Reklam

Azərbaycanın iqlim dəyişikliyi probleminin həllinə verəcəyi TÖHFƏ

COP29 10 Aprel 2024 00:07 Oxunub 848
Azərbaycanın iqlim dəyişikliyi probleminin həllinə verəcəyi TÖHFƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda atmosfer havasına atılan zərərli qazların miqdarının azaldılması məqsədilə hökumət ekoloji cəhətdən təmiz avtomobillərin idxalını stimullaşdırır. Bunun üçün son illərdə bəzi ciddi tədbirlər görülüb.
Xatırladaq ki, 2019-cu ilin yanvarın 1-dən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub və həmin nəqliyyat vasitələrindən idxal zamanı yalnız 15 faiz rüsum alınıb. Həmçinin Azərbaycan Prezidentinin 2021-ci ilin fevralın 2-də imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"inin 5-ci - təmiz ətraf mühit və "yaşıl artım ölkəsi” Milli Prioritetinə uyğun olaraq Vergi Məcəlləsinə müvafiq dəyişikliklər aparılıb və 2022-ci ilin yanvar 1-dən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da əlavə dəyər vergisindən azad edilib. 

Bu tədbirlərlə bərabər elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı da 2022-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olunub, onlardan yalnız 5 faiz idxal rüsumu tutulub. Ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə digər mühüm tədbir rüsumların ləğvi oldu. Nazirlər Kabinetinin 2022-ci ilin noyabrın 11-də qəbul etdiyi Qərarla zavod buraxılış tarixindən 3 ilədək ötmüş və yalnız elektrik mühərrikli minik avtomobillərinin mövcud 15% idxal rüsumu da sıfıra salındı. Eyni zamanda, qərara əsasən, elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuları üzrə idxal rüsum dərəcəsi də  5%-dən sıfıra endirilib. Nazirlər Kabinetinin sonuncu qərarı 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minib.

Azərbaycan hökumətinin 2019-cu ildən başlayaraq ekoloji cəhətdən təmiz avtomobillərin idxalını stimullaşdırması təsadüfi deyil. Məsələ burasındadır ki, Azərbaycanda atmosfer havasına atılan zərərli qazların çox hissəsi məhz avtomobillərin payına düşür. Rəsmi statistikaya əsasən, 1998-ci ildə stasionar mənbələrdən (zavod, fabrik, mənzillər və s.) ayrılan çirkləndirici maddələrin miqdarı 460 min ton, avtomobillərdən atılan çirkləndirici maddələrin miqdarı 313 min ton idi. 

2022-ci ildə stasionar mənbələrdən ayrılan çirkləndirici maddələrin miqdarı 480 min ton olduğu halda avtomobillərdən atılan çirkləndirici maddələrin miqdarı 772 min tona yüksəlib. Bu müqayisə avtomobillərin atmosfer havasının çirkləndirilməsində rolunu göstərir.Ölkəmizdə benzin və dizel mühərriki ilə təchiz edilən avtomobillərin çoxluq təşkil etməsi, eləcə də həmin avtomobillərin əksəriyyətinin köhnə olması atmosfer havasına atılan zərərli qazların miqdarının artmasına səbəb olur. 

Hökumət mövcud vəziyyəti nəzərə alaraq, yeni və ən əsası ekoloji cəhətdən təmiz olan avtomobillərin (elektomobil) idxalını stimullaşdırmağa başladı. Bu istiqamətdə atılan addımlar artıq səmərə verməyə başlayıb. Belə ki, ölkəmizdə elektromobillərin sayı sürətlə artır. Bunu rəqəmlərdən də görmək mümkündür. Azərbaycana 2022-ci ildə cəmi 486 ədəd elektromobil idxal edilmişdi. 2023-cü ildə idxal edilən elektromobillərin sayı 3 102 ədədə yüksəlib. 
Elektomobil idxalında artım 2024-cü ildə də davam edib. İlin ilk 2 ayında Azərbaycana 541 ədəd elektromobil gətirilib. Bu göstərici ötən ilin ilk iki ayının göstəricisindən (222 ədəd) 319 ədəd, yəni 2,43 dəfə çoxdur. 

Elektromobil idxalının artması Azərbaycanda avtomobil parkının yenilənməsinə, eləcə də ətraf mühitə atılan zərərli qazların miqdarının azalmasına səbəb olacaq. 

Qeyd edək ki, bu dəyişiklik Azərbaycanın da qoşulduğu İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tələblərinə uyğundur. Konvensiyada sürətli qlobal istiləşmənin qarşısını almaq üçün karbon emissiyasının miqdarının azaldılması nəzərdə tutulub. Azərbaycan 2030-cu ilə qədər karbon emissiyasının miqdarını təxminən 30 faiz azaltmağı hədəfləyir. 

2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirində iqlim dəyişikliyi ilə bağlı problemlər ətrafında müzakirələr aparılacaq, dünya üçün əsas problemə çevrilən qlobal istiləşmədə insan amilinin minimuma endirilməsi səyləri daha da gücləndiriləcək. 

Azərbaycan hökuməti ən çox karbon emissiya edən mənbənin – avtomobil parkının yenilənməsi üçün gələcəkdə başqa tədbirlər də həyata keçirə bilər. Köhnə avtomobillərin utilizasiya tədbirlərinə başlanılması buna bir nümunədir.

Sfera.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh