İqlim dəyişikliyi təhlükəsi və beynəlxalq hüquq: COP29 və Azərbaycan

COP29 22 Oktyabr 2024 13:10 Oxunub 240
İqlim dəyişikliyi təhlükəsi və beynəlxalq hüquq: COP29 və Azərbaycan
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İnsan ehtiyaclarının daha yüksək səviyyədə təmin edilməsi üçün istehsalatda, təsərrüfatda elm və texnologiyanın ən yeni nailiyyətlərinin tətbiqi, elmi uğurlardan istifadə etməklə istehsalın texniki səviyyəsinin yüksəldilməsi elmi-texniki tərəqqini şərtləndirən amillər olub. Elmi-texniki tərəqqi 16-18-ci əsrlərdə elmi və texniki biliklərin bir-birinə sıx inteqrasiya olduğu dövrdə yarandı. Xüsusilə kompas, barıt və kitab çapı elmi və texniki fəaliyyətin dayanıqlı ittifaqının əsasını qoydu. 16-cı əsrdə gəmiçilik, ticarət və manufakturaya olan ehtiyac bir sıra məsələlərin elmi-nəzəri və təcrübi həllini tələb edirdisə, 18-ci əsrdə maşınlı istehsalın kəşfi elmin әmәli tәtbiqi üçün geniş imkanlar açdı.

Ötən dövr ərzində elmi-texniki tərəqqi bəşəriyyətin inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı gizli şəkildə onun fiziki məhvinin də başlanğıcını qoydu. Müasir dövrdə belə bir fikir formalaşıb ki, ətraf mühitdə baş verən deformasiyalar məhz elmi-texniki tərəqqinin məntiqi nəticəsidir. Bu düşüncənin ən əsas səbəbi elmi-texniki tərəqqinin təsiri nəticəsində yer səthində istixana effektinin artması, eləcə də ozon qatının nazikləşməsi problemidir.

İstixana (parnik) effekti – günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır. Belə ki, günəşdən gələn şüalar torpaq, bitki, daş və yer səthini əmələ gətirən digər obyektləri qızdırdıqdan sonra onlar öz istisinin bir hissəsini atmosferə qaytarır. Troposferdə yığılmış istixana qazları – karbon, metan, azot oksidləri və xlor-fluor birləşmələri yer səthindən qayıdıb gələn istini saxlayaraq atmosferin yuxarı qatlarına keçməsinə imkan vermir. Beləliklə, hava güclü şəkildə qızır və bu istilik təkrar yer səthinə qayıdır. Bu hadisə elmi dildə “İstixana effekti” adlandırılır. İstixana effektində aşağıda qeyd olunan istixana qazları əsas rol oynamaqdadır.

Karbon qazının istixana effektində payı 65 faiz təşkil edir. Meşə örtüyünün məhv edilməsi, torpaqdan istifadə qaydalarının dəyişməsi, qazıntı yanacaqlarından istifadənin artması karbon qazının çoxalmasının əsas səbəbləridir.

Metan qazı istixana effektində mühüm rol oynayır. Onun payı 20 faiz təşkil etməkdədir. Neftayırma sənayesi, bataqlıqların qurudulması və meliorasiya, çəltik tarlalarının və maldarlığın artması və s. metan qazının çoxalmasının əsas səbəbləridir.

Azot oksidlərin istixana effektində payı 6 faiz təşkil edir. Kənd təsərrüfatında azot gübrələrinin tətbiqinin artması və üzvü yanacaqlardan kütləvi istifadə edilməsi azot oksidlərin çoxalmasının əsas səbəbləridir.

Xlor-fluor üzvi karbonların istixana effektində payı 7 faizə çatır. Bunlar xlor, fluor və brom olan maddələrdir və olduqca yüksək aktivliyə malik olub atmosferdə uzun müddət qalırlar. 

Ozon qazının stratosferdə ümumi miqdarının çox olması həyat üçün nə qədər əhəmiyyətlidirsə, troposferdə ozonun miqdarının artması canlı orqanizm üçün bir o qədər zərərlidir. Belə ki, günəşdən gələn ultrabənövşəyi şüaların 98 faizi stratosferdə olan ozon qatı tərəfindən udulur. Stratosferdə ozon qatının dağılması flora və faunanın məhvinə, okeanın biogenezinin dağılmasına, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxardığı kimi, troposferdə ozon qazının çoxalması istixana effektinin artmasının səbədlərindən biri kimi çıxış edir.

İstixana qazlarının emissiyalarında ən çox payı olan ölkələrin ilk beşliyi Çin (28 faiz), ABŞ (15 faiz), Hindistan (7 faiz), Rusiya (5 faiz) və Yaponiyadır (4 faiz). Qaz emissiyalarında baza ili kimi götürülən 1990-cı ildən 2020-ci ilə qədər istixana effekti yaradan bu qazların emissiyası ABŞ-də 3 faiz azalıb, Çində isə 4 dəfədən çox artıb. Azərbaycanın payı 0.15 faiz təşkil edir. 

Əgər atmosferə atılan istixana qazlarının, o cümlədən karbon qazının konsentrasiyası 30 faiz artarsa, qlobal temperatur 1990-cı illə müqayisədə normadan 1.5 dərəcə yüksək olacaq. Daha artıq olarsa, temperaturun daha böyük artımları gözlənilir. Bu da bir sıra hallarda qarşısıalınmaz, geriyədönməz neqativ proseslərin başlanğıcına gətirib çıxara bilər.

Ozon qatının qorunması məsələsi dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Antropogen və texnogen təsirlər altında 20 ildən artıq müddətdə ozon qatının dayanmadan nazikləşməsi qlobal miqyasda təhlükə mənbəyinə çevrilib. Ozon qatının nazikləşməsi iqlimin dəyişilməsi, kəskin istiləşmə, quraqlığın artması, biosferə təsir, biomüxtəlifliyin azalması kimi təhlükəli təzahürlərin əmələ gəlməsi ilə müşayiət olunur.

Ozonun əsas kütləsi stratosferdə, yerdən 15–25 km məsafədə yerləşir. Ozon xüsusilə hidrogen, azot və xlora malik təbii komponentlərə qarşı çox həssasdır ki, bunlar da onun dağılmasına səbəb olur.

Ozon qatının nazikləşməsinin və dağılmasının ən əsas səbəbkarı xlorofluorkarbonlar və Hidroxlorofluorkarbonlar – freonlardır. Freonlar kimya sahəsində və məişətdə – soyuducularda, kondisionerlərdə, aerozol qablaşdırmalarda geniş tətbiq edilir. Hidroxlorofluorkarbonlar qlobal istiləşmə potensialı baxımından karbon dioksiddən təxminən 2000 dəfə güclüdür. Onlar özlüyündə toksiki deyil, lakin uzun ömürlüdürlər və gec-tez havanın turbulent hərəkəti nəticəsində stratosferə düşürlər. Ozonun miqdarının maksimum olduğu 20–25 km hündürlükdə freonlar günəşin ultrabənövşəyi şüalanmasının təsirindən parçalanaraq sərbəst xlor əmələ gətirir. Xlor isə ozonun təbii dağılması prosesini sürətləndirir. Problemin ciddiliyi ondan ibarətdir ki, bir xlor molekulu 10 min ozon molekulunu məhv etməyə bəs edir.

Ozon qatının bir faiz nazikləşməsi, canlılara təsir edən ultrabənövşəyi şüalanmanın iki faiz artmasına səbəb olur. Onun 1 faiz azalması dünyada 100 yeni katarakta və 10 min dəri xərçənginin yaranması deməkdir.

BMT-nin Ətraf Mühit Proqramı “Ozon qatının qorunması haqqında Qlobal Konvensiya” layihəsinin hazırlanması üçün 1982-ci ilin yanvar ayında hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini keçirib. Ümumdünya Meteorologiya Təşkilatı problemin geniş elmi xülasəsinin hazırlanmasında və Konvensiya üçün prinsipial əsasların müəyyənləşdirilməsində mühüm rol oynayıb. Konvensiya 1985-ci ilin mart ayında Vyana şəhərində qəbul edilib.

İnsan fəaliyyətinin ozon təbəqəsinə təsirlərini və ozon təbəqəsinin modifikasiyasının insan sağlamlığına və ətraf mühitə təsirlərini daha yaxşı başa düşmək və qiymətləndirmək məqsədilə sistemli müşahidələr, tədqiqatlar və məlumat mübadiləsi vasitəsilə əməkdaşlıq etmək, insan fəaliyyətinin ozon təbəqəsinə mənfi təsirləri olduğu və ya olması ehtimalı aşkar edilərsə, müvafiq qanunvericilik və ya inzibati tədbirləri qəbul etmək və öz yurisdiksiyası və ya nəzarəti altında olan insan fəaliyyətlərinə nəzarət etmək, məhdudlaşdırmaq, azaltmaq və ya qarşısını almaq üçün müvafiq siyasətlərin uyğunlaşdırılmasında əməkdaşlıq etmək, Protokolların və əlavələrin qəbul edilməsi məqsədilə bu Konvensiyanın həyata keçirilməsi üçün razılaşdırılmış tədbirlərin, prosedurların və standartların işlənib hazırlanmasında əməkdaşlıq etmək, bu Konvensiyanı və iştirakçısı olduqları protokolları səmərəli şəkildə həyata keçirmək üçün səlahiyyətli beynəlxalq qurumlarla əməkdaşlıq etmək Konvensiyanın 2-ci maddəsi əsasında tərəflərin üzərinə ümumi öhdəlik kimi qoyulub.

Bu Konvensiyanın müddəaları heç bir halda Tərəflərin beynəlxalq hüquqa uyğun olaraq dövlətdaxili tədbirlər görmək hüququna, nə də Tərəfin artıq gördüyü əlavə ölkədaxili tədbirlərə təsir göstərmir, bir şərtlə ki, həmin tədbirlər onların bu Konvensiya üzrə öhdəliklərinə zidd olmasın.

Konvensiyanın 3-cü maddəsi ozon təbəqəsinə təsir edə biləcək fiziki və kimyəvi proseslər, ozon təbəqəsinin hər hansı modifikasiyasından irəli gələn insan sağlamlığı və digər bioloji təsirlər, xüsusilə də bioloji təsirlərə malik ultrabənövşəyi günəş radiasiyasında dəyişikliklər nəticəsində yaranan təsirlər, ozon təbəqəsinin hər hansı modifikasiyası nəticəsində yaranan iqlim təsirləri və s. sahələr üzrə tədqiqat və elmi qiymətləndirmələr aparılmasına təşəbbüs göstərməyi və əməkdaşlıq etməyi tərəflərin öhdələrinə götürdüklərini ehtiva edir. Həmçinin Tərəflər müntəzəm və vaxtında müvafiq dünya məlumat mərkəzləri vasitəsilə tədqiqat və müşahidə məlumatlarının toplanması, təsdiqi və ötürülməsinin təmin edilməsində birbaşa və ya səlahiyyətli beynəlxalq qurumlar vasitəsilə əməkdaşlıq etməyi öhdələrinə götürürlər.

Ozon qatının qorunması ilə bağlı digər mühüm beynəlxalq sənəd Monreal Protokoludur. Belə ki, ozon qatını dağıdan maddələr haqqında həmin tarixi Protokol 1987-ci ilin sentyabr ayında Monreal şəhərində imzalanıb və 1989-cu ildə qüvvəyə minib. Monreal Protokolu ilkin mərhələdə yerin ozon qatını məhv edən kimyəvi maddələrin istehsal və istehlakında hesablanmış həddi aşmamaq, daha sonra isə onları mərhələli şəkildə ləğv etməklə ozon qatını qorumaq üzrə beynəlxalq razılaşmadır. Protokolun 2A-2J maddələrində Xlorofluorkarbonlar (CFCs), halonlar (tərkibində brom və fluor və bir və ya iki karbon olan orqanohalogen birləşmələr qrupundan hər hansı biri), tam halogenləşmiş digər Xlorofluorkarbonlar, Karbon tetraxlorid, Trixloroetan (Metil xloroform), Hidroxlorofluorkarbonlar, Hidrobromfluorokarbonlar, Metil bromid, Bromoxlorometan, Hidrofluorkarbonlar kimi ozon qatını dağıdan kimyəvi maddələrin tədricən azaldılması və ləğv edilməsini nəzərdə tutur.

Sonrakı tarixlərdə Monreal Protokoluna 1990-cı il London (27-29 iyun), 1992-ci il Kopenhagen (23-25 noyabr), 1997-ci il Monreal (15-17 sentyabr), 1999-cu il Pekin (29 noyabr-3 dekabr) və 2016-cı il Kigali (10-15 oktyabr) düzəlişləri edilib.

“Ozon qatını dağıdan maddələr üzrə Protokola qoşulmaq barədə” Azərbaycan Respublikası Qanunu (16 sentyabr 1987-ci il tarixli Monreal Protokoluna, həmin Protokola edilmiş 29 iyun 1990-cı il tarixli London düzəlişi və 25 noyabr 1992-ci il tarixli Kopenhagen düzəlişinə qoşulma haqqında) 1996-cı il 31 may tarixində, "Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu"nun tərəflərinin qəbul etdiyi "Monreal Protokoluna Düzəliş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu (16 sentyabr 1987-ci il tarixli "Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu"nun tərəflərinin 1997-ci il sentyabrın 15-17-də Monreal şəhərində keçirilmiş doqquzuncu müşavirəsində qəbul edilmiş "Monreal Protokoluna Düzəliş"in (Monreal düzəlişi) təsdiq edilməsi haqqında) 2000-ci il 18 iyul tarixində, “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 1999-cu il 3 dekabr tarixli Pekin Düzəlişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanunu 2012-ci il 29 iyun tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanıb.

Həmçinin “Ozondağıdıcı maddələrin idxalı və ixracı sahəsində dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 386 saylı Fərmanı ilə “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin həmin Protokolun Tərəfi (iştirakçısı) olmayan dövlətlərdən Azərbaycan Respublikasına idxalı və Azərbaycan Respublikasından bu Protokolun Tərəfi (iştirakçısı) olmayan dövlətlərə ixracı qadağan olunub. Eləcə də “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 saylı Qərarı ilə təsdiq edilib.

Təhmin Şəkibəyov, hüquqşünas

Davamı var...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh