Yollarımıza elə radarlar quraşdırılacaq ki...

Avtoxəbər 4 Aprel 2015 14:09 Oxunub 4597
Yollarımıza elə radarlar quraşdırılacaq ki...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Radara düşən sürücüyə yalnız elektron protokol yazılmalıdır. Buna görə onu yolda saxlamaq olmaz

Məlum olduğu kimi, Azərbaycanın rayonlarında yerli əhəmiyyətli yollarda da radar quraşdırılacaq. Bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Kamran Əliyev məlumat verib.  Kamran Əliyevin sözlərinə görə, hazırda ölkədə sürət həddinin aşılması halları daha çox müşahidə olunan yollarda hərəkət təhlükəsizliyinin tənzimlənməsi ilə bağlı müvafiq işlər gedir: “Bununla bağlı təkcə Bakıda və Abşeronda yox, ölkənin müxtəlif bölgələrində yollarda radarların quraşdırılması işləri davam etdirilir. Bu gün bir sıra bölgələrdən yollarda radarlar və xüsusi kameralar quraşdırılması ilə bağlı bizə çoxlu müraciətlər daxil olur. Son dövrlərdə təkcə respublika əhəmiyyətli yollar yox, yerli əhəmiyyətli yolların da çoxu təmir edilib, düzəlib. Sürücülər də elə bil sürət üçün susayıblar. Onlar həmin ərazilərdə yolun həmişə pis vəziyyətdə olduğuna öyrəşiblər. İndi isə çalışırlar ki, daha sürətlə hərəkət etsinlər. Amma fikirləşmirlər ki, yüksək sürətlə hərəkət etmənin sonunda avtomobili saxlaya bilmək məsələsi də var. Lakin o ana çatanda artıq gec olur və bu da ağır nəticələrə gətirib çıxarır. Sürət həddinin aşılmasının qarşısının alınması üçün bizim köməyimizə çatan ən başlıca vasitə isə radarlardır. Ona görə də həmin ərazilərdə radarlar qoyulacaq. Bu proses başlayıb və indi davam etdirilir".

Şöbə rəisi onu da qeyd edib ki, sürücü ancaq müəyyən olunmuş sürət həddini aşırsa, radara düşə bilər: “Amma ərazidə müvafiq yol nişanı varsa, həmin yol nişanında məhdudiyyətin neçə qoyulmasından asılı olmayaraq, sürücü bu nişanın burada olmasına görə məsuliyyət daşımır. Sürücü, sadəcə, qoyulan nişanın tələbinin pozulmasına görə məsuliyyət daşıyır”.

Xatırladaq ki, respublikada qeydə alınan yol qəzalarının 30-31 faizinin məhz sürət həddinin aşılması səbəbindən baş verdiyi bildirilir.

Son vaxtlar yollarda radar tətbiqi ilə bağlı məsələlər ətrafında müzakirələr yenidən aktuallaşıb.

 

“Sürücü təfəkküründə ciddi problemlər var”

 

Sürücü Cəfər Cəfərov deyir ki, radarlarla bağlı yenilik müsbət olsa da, magistral yollarda sürət həddi azdır: “Yeni kameraların, radarların quraşdırılmasından ziyan gözləmək düz deyil. Bəzi yollarda yüksək sürətə ehtiyac yoxdur. Yüksək sürət məsafəni deyil, ömrü azaldır. Sürətlə maşın sürən iki-üç dəfə radara düşüb cərimə ödəsə, mənə elə gəlir ki, daha diqqətli olacaq. Amma mən magistral yollarda sürət həddinin aşağı olmasından narazıyam”. 

“Digesta” firmasının direktoru, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, Azərbaycanda yollarda sürətlə bağlı problemlər var. Ona görə də sürət rejiminə daha səmərəli nəzarət edilməsi zəruridir: “Bunun üçün yeni yanaşmalar vacibdir. Belə yanaşma Azərbaycan Respublikasının növbəti 10 il üçün yol hərəkəti təhlükəsizliyi strategiyasında və həmin strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramında yer alır. 

Hazırda layihəsi müzakirə edilən və yaxın gələcəkdə təsdiqlənəcəyi gözlənilən Dövlət Proqramının “Sürət həddinə riayət edilməsinə nəzarət tədbirlərinin gücləndirilməsi” adlanan 4.1-ci bəndində bu istiqamətdə görüləcək tədbirlər sadalanır". 

Ərşad Hüseynov deyir ki, qəzalarda adam ölümlərinin əksəriyyəti sürət səbəbindən baş verir: “Təsdiqlənən layihə çərçivəsində radarların yüksək riskli yol hissələrində nəzarət prinsipi ilə işləyən və məsafədən orta sürəti hesablayan kameralar quraşdırılacaq. Yeni nəsil radarlar gələcək ki, onların hesabına orta sürət müəyyən ediləcək. Layihənin hədəfi qəzaların azaldılmasına nail olmaqdır. Hazırda sürət rejiminə nəzarət etmək mümkün deyil. 

Çünki bizim sürücülərin təfəkküründə ciddi problemlər var. Nə qədər deyilsə də, elə özlərinə haqq qazandırmağa çalışırlar. Niyə maşını sürətlə idarə etdiklərini soruşduqda harasa tələsdiklərini bildirirlər. Kənardan müşahidə etdikdə görürsən ki, maşını yavaş-yavaş saxlayır, öz kefi ilə gedir. Halbuki qanunun qoyduğu çərçivə hamıya aiddir. Qəzalardan qorunmaq üçün ehtiyatlı olmalı, oturub düşünməli və təfəkkürmüzü düzəltməliyik".

 

“Yazılan informasiyaların 50 faizi heç kimə lazim deyil”

 

Ekspert layihədə həyata keçiriləcək tədbirləri də qeyd etdi: 

 - Şəhərlərdə və yüksək riskli yol qovşaqlarında stasionar təhlükəsizlik kameralarının və sürətə nəzarət cihazlarının sayının artırılması;

 - Bütün yol boyu yüksək riskli yol hissələrində nəzarət prinsipi ilə işləyən və məsafədən orta sürəti hesablayan kameraların quraşdırılması və qanunvericiliklə tənzimlənməsi;

 - Mobil sürətölçən kameralardan istifadə edilməsi;

 - Yüksək riskli ərazilərdə hərəkət sürətinin texniki vasitələrlə məcburi şəkildə azaldılması üzrə tədbirlərin görülməsi.

Ərşad Hüseynov hesab edir ki, sürücülər bu tədbirlərə indidən hazırlaşsalar daha yaxşı olar: “Bir qədər intizamlı, diqqətli və səbirli olmaq lazımdır. Yalançı tələsməklə özünüzü və başqalarını təhlükəyə atmayın”.

Ekspert KİV-də düzgün olmayan məlumatların yayılmasından da narahatlığını bildirdi: “Televiziyalar,  saytlar, qəzetlər mənasız və düzgün olmayan informasiyalar yayır. Yazılan informasiyaların 50 faizi heç kimə lazim deyil. Nəzərdə tutulub ki, mütəmadi olaraq KİV-də maarifləndirmə işləri aparılsın”. 

Məlumat üçün qeyd edək ki, indiyədək radarlarla bağlı dəyişiklik 2013-cü və 2014-cü ildə olub. Həmin dəyişiklərə görə, radardan əvvəl onun mövcudluğunu xəbərdar edən nişan olmalıdır. Radar DYP-nin mərkəzi məlumat sisteminə inteqrasiya olunmuş vəziyyətdə işləməlidir.

Radara düşən sürücüyə yalnız elektron protokol yazılmalıdır. Buna görə onu yolda saxlamaq olmaz.

 

 

teleqraf

ŞƏRH YAZ
Ad

E-mail

Şərh