Banner

Yol polislərinin həyatı təhlükə qarşısında – FOTOFAKT

Avtoxəbər 20 May 2014 14:04 Oxunub 4005
Yol polislərinin həyatı təhlükə qarşısında – FOTOFAKT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
YPX maşınlarında bort-komputerin təhlükəsizlik yastığının üstündə quraşdıılrması qəza zamanı polisin sifətində ağır iz qoya bilər

 


Kamran Əliyev: «Bort-komputeri quraşdırmaq üçün başqa yer olmadıqda onun qarışdırıldığı yerdəki hava yastığının iş funksiyası söndürülür»

 

Yol qəzasından heç kim sığortalanmayıb. Elə yol polisləri də. Son dövrlər il ərzində yol polisi əməkdaşları tərəfindən törədilən bir neçə yol qəzasını yada salmaq kifayətdir. Avtosfer.az saytının təqdim etdiyi foto və videolara da nəzər salmaq DYP əməkdaşlarının sükan arxasında heç də qəzadan sığortalı olmadığını göstərir. Deməli, qəzadan hər kəs kimi, yol polisləri də qorunmalıdır. Özü də təhlükəsizlik qaydalarına əməl etməklə. Amma indi toxunacağımız məsələ ilə tam tanış olanlara aydın olacaq ki, dövlət yol polisi əməkdaşları xidmət apardıqları yol-patrul xidməti avomobillərində nəinki qəzadan sığortalanmayıblar, hətta, onların həyatı üçün elə həmin maşınlarda başqa bir təhlükə mövcuddur.

Avtosfer.az saytı tərəfindən aparılan maraqlı bir araşdırmadan məlum olub ki, DYP-yə məxsus avtomobillərdə son illər bort-komputer adlanan cihaz yerləşdirilir. Bu cihazlar DYP-nin Mərkəzi-Məlumat Xidməti (MMX) ilə birbaşa əlaqədə olur ki, yol-patrul xidməti əməkdaşları avtomobilin nömrəsini həmin bort-komputerə daxil etməklə elə yerindəcə bütün məlumatlarla tanış ola bilər. Üstəlik, bort-komputerlər vasitəsilə küçə və yollarda dayanma-durma qaydasını pozmuş avtomobillərə inzibati protokol tərtib olunur. Yəni, həmin cihaz qayda pozuntusuna yol verən avtomobilin fotoşəkillərini çəkir və yerindəcə protokol çap olunur ki, DYP əməkdaşları onları avtomobilin şüşəsiləninin altına qoyur.

Cihazın funksiyaları olduqca maraqlıdır. Bəs bu cihaz yol polisi avtomobilinin hansı hissəsinə yerləşdirilir? Diqqətli oxucularımız yəqin ki, bunu müşahidə ediblər. Həmin bort-komputerlər DYP avtomobilində sükanın sağ tərəfində, yəni sərnişinin oturduğu oturacaqla üzbəüz, qabaq alın şüşəsinin altına, avtomobilin kiçik baqajının («borodoçok») üstünə yerləşdirilir. Həmin yerdə isə əksər avtomobillərdə olduğu kimi, təhlükəsizlik yastığı yerləşdirilir. Deməli, yol polisi əməkdaşlarının hər maşında iki-iki xidmət apardığını nəzərə alsaq, əlbəttə ki, sürücünün yanında oturan yol-patrul xidməti əməkdaşının həyatı təhlükə qarşısındadır. Çünki bu avtomobil harasa çırpılsa və ya hansısa qəza düşsə, sözsüz ki, təhlükəsizlik yastığı dərhal açılacaq. Bu zaman həmin təhlükəsizlik yastığının üstünə quraşdırılmış və çəkisi təxminən 1 kq-a yaxın olan bort-komputer DYP əməkdaşının sifətinə çırpılacaq. Bu çırpılma adi zərbədən güclü olur. Çünki təhlükəsizlik yastığının açılma və hava ilə dolma sürəti olduqca yüksəkdir. Bu sürətlə hətta təhlükəsizlik yastığının özü belə sürücünün və ya sərnişinin sifətinə dəydikdə müəyyən təsiri olur. Üstəlik, 1 kq-a yaxın dəmir cihazın eyni sürətlə DYP əməkdaşının sifətinə çırpılması daha ağır fəsadlara gətirib çıxara bilər. Və bəlkə də artıq bu cür fəsadlar yaşanıb. Çünki fotomateriallardan və videodan da aydın olur ki, ayrı-ayrı vaxtlarda qəzaya uğramış DYP maşınlarının hamısında məhz qeyd etdiyimiz nöqtədə təhlükəsizlik yastığı açılıb. Və bu qəzaların da hamısında DYP əməkdaşı xəsarət alıb. Xəsarətin dərəcəsi və yeri barədə dəqiq məlumat vermək bir qədər çətin olsa da, görünən odur ki, DYP-nin istifadəsində olan bütün yol-patrul xidməti avtomobillərində eyni mənzərə yaşanır. Yəni, bu avtomobillərin hər hansı biri qəzaya uğrasa, sağ oturacaqda oturan polis əməkdaşının sifətindən xəsarət alması qaçılmazdır.

Bir neçə DYP əməkdaşı arasında keçirdiyimiz sorğudan da məlum oldu ki, bort-komputerlərin təhlükəsizlik yastığının üstünə quraşdırılması həqiqətən də onları narahat edir. Çünki qəza baş verdikdə bu cihaz həmin oturacaqdakı inspektorun sifətinə çırpılacaq. Bəzi DYP əməkdaşları xidmət etdikləri avtomobillərdə məhz həmin hissədəki təhlükəsizlik yastığının bağlı vəziyyətdə saxlanıldığını bildirsələr də, açıq vəziyyətdə qalanların olduğunu da öyrəndik. Bunu təsdiq edən fotolara da baxmaq kifayətdir ki, həmin avtomaşınlarda təhlükəsizlik yastıqları bağlı vəziyyətdə olmayıb. Digər tərəfdən, əgər DYP əməkdaşı bilərəkdən avtomobildə təhlükəsizlik yastığını bağlı vəziyyətə gətirirsə, əlbəttə, bunun özü də doğru yanaşma deyil. Çünki ilk növbədə avtomobil texniki cəhətdən saz sayıla bilməz. Digər tərəfdən isə təhlükəsizlik elementlərinə müdaxilə edilmiş avtomobildə xidmət aparmaq da təhlükəlidir. Yaxşı olardı ki, DYP rəhbərliyi əməkdaşların həyat və sağlamlığını nəzərə alaraq, patrul maşınlarında bort-komputerlər üçün başqa yer tapsın. Və ya, təxminən eyni qiymətə və bəlkə də daha ucuz qiymətə başa gələn, polis xidməti üçün nəzərdə tutulan avtomobillər sifariş verməklə bu məsələni həll etmək mümkündür. Yəni, xarici ölkələrdə olduğu kimi, polis və digər xidmətlər üçün xüsusi avtomobillər istehsal edən şirkətlərlə müqavilə bağlayıb daha keyfiyyətli iş təşkil etmək olar. Əlbəttə, söhbət işi və işçini düşünməkdən gedirsə, bunu etmək olar. Yox əgər bu avtomobillər alınarkən bir müddət istismar edib sonra istismardan çıxarıb özəlləşdirmək məsələsi öncədən düşünülürsə, o zaman buna bir söz demirik. Çünki doğrudan da xüsusi sifarişlə yığılan polis maşınını sonradan heç bir polis özəlləşdirib şəxsi maşın kimi sürmək istəməyəcək. Amma nəzərə almaq lazımdır ki, bu cür avtomobillər daha keyfiyyətli yığılır və xidmətin səviyyəsinə uyğun olur. Lakin mülki şəxslərin istifadəsi üçün nəzərdə tutulan avtomobillərin yol polisi kimi ağır bir sahədə istifadə olunması normal hal deyil. Məsələn, hazırda istismarda olan «BMW» markalı DYP avtomobilləri 2006-2008-ci ilin istehsalıdır. Cəmi 6-8 il istismar olunan bu avtomobillər hazırda demək olar ki, texniki cəhətdən nasaz vəziyyətdədir. Əksəriyyətinin hətta xarici görünüşündən də hansı vəziyyətdə olduğunu görmək olar. Məsələn, fotolardan birində gördüyünüz 10 YP 406 dövlət nömrə nişanlı patrul avtomobilinə diqqət edək. Bu avtomobilin mühərrik sistemində ciddi problem var. Çünki ixrac etdiyi qazın və tüstünün buraxdığı iz açıq-aşkar görünür. Doğrudur, son vaxtlar eyni markadan olan yeni avtomobillər gətirilir. Lakin bu avtomobillərdə də yuxarıda qeyd etdiyimiz kimi, bort-komputeri məhz təhlükəsizlik yastığının üzərində quraşdırırlar.

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyir ki, yol polisləri də qəzadan sığortalanmayıb. O etiraf edib ki, həqiqətən də bort-komputerlər yol-patrul xidməti maşınlarında hava yastığının üstündə quraşdırılır: «Amma hansı patrul avtomobilində bort-komputeri quraşdırmaq üçün başqa yer olmadıqda onun qarışdırıldığı yerdəki hava yastığının iş funksiyası söndürülür. Yəni, o, artıq işlək vəziyyətdə olmur».

Kamran Əliyev beşikdəki uşaqla yol polisini müqayisə də edib: «Bilirsiniz ki, hətta azyaşlı uşaqlar beşikdə avtomobilə qoyulursa, onun qarşısındakı hava yastığı qeyri-işlək vəziyyətə gətirilməlidir. Eyni ilə də patrul avtomobillərində bort-komputerlərin qoyulması üçün əlavə yer olmadıqda onun quraşdırıldığı yerdəki hava yastıqlarının funksiyası qeyri-işlək vəziyyətə gətirilir. Bununla da, təhlükəsizlik yastığı əhəmiyyətini itirir».

Kamran Əliyev bildirib ki, bu gün Azərbaycanda yol-patrul xidmətində istifadə olunan nəqliyyat vasitələrinin əksəriyyəti 2006-2008-ci illərin buraxılışı olan avtomobillərdir: «O dövrlərdə bort-komputerlər nəzərdə tutulmamışdı. Bort-komputerlər artıq 2 ildir ki, patrul avtomobillərinə quraşdırılır. Yeni gələn avtomobillərdə bu cihazlar üçün xüsusi yerlər var ki, bort-komputerlər quraşdırılırkən hava yastıqlarına heç bir təsir göstərmir».

Şöbə rəisi əlavə edib ki, gələcəkdə Azərbaycan Daxili İşlər Nazirliyi polis sistemində, eləcə də yol polisinin işində istifadə olunan avtomobilləri sifariş əsasında hazırlatmağı düşünür ki, bu zaman bütün məqamlar nəzərə alınacaq.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh