Yol polisi sürücüləri yenə idarəyə çağıracaq - YENİLİK
Yeni İnzibati Xətalar Məcəlləsi sürücülərin Dövlət Yol Polisi orqanlarına çağırılmasını birmənalı qadağan edən normanı da dəyişdirir. Avtosfer.az-ın xəbərinə görə, məlumdur ki, hazırda qüvvədə olan Məcəllənin 429-2-ci maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmasını qadağan edir. Lakin yeni Məcəllə aşağıdakı üç halda sürücünü və ya digər yol hərəkəti iştirakçısının onun törətdiyi inzibati xəta ilə bağlı DYP orqanına (DYP-nin vəzifəli şəxsinin iş yerinə) çağırılmasını mümkün sayır:
1) Sürücü onun barəsində tərtib olunmuş elektron protokola dair vəsatət verərək adına olan nəqliyyat vasitəsinin başqa şəxs tərəfindən idarə edildiyini bildirdikdə. Belə halda barəsində MMX tərtib olunmuş sürücü, eləcə də onun adına olan avtomobili faktiki idarə etmiş şəxs DYP orqanına çağırıla bilər. Belə çağırılmanın məqsədi həmin qayda pozuntusunun reallıqda kim tərəfindən törədildiyini aydınlaşdırmaq və onun barəsində müvafiq sənədləşdirmə aparmaqdır;
2) Sürücü və ya başqa hərəkət iştirakçısı yolda saxlanılaraq onun barəsində tərtib olunan protokola etiraz etdikdə (qayda pozuntusu ilə razılaşmadıqda). Belə halda yerində qərar çıxarılmır, yalnız protokol tərtib olunur. Həmin protokola DYP-nin yuxarı vəzifəli şəxsi baxarkən sürücü çağırılır ki, onun etirazının səbəbləri və qayda pozuntusu ilə bağlı digər zəruri məsələlər aydınlaşdırılsın;
3) Sürücü və ya digər hərəkət iştirakçısı onun barəsində çıxarılmış inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verdikdə. Bu halda sürücü və ya başqa hərəkət iştirakçısının konkret qərar barədə şikayətinə baxan DYP əməkdaşı onu çağırır ki, şikayətin dəlillərini və işin digər faktiki hallarını dəqiq müəyyən edə bilsin.
Ümumiyyətlə, yeni İXM-in 61.3-cü maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Ona görə də yuxarıda qeyd etdiyimiz üç halda DYP orqanı (onun vəzifəli şəxsi) sürücüyə və başqa hərəkət iştirakçısına müvafiq qaydada bildiriş göndərməlidir. Lakin həmin şəxsin gəlməməsi işə onun iştirakı olmadan baxılmasını istisna etmir. Bununla belə, yeni İXM-in 121-ci maddəsi yuxarıda göstərilən üç haldan başqa digər hallarda inzibati xəta haqqında iş üzrə DYP orqanına çağırılmasını qadağan edir.
Ərşad Hüseynov,
hüquqşünas