunmamalıdır. 

Nəqliyyat vasitəsinin normativlərə uyğun saz vəziyyətdə saxlanılması və yalnız belə vəziyyətdə yol hərəkətində istifadə olunması onun sürücüsünün (sahibinin) vəzifəsidir. Buna nəzarət isə Dövlət Yol Polisi (DYP) tərəfindən həyata keçirilir. 

DYP nəqliyyat vasitələrinin sazlığına nəzarəti başlıca olaraq iki formada həyata keçirir:

1. Dövri texniki baxış yolu ilə.

2. Yol hərəkətinə gündəlik nəzarət prosesində müşahidə edilən texniki nasazlıqların aşkar edilməsi yolu ilə.

Birinci forma hər kəsə tanışdır. Sürücülər yaxşı bilirlər ki, istehsal ilindən və növündən asılı olaraq fərqli dövriliklə olsa da, bütün avtomobillər texniki baxışdan keçirilməlidir. Texniki baxışdan keçməyən nəqliyyat vasitəsi yol hərəkətində iştiraka buraxılmır. Texniki baxışdan keçməli olan, lakin keçməmiş nəqliyyat vasitəsini istismar etməyə görə onun sahibi olan sürücü 50 manat, vəzifəli şəxs 100 manat, hüquqi şəxs isə 300 manat cərimə edilir. Özü də bu cərimə nəqliyyat vasitəsini texniki baxışdan keçirmək vəzifəsindən azad etmir. Belə halda cərimədən sonra şəxsə öz nəqliyyat vasitəsini baxışdan keçmək üçün 10 gün vaxt verilir. Əgər 11-ci gün həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçmədən istismar edildiyi aşkar edilərsə, həmin şəxs yenidən göstərilən məbləğdə cərimə edilir. 

Nəqliyyat parkının sazlığına nəzarətin ikinci forması isə DYP-nin gündəlik fəaliyyəti prosesində həyata keçirilir. DYP əməkdaşları xidmət etdikləri sahədə hər hansı nasazlığı olan nəqliyyat vasitəsi aşkar etdikdə həmin nəqliyyat vasitəsini dayandırmalı və qanunvericilikdə göstərilən tədbirlər görməlidirlər. Qanunvericiliyin tələbinə əsasən, texniki nasazlıqların xeyli hissəsi yalnız xüsusi avadanlıqlar vasitəsi ilə müayinə aparılaraq aşkarlana bilər (məsələn, işlənmiş qazlarda zərərli tullantıların çox olması, şüşələrin şəffaflığının və ya mühərrikin səsinin normativlərə uyğun olmaması və s.). Lakin elə nasazlıqlar var ki, onlar adi gözlə də (vizual) aşkar oluna bilər (işıq cihazlarının işləməməsi, əlavə avadanlıqların olması və s.). 

Amma qüvvədə olan qanunvericilikdə belə hallarda nəqliyyat vasitəsinin sonrakı taleyi, habelə sürücü barəsində görüləcək tədbirlərlə bağlı problemlər var. Çox təəssüf ki, 10 ilə yaxındır ki, həmin problemlərin mövcudluğunu və onların aradan qaldırılması zərurətini vurğulasaq da, problemlər aradan qaldırılmır. Amma həmin problemlərin aradan qaldırılması çox sadə və asandır.

Əsas hüquqi problem nasaz nəqliyyat vasitəsini idarə edən sürücü barəsində görülməli olan tədbirlərlə bağlıdır. Belə ki, texniki nasazlıqlara görə sürücü üçün məsuliyyət nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 155.2.1-ci və 155.2-3-cü maddələrində vurğulanır ki, nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə cərimə tətbiq olunur. Bu hüquqi müddəanın aydın və birmənalı tələbindən belə məlum olur ki, nəqliyyat vasitəsində həmin nasazlıqlar mövcud olsa da, əgər həmin nasazlıqlar istənilən vaxt (hətta bir neçə aydan sonra) aradan qaldırılırsa, sürücü inzibati məsuliyyətə cəlb edilməməlidir. Aşkar məntiqsizlik göz qabağındadır. Yəni əslində həmin normalarda birbaşa göstərilməli idi ki, aradan qaldırılmasının mümkünlüyündən və bunun hansı müddətə edilməsindən asılı olmayaraq, həmin nasazlıqla yola çıxarılmış nəqliyyat vasitəsinin sürücüsü məsuliyyətə cəlb edilməlidir. 

İkinci hüquqi problem isə nasaz nəqliyyat vasitəsinin özünün sonrakı taleyi ilə bağlıdır. Çox təəssüf ki, bu məsələ də uzun müddət yarımçıq qalmışdır. İXM-in 408-ci maddəsi nəqliyyat vasitələrində nasazlıqlar olduğu halda onun istismarının DYP tərəfindən qadağan edilməsini təsbit edir. Amma bu qadağanın hansı qaydada həyata keçirilməli olması aydın deyil. Yalnız Daxili İşlər Nazirliyinin təsdiq etdiyi “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə DYP-nin nəzarəti qaydaları barədə”  Təlimatda eyni norma sadəcə təkrarlanaraq qeyd olunur ki, nəqliyyat vasitəsinin istismarı iki nüsxədə akt tərtib olunmaqla qadağan edilir. Bu qadağadan sonra həmin nəqliyyat vasitəsi necə olmalıdır, nasazlıq aradan qaldırıldıqdan sonra nə edilməlidir və başqa bu kimi sualların cavabı isə yoxdur. Ona görə də təcili sürətdə həmin Təlimata əlavə edilməklə, ya da ayrıca bir normativ aktla nasaz nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi qaydası aydın şəkildə tənzimlənməlidir.

İnzibati Xətalar Məcəlləsinin 406-407-ci maddələrinə əsasən, nəqliyyat vasitələrində olan və onların istismarını istisna edən bir neçə hal olduqda və bu problem 3 saat müddətində yerində aradan qaldırıla bilmədikdə, həmin nəqliyyat vasitəsi mühafizə olunan duracağa qoyulur. İstismara yararsızlığın bu halları nəqliyyat vasitəsinin konstruksiyasına qanunsuz müdaxilə halları olmaqla yalnız bunlardır: nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi; nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkilməsi; nəqliyyat vasitəsinin müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsi. Bununla belə, həmin hallarda da nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması məntiqsizdir. Çünki mühafizə olunan duracaq təmir sahəsi deyil və ora aparılmış nəqliyyat vasitəsinin konstruksiyası öz-özünə düzəlməyəcək. Bu səbəbdən İXM-in göstərdiyimiz maddələrindəki həmin qüsurlar da aradan qaldırılmalı, belə hallara yol verən sürücülər cərimələnməklə onların belə problemli nəqliyyat vasitələrinin də istismarı qadağan edilməlidir. 

Ümumiyyətlə, ölkəmizdə avtomobilləşmə prosesinin getdiyi bir zamanda istismara yararsız avtomobillərin utilizasiyası ilə bağlı məsələlərə diqqət artırılmalıdır. Mövcud qanunvericilik hər hansı nəqliyyat vasitəsinin uçotdan silinərək çıx-daş edilməsini müstəsna olaraq onun mülkiyyətçisinin iradəsi ilə bağlayır, yəni bu şəxsin istəyi olmadan həmin avtomobil çıx-daş edilərək utilizasiya oluna bilməz. Yaxşı olar ki, vətəndaşları istismara yararsız avtomobillərlə vidalaşmağa həvəsləndirmək, müəyyən hallarda hətta buna yumşaq mənada məcbur etmək üçün xüsusi tədbirlər hazırlansın. Çünki bu dinamika ilə yaxın gələcəkdə ölkəmizdə sözün həqiqi mənasında əl-ayağa dolaşan yarasız avtomobillərin sayı artacaq.

Beləliklə, hazırda yollarımızda rastımıza çıxan istismara yararsız metal yığınını xatırladan avtomobillərin yollardan kənarlaşdırılmasının iki üsulu mövcuddur. 

1. Texniki baxışdan keçməyən avtomobil sahiblərinin inzibati məsuliyyətə cəlb edilməklə öz avtomobilini texniki baxışdan keçirməyə məcbur edilməsi. Texniki baxışdan keçə bilmədikdə belə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi. Belə olduqda hər 11 gündən bir 50 manat cəriməni ödəmək istəməyən şəxs yararsız avtomobilini yola çıxarmayacaq və onu çıx-daş etməyə meyllənəcək.

2. Yolda hərəkədə olan və istismara yararsız nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi ilə bağlı qanunvericilikdəki boşluqları təcili aradan qaldırmaq və bundan sonra yararsız avtomobillərin istismarını qadağan etməklə, onların yollara çıxarılmasının qarşısını almaq. Mövcud hüquqi problemlər aradan qaldırılarsa, belə avtomobilləri qısa zamanda yollardan yığışdırmaq və onların sahiblərini belə avtomobillərlə vidalaşmağın qaçılmazlığına inandırmaq olar.

Avtomobil sahiblərinə isə yalnız tövsiyə edə bilərik ki, nasaz avtomobillərlə yola çıxmasınlar. Bu, həm çox təhlükəlidir,  həm də sizin cərimələnməyinizə və başqa problemlərlə üzləşməyinizə səbəb olacaq. Nəzərə alın ki, avtomobil də adi bir əşyadır. Onun da istismarının fiziki və mənəvi hədləri var. Həmin hədlər bitdikdən sonra bu avtomobillə mütləq vidalaşmaq, onu çıx-daş edərək təkrar metal emalına vermək lazımdır. 

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh