Yollarda olan təhlükəsizlik çəpəri bizi qoruyur, yoxsa öldürür? - VİDEO
Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası ictimai nəqliyyat sektorunda da olan problemləri gündəmə gətirib. Son günlər yol qəza hadisələrinin xüsusilə də çoxsaylı insan itkisi ilə nəticələnən hadisələrin sayının artması bu sahədə ciddi boşluqların olduğunu deməyə əsas verir.
Sürücülərin peşəkarlığından tutmuş yol infrastrukturunun standartdan kənar qurulmasına qədər, qanundan kənar sərnişindaşıma ilə bağlı bir çox problem müzakirə mövzusudur. Bir sözlə, nəticəsi ağır olan qəzaların qarşısının alınması üçün nə etməliyik?
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirir ki, təkcə Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzasında itkinin çox olmasına səbəb yol kənarında əslində təhlükəsizlik məqsədilə çəkilən çəpərlərin standartdan kənar olmasıdır: “Bunlar - uçurum, yarğan, çay və dəniz kənarı kimi yerlədər tətbiq edilir. Bunlar da elə yerləşdirilir ki, avtomobil ona toxunan zaman bir metrə qədər yerini dəyişsə də, belə qırılmasın, qopmasın".
Burda isə ən yaxın məsafədən maşının dəyməsilə qoruyucu səddin qırıldığının və bununla itkinin birə-beş artırdığının şahidi oluruq. Texniki tələblərə cavab verməyən daha bir hissə isə bu səddlərin ucunun yerə doğru əyilməməsidir.
Qəzalara texniki səbəblər qədər sürücü səriştəsizliyi də səbəb olur. Lakin Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, azı 3 il sürücülük təcrübəsi olmayan və 21 yaşından aşağı insanlar avtobus idarə etmək üçün işə qəbul olunmur. İşə qəbul olunanlar isə hər gün tibbi müayinədən keçdikdən sonra sükan arxasına keçir. Son qəzada isə sürücü qanunsuz sərnişindaşıma ilə məşğul imiş. Nəzərə alsaq ki, Bakıda Nəqliyyat Nazirliyi müfəttişlərinə ən çox elə qəzanın baş verdiyi ərazidə Bakı-Sumqayıt yolunda, Bakı Beynəlxalq Avtovağzal kompleksi ətrafında və 20 Yanvar dairəsində rast gəlirik. Deməli, ortada qanundan kənar sərnişin daşınmasına göz yumulması faktı var:
“Baş verən məlum hadisə hazırda araşdırılır. Əgər araşdırma zamanı hər hansı bir nəqliyyat müfəttişinin günahı sübuta yetirilərsə, ən azından həmin şəxs dərhal tutduğu vəzifədən azad olunacaq. Daha sonra müvafiq tədbirlər görüləcək. Lazım gələrsə, protokol tərtib olunaraq hüquq-mühafizə orqanlarına veriləcək. Əgər belə bir hal varsa”.
Qəzalara daha bir səbəb isə sıxlıq, tıxac və bundan can qurtarmaq istəyən sürücülərin yol hərəkət qaydalarını pozmasıdır. Təsadüfi deyil ki, ilk Avropa oyunları ərəfəsində tıxacların aradan qaldırılması və ümumilikdə nəzarətin artırılması ilə qəzaların sayı kəskin şəkildə azalmışdı. Amma istənilən halda, bu qəzadan geriyə qalan görüntülər yol-nəqliyyat sahəsində indiyədək görüb göz yumduğumuz, öyrəşdiyimiz, fərqinə varmadığımız bütün problemlərin dəhşətli nəticəsi idi.