Banner

Yol polisini gizli videoya çəkmək olarmı – DYP İZAH VERDİ

Avtoxəbər 14 Noyabr 2014 12:44 Oxunub 9270
Yol polisini gizli videoya çəkmək olarmı – DYP İZAH VERDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: «Avtomobil saxlandığı andan kamera işlək vəziyyətdə olmalıdır»

Son günlər sosial şəbəkələrdə yol polisi əməkdaşları ilə bağlı silsilə şəkildə videogörüntülər yayılır. Kadrlar sürücülər tərəfində xəlvəti çəkilərək internetdə yerləşdirilir. Görüntülərdə sürücülər yol polisi ilə mübahisə edərək qanundan yayınmağa cəhd edir, DYP əməkdaşlarını çəkdikləri kadrlarla şantaj etməyə çalışırlar. Bəs, qanun sürücülərin yol polisi əməkdaşlarını gizlin videoya çəkməsinə icazə verirmi?

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev azvision.az-a bildirib ki, həmin videogörüntülərin çoxuna baxanda görünür ki, həmin şəxslərin əksəriyyəti məsuliyyətdən yayınmaq məqsədilə o çəkilişləri aparırlar. Onlar təzyiq göstərmək üçün bu işə əl atırlar: “Amma yol patrul xidməti haqqında təlimatda konkret göstərilir ki, yol patrul xidməti inspektorları xidmətdə olarkən, qayda pozuntusuna yol verən avtomobili saxladığı andan kamera işlək vəziyyətdə olmalıdır və sürücü ilə bütün danışıqlar kamera vasitəsilə qeydə alınmalıdır. Bu bizim təlimatda var və mütləq şəkildə icra olunmalıdır. Hətta vətəndaş o çəkilişi aparmasa belə, yol patrul xidməti avtomobilində bu çəkiliş aparılır. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sürücü ilə əməkdaş arasında baş verən insidentin araşdırılması məqsədilə çəkilirsə, onsuzda bu materiallar bizdə var. Məhkəmə və digər orqanların araşdırılması üçün tələb onunda həmin görüntülər ora verilir. Amma bu gün sosial şəbəkələrdə yayılan materialların əksəriyyəti yalnız sürücülərin məsuliyyətdən yayınmaq məqsədilə çəkilir. Bəziləri bunu gizli çəkir. Bunun yaymaqda məqsəd məsuliyyətdən yayınmaqdır”. 

K.Əliyev qeyd edib ki, yayılan videogörüntülərdə yol polisi əməkdaşı sürücünü qayda pozduğuna görə saxlayıb ona cərimə yazmırsa, həmin yol patrul xidməti inspektoru cəzalandırılır: “Bəziləri fikirləşirlər ki, bu görüntünü yaydım və inspektor barədə heç bir tədbir görülmədi. Bu hallarda müəyyən olunarsa ki, sürücü qayda pozuntusuna görə saxlanılıb, lakin yol patrul xidməti inspektoru sürücünün videoçəkiliş aparmasını görərək onun o qayda pozmasına göz yumub, barəsində heç bir inzibati tədbir görmürsə, həmin hallarda bizim əməkdaş intizam məsuliyyətinə cəlb olunur”.

“Yol polisi əməkdaşlarının videosunu qeydə almaqda heç bir qeyri-qanuni fəaliyyət yoxdu”. Bunu isə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspertin sözlərinə görə, Azərbaycan Konstitusiyasının 32 maddəsi şəxsi həyata müdaxilə nöqteyi-nəzərindən insanın özünün icazəsi olmadan onun videosunun, şəkilinin çəkilməsini və səsinin yazılmasını qadağan edir. 

“Amma polisin xidmət vaxtı çəkilməsi heç bir halda şəxsi həyat deyil. Bu artıq ictimai fəaliyyətdir. Burada şəxsi həyatdan söhbət gedə bilməz. Həmin proses heç bir qadağasız və məhdudiyyətsiz qeydə alına bilər. Yol polisi əməkdaşının fəaliyyətinin qeydə alınması onun özünə, Dövlət Yol Polisinə lazımdır. Belə ki, yol polisi əməkdaşı biləndə ki, onun fəaliyyəti qeydə alınır, özünü daha düzgün aparır və qanunları daha yaxşı öyrənir. Belə vəziyyətdə qanuna daha düzgün əməl edir və təlimatdan kənar davranışlara yol vermir. Həmçinin Dövlət Yol Polisində belə kadrlara baxıb, əməkdaşların xidmətini qiymətləndirirlər”. 

Ə.Hüseynov qeyd edib ki, bəzi vətəndaşlar bundan təxribat kimi istifadə etməyə çalışırlar: “Bəzi videogörüntülərə baxırsan ki, sürücü qabaqcadan bu çəkilişə hazırlaşır və sonra bunu internetdə yayır. Belə yanaşmanın qarşısı alınmalıdır. Həmçinin yol polisi elə işgüzar vəziyyətə malik olmalıdır ki, sürücü onu təxribata çəkə bilməsin.

Qanunvericilikdə yazılanlara əməl edən yol polisi əməkdaşını heç kim təxribata çəkə bilməz. Bəzən görürsən çəkiliş aparan şəxs təhqiredici ifadələr işlədir. Belələrini hüquqi məsuliyyətə cəlb etmək lazımdır. Yayılan kadrlarda görür ki, polis əməkdaşları pis vəziyyətə düşürlər. Səbəb çox sadədir. Vətəndaş özünün pis durumunu heç vaxt sosial şəbəkədə yaymaz. Onlar o kadrları yayırlar ki, orada özlərini “qalib” hesab edirlər. Bütün olanlara baxmayaraq polis əməkdaşı qanunauyğun fəaliyyət göstərirsə, özünün çəkilməsində qorxmalı deyil».

ŞƏRH YAZ
Ad

E-mail

Şərh