Banner

"Pul axınlarının dayandırılması ekoloji cinayətlərə qarşı mübarizədə əsas addımdır" - “İnterpol”un prezidenti

COP29 16 Noyabr 2024 16:22 Oxunub 246
"Pul axınlarının dayandırılması ekoloji cinayətlərə qarşı mübarizədə əsas addımdır" - “İnterpol”un prezidenti
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ekoloji cinayətlərə qarşı mübarizə çox vacibdir və bu sahədə birgə fəaliyyət dünyanın gələcəyini formalaşdıracaq. Avtosfer.az xəbər verir ki, bu barədə “Interpol”un prezidenti, BƏƏ-dən olan general-mayor Əhməd Naser Əl-Raisi COP29 çərçivəsində “Antropogen iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə vermək üçün maliyyə kəşfiyyatının imkanları” mövzusunda keçirilən tədbirdə bildirib.

O vurğulayıb ki, qeyri-qanuni ağac kəsmə, mədənçıxarma, vəhşi təbiət alveri və çirklənmə kimi ekoloji cinayətlər təkcə ekosistemlərə deyil, həm də iqtisadiyyatlara və icmalara böyük ziyan vurur.

“Bu cinayətlər çox vaxt mütəşəkkil cinayətkarlıq, korrupsiya və hətta terrorizm kimi qlobal problemlərlə əlaqəlidir. Bu səbəbdən, onların qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq və koordinasiya vacibdir,” - deyə Əl-Raisi bildirib.

“Interpol”un prezidenti hesab edir ki, ekoloji cinayətlə mübarizə onun arxasında duran maliyyə mexanizmlərini ifşa etməklə başlayır:

"Bu cinayətlər cinayətkar şəbəkələrə milyardlarla dollar gəlir gətirir və bu gəlirlər maliyyə sistemləri vasitəsilə gizlədilir. Pul axınlarının dayandırılması ekoloji cinayətlərə qarşı mübarizədə əsas addımdır”.

Əl-Raisi həmçinin qeyd edib ki, “İnterpol” qlobal səviyyədə kəşfiyyat məlumatlarının paylaşılması, əməliyyatların koordinasiyası və hüquq-mühafizə orqanlarına müasir alətlərin təqdim olunması ilə ölkələrə dəstək verir.

“Interpol”un rəhbəri maliyyə cinayətlərinə qarşı tədbirləri sadalayarkən, bildirib ki, Maliyyə Cinayətləri və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi çirkli pulların yuyulması, korrupsiya və dələduzluq kimi cinayətlərə diqqət ayırır:

"Biz, cinayət şəbəkələrinin bağlanması və oğurlanmış aktivlərin geri qaytarılması üçün transsərhəd əməliyyatlara rəhbərlik edirik. Bununla yanaşı, "İnterpol" cinayətlər, şübhəlilər və oğurlanmış aktivlər haqqında məlumat mübadiləsi üçün məlumat bazaları təqdim edir. Bildirişlər verməklə biz hüquq-mühafizə orqanlarına cinayətkarları izləməyə və cinayət meylləri haqqında məlumat əldə etməyə kömək edirik. Rəqəmsal fırıldaqçılıq və kriptovalyutalarla bağlı təhqiqatlar üçün müstəntiqlərin və polislərin təlimini təşkil edirik. Ən yaxşı təcrübələri bölüşməklə və maarifləndirici kampaniyalar keçirməklə biz cinayətkarların bir addım önündə olmağa çalışırıq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh