Banner

“Yol təsərrüfatı vahid mərkəzdən idarə olunmalıdır” – EKSPERTDƏN HÖKUMƏTƏ TƏKLİF

Avtoxəbər 27 Yanvar 2025 14:30 Oxunub 5158
“Yol təsərrüfatı vahid mərkəzdən idarə olunmalıdır” – EKSPERTDƏN HÖKUMƏTƏ TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz
yol, təsərrüfat, mərkəz, idarə, ekspert, Elməddin Muradlı

Nəqliyyat infrastrukturunun məhz bölgələrdə bərbad vəziyyətdə olması istər bu ərazilərə axın edən yerli və xarici turistlərin, istərsə də bölgə sakinlərinin tez-tez ağır qəzalar törətməsinə, hətta həyatlarını itirməsinə səbəb olur. Rayonlardakı yolların bir çoxunun təhlükəsizlik standartlarına cavab verməməsi bu ərazilərdə neqativ halların artmasına birbaşa təsir edir.

Kənd yerlərində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi hansı üsullar və strategiyalarla daha effektiv şəkildə həyata keçirilə bilər? Bu kontekstdə yol tikintisi, ictimai nəqliyyat, alternativ nəqliyyat vasitələrinin təşviqi və ətraf mühitin qorunması kimi amillərin rolu nə qədər vacibdir?

Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a verdiyi açıqlamada deyib ki, bölgələrdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və planlaşdırılması, əsasən Sovet dövründə nəzərə alınmayıb və bu gün də bir çox kənd və rayon yolları bərbad vəziyyətdədir:

“Bir çox kənd və rayon yolları təmir olunmur. Yerli icra orqanları və bələdiyyələr yol təsərrüfatına kifayət qədər ciddi yanaşmırlar. Nəticə etibarilə, yol infrastrukturu getdikcə pisləşir. Kənd yerlərində ticarətlə məşğul olmaq istəyən insanlar adətən yol kənarlarında fəaliyyət göstərir və icra hakimiyyətləri, bələdiyyələr isə pul qarşılığında istənilən yerdə tikintiyə icazə verirlər. Bu isə təbii ki, çətinliklər yaradır, yolda hərəkət intensivliyi artır və bu da yol təhlükəsizliyini təhdid edir. Yol infrastrukturu məsələlərinə ciddi yanaşmaq lazımdır. Yol böyük bir mədəniyyət və strategiyadır, buna hər kəs müdaxilə etməməlidir”.

Ekspert əlavə edib ki, rayonlarda icra hakimiyyətləri bu məsələyə ciddi yanaşmırlar, bu da nəticədə arzuolunmaz vəziyyətlərə gətirib çıxarır:

“Problem yaranır, xüsusilə də insanlar istirahətə gedəndə yolların vəziyyətini görürlər. Məsələn, Qəbələ rayonu ən çox turist qəbul edən rayonlardan biridir. Quba, Qusar və Şamaxı yolları çox pis vəziyyətdədir. Qarşılıqlı ötmə əməliyyatları zamanı qəza riski artır, çünki hər küncdə, bucaqda evlər tikilib. Yolların kənarında obyektlər açılır, amma bu tikintilərin planları yoxdur. Hər rayonun özünün memarlıq idarəsi var, bəs bu idarələr nə işlə məşğul olur? Həmin idarələrə təhsil almış memarlar rəhbərlik edir, yoxsa başqa insanlar vəzifəyə düzəlir? Belə hallar yol infrastrukturunun pis vəziyyətə düşməsinə səbəb olur. Bu baxımdan, aidiyyəti qurumlar məsuliyyətli olmalıdırlar”.

Elməddin Muradlı kənd və rayon yollarının yaxşı vəziyyətdə olduğunu deməyin mümkün olmadığını vurğulayıb:

“Yol təsərrüfatı ilə bir qrupun məşğul olması daha faydalı olar. Vahid bir mərkəzdən idarəetmə sistemi yaxşı nəticə verəcək. Məsələn, bir vətəndaş evinə, yaxud məhəlləsinə gedən yolun təmir edilməsi ilə bağlı müraciət edir, amma bu vaxt müvafiq qurumlar bir-birini göstərir və heç bir tədbir görülmür. Bu məsələlər çox çətindir, xüsusən də ictimai nəqliyyatla bağlı vəziyyət heç də yaxşı deyil”.

Ekspert sonda qeyd edib ki, ölkəmizdə ictimai nəqliyyat hələ də “PAZ” avtobusları ilə həyata keçirilir:

“Bir çox bölgələrdə rayon icra hakimiyyətləri bu məsələləri düzgün idarə etmir. Bu vəziyyət davam edir. AYNA bu məsələləri tənzimləməyə çalışır, amma, bu, çox çətindir. Bölgələrdə ictimai nəqliyyatın dövlətin balansında olması lazımdır, çünki sahibkarlar tərəfindən idarə olunması gəlirli deyil. Belə bir sistemsizliyin sürücülərə gəlir qazandırmasının, sərnişinləri yolda qoymasının vaxtı da qeyri-müəyyəndir. İcra hakimiyyətləri bu sistemi dotasiya ilə qurmalıdırlar, amma maraq göstərmirlər”.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh