Reklam

Müasir Bakının “elektrikləşən” ictimai nəqliyyat infrastrukturu

COP29 3 İyun 2024 15:36 Oxunub 1964
Müasir Bakının “elektrikləşən” ictimai nəqliyyat infrastrukturu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünya ölkələrində müşahidə edilən tendensiyalar sırasında şəhərdaxili müntəzəm ictimai nəqliyyat xidmətlərinin göstərilməsində elektrik mühərrikli avtobuslar – elektrobuslara keçidin sürətlənləndiyi müşahidə edilməkdədir. Bu keçidi əsaslandıran çoxsaylı, müxtəlif səbəblər mövcuddur:

Zərərli karbon qazı emissiyasının və atmosferin çirklənməsinin azalması: Belə ki, Dünya Bankının 2022-ci ildə dərc etdiyi “Sərnişin daşımalarında e-mobillik iqtisadiyyatı” adlı hesabatında elektrobusların istismarının hər sərnişin-kilometrinə düşən atmosferə atılan zərərli hissəciklərin emissiyasının 10 dəfəyə qədər azaldığı qeyd edilir. Bununla yanaşı Azərbaycan Respublikası Dövlət Statistika Komissiyasının təqdim etdiyi məlumatlardan (şəkil №1) da görünür ki, avtomobil nəqliyyatı ətraf mühitə atılan çirkləndirici maddələrin həcmi nöqteyi-nəzərindən olduqca böyük paya malikdir. Bu baxımdan, xüsusilə ictimai nəqliyyatda elektrobuslara keçid bütövlükdə nəqliyyat sektorunun karbonsuzlaşdırılmasında əhəmiyyətli  rol oynaya bilər;

Enerji təhlükəsizliyinin artırılması: Məlumdur ki, hələ də bir çox dünya ölkələri sahib olduqları ənənəvi daxil yanma mühərrikli avtomobilləri yanacaqla təmin etmək baxımından neft və neft məhsullarından asılıdırlar.  Elektrobusların kütləvi istismarı bu asılılığı azalda bilər;

İqtisadi səmərəlilik: Elektrobuslar daxil yanma mühərrikli avtobuslar ilə müqayisədə daha qənaətcil olmaqla yanaşı daha az sayda hərəkətli hissələrə malikdirlər. Bu isə öz növbəsində onların istismarı zamanı nəqliyyat müəssisələri və avtoparkların yanacaq və texniki xidmət xərclərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur;

Dövlətin və beynəlxalq təşkilatların dəstəyi: Bir çox dövlətlərin, o cümlədən Dünya Bankı ölkələrin elektrik mühərrikli avtomobillərə keçid etməsini dəstəkləyir və müxtəlif mexanizmlər vasitəsilə bu prosesi təşviq edirlər. Belə ki, 2016-cı ildən bu günə kimi Dünya Bankı bilavasitə 32 ölkədə qeyd edilən sahənin səmərəli fəaliyyət göstərməsi təmin etmək məqsədilə lazımi infrastruktur qurmaq, mövcud infrastrukturu inkişaf etdirmək, elektromobil parkını (xüsusilə elektrobuslar) böyütmək və sərnişin daşımalarının elektrikləşdirilməsinin sürətləndirmək üsullarını müəyyən etməkdə dəstək olmuşdur. Məlumdur ki, Azərbaycanda da bu növ avtomobillər həm ƏDV-dən (istər idxal zamanı, istərsə də ölkə daxili satış zamanı) həm də 15% idxal gömrük rüsumundan azad ediliblər;

İnnovativ biznes modellərin tətbiqi: Latın Amerikası ölkələri (Çili və Kolumbiya) müxtəlif yeni biznes modellərin tətbiqi hesabına ənənəvi daxili yanma mühərrikli avtobusları elektrobuslarla əvəz etməyə nail olublar. Yeni biznes modellər dedikdə dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqi və ya daha dəqiq desək konsessiya mexanizmləri hesabına elektrobusların şəhərdaxili ictimai nəqliyyat infrastrukturuna sürətli inteqrasiyasının təmin edilməsi nəzərdə tutulur.

Şəkil №1. 2000-2022-ci illərdə Azərbaycanda avtomobil nəqliyyatından atmosferə atılan çirkləndirici maddələrin həcminin digər stasionar mənbələrdən atmosferə atılan çirkləndirici maddələrin həcmi ilə müqayisəsi

                                                                                                                                             

           

Məlum olduğu kimi, son 20 ildə ölkəmizin paytaxtı Bakı şəhərində olduqca əhəmiyyətli infrastruktur layihələri icra edilmiş və edilməkdə davam edir. Bu layihələr obyektiv olaraq şəhər əhalisinin artımı və urbanizasiya prosesinin sürətlənməsi ilə nəticələnmişdir.

Bütün iri şəhərlərin “yaşadığı” çoxsaylı problemlərdən biri də mövcud ictimai nəqliyyat infrastrukturunun artan tələblə dinamik uzlaşa bilməməsi problemidir ki, bu baxımdan paytaxt Bakı şəhərində ictimai nəqliyyat infrastrukturunun əhəmiyyətli hissəsini təşkil edən avtobusla sərnişin daşımaları prosesinin təşkilində ciddi kəmiyyət və keyfiyyət dəyişikliklərinə ehtiyacın olduğu müşahidə edilməkdədir.

Paytaxtda elektrobusların çoxalması birmənalı olaraq şəhər nəqliyyatına müsbət təsir göstərmiş olacaq. Belə ki:

Havanın keyfiyyətinin yaxşılaşdırılması: Elektrobuslar zəhərli qazlar emissiyalar etmədiyindən, perspektivdə onların çoxalması Bakı şəhərində havanın keyfiyyətini yaxşılaşmasına gətirib çıxaracaq;

Enerji sərfiyyatında səmərəlilik: Elektrobuslar yanacaq sərfiyyatı baxımdan ənənəvi avtobuslara nisbətən daha çox qənaətcildirlər. Bu isə öz növbəsində onların istismarını iqtisadi baxımdan da daha səmərəli edir;

Dayanıqlı inkişafın təmin olunması: Ümumiyyətlə, elektrobusların istismarı ölkəmizdə dayanıqlı və “yaşıl” nəqliyyat sisteminə keçidi təşviq edən mexanizm hesab edilə bilər.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilmiş rəsmi məlumatlara əsasən Azərbaycanda 3 000 avtobusun elektrobusla əvəz edilməsi hədəfi müəyyən edilmişdir. Burada əsas məqsəd Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında bütün avtobusların uzunmüddətli perspektivdə elektrobuslarla əvəz etməkdir. Xətdən çıxarılan avtobusların isə regionlara göndərilməsi və uzunmüddətli perspektivdə regionlarda da onların elektrobuslarla əvəz edilməsi nəzərdə tutmuşdur.

"Yaxın zamanda Azərbaycanda elektrobusların istehsalına başlanacaq və bu layihənin icrasında Çinin nəhəng elektromobil və batareya istehsalçısı olan BYD şirkətinin xeyrinə qərar artıq verilib. Bundan əlavə, Azərbaycan müvafiq əməkdaşlıq layihəsi çərçivəsində ilk addım kimi BYD şirkətindən xeyli sayda elektrik avtobusu almağa da razılıq verib”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev cari ilin aprel ayında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda təşkil edilmiş beynəlxalq forumda çıxışı zamanı səsləndirib.

Müvafiq layihənin kordinatoru təyin edilmiş Azərbaycan İnvestisiya Şirkəti ASC tərəfindən verilmiş rəsmi məlumata əsasən yaxın gələcəkdə Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 5 hektar torpaq sahəsində tikilməsi planlaşdırılan zavodda il ərzində 150-200 ədəd elektrobusun istehsalı nəzərdə tutulur. Məlumatda istehsal olunmuş elektrobusların daxili tələbatı qarşılamaqla yanaşı, Azərbaycanın ixrac potensialını da artıracağı qeyd edilir.

Ölkə başçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə “Yaşıl dünya naminə həmrəylik ili”ndə icra edilməkdə olan çoxsaylı uğurlu “yaşıl” layihələrin sırasında yer alan “elektrobus” layihəsinin ölkəmizin nəqliyyat sisteminin dayanıqlı inkişafının “drayverinə” çevriləcəyi şübhəsizdir.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarını qorunması" istiqaməti üzrə hazırlanıb.

 

Müəllif: Fuad Mirzəyev

Milli Aviasiya Akademiyası,

iqtisad üzrə fəlsəfə doktoru, dosent

ŞƏRH YAZ
Ad

E-mail

Şərh