Orxan Nəzərli: "İqlim dəyişikliyi insan sağlamlığını təhdid edən qlobal təhlükədir"
İqlim dəyişikliyi bəşəriyyət üçün ən dəyərli məfhum olan insan sağlamlığını təhdid edən qlobal təhlükədir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sədri Orxan Nəzərli rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.
"Ədalətli yanaşma üçün yeni yolları araşdırmaq, qabaqcıl təcrübələri paylaşmaq və əməkdaşlığı təşviq etmək üçün toplaşdığımız üçün bugünkü forumdan gözləntilərimiz böyükdür. Əminəm ki, bu gün apardığımız müzakirələr və qarşılıqlı əlaqələr bütün iştirakçılar üçün səmərəli olacaq. İqlim dəyişikliyi mövzusu getdikcə daha geniş miqyasda və təxirəsalınmaz bir şəkildə beynəlxalq gündəmdə yer almaqdadır. Çünki bu, yalnız bir ölkənin deyil, bütün dünya ölkələrinin üzləşdiyi bir problemdir. İqlim dəyişikliyi milli sərhədləri aşan qlobal çağırışdır. Bu gələcək risk deyil, real, indiki vəziyyətdir. Tədbir görülməzsə düşündüyümüzdən daha ciddi fəsadlara səbəb ola biləcək məsələdir. Bu səbəbdən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə aparılan ən əhəmiyyətli funksiyalar daşıyır. Bu platforma vasitəsilə qəbul edilən qərarlar, dünya ölkələrinin iqlim dəyişikliyinə qarşı daha effektiv mübarizə aparmasına və dayanıqlı inkişafın təmin olunmasına şərait yaradır. Bu mübarizədə iqlim dəyişikliyi trendləri və uyğunlaşma, yumşaltma, zərər və itki mərhələlərinin hər biri vacib rol oynayır və ölkələrin daha dayanıqlı gələcək üçün birgə hərəkət etməsinin əsasını təşkil edir", - deyə o qeyd edib.
"Bu səbəbdən bu gün burada qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən təsirli alətlərindən biri olan karbon qiymətqoyma mövzusunda danışmaq üçün toplanmışıq. Karbon qiymətqoyma, istixana qazı emissiyalarının azaldılması məqsədilə iqtisadi aktorları hərəkətə gətirən və dayanıqlı inkişafı təşviq edən mühüm bir vasitədir.
Bu istiqamətdə təcrübələrin paylaşılması, müxtəlif ölkələrdə və şirkətlərdə tətbiq edilən karbon qiymətqoyma alətlərinin effektivliyini qiymətləndirməyə və onları təkmilləşdirməyə imkan verir. Hər bir ölkə və şirkət, iqlim dəyişikliyi ilə mübarizə sahəsində fərqli təcrübələr və problemlərlə qarşılaşır. Bu problemlərin həllində öyrənilən dərslər, digər ölkələr və şirkətlər üçün də dəyərli ola bilər. Təcrübə paylaşımı qlobal miqyasda effektiv karbon qiymətləndirmə strategiyalarının yayılmasına və tətbiqinə imkan verir. Yeni başlayan ölkələr və şirkətlər, daha təcrübəli tərəfdaşların uğurlarından və səhvlərindən öyrənərək risklərini azalda bilərlər. Bu, karbon qiymətqoyma alətlərinin tətbiqində qarşıya çıxa biləcək maneələri daha yaxşı anlamağa və onların öhdəsindən gəlməyə kömək edir. Forum bu cür innovasiyaların paylaşılması üçün mükəmməl platformadır", - deyə O.Nəzərli əlavə edib.