30 ildir Azərbaycanda uşaq futbolu yoxdur: AFFA tənqidlərdən nəticə çıxarmır? - JURNALİST MÖVQEYİ

Gündəm 20 Sentyabr 2024 18:00 Oxunub 422
30 ildir Azərbaycanda uşaq futbolu yoxdur: AFFA tənqidlərdən nəticə çıxarmır? - JURNALİST MÖVQEYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan idmanının bu sahənin mütəxəssislərinin dilində desək “ən yaralı yeri” uşaq futboludur. Bu istiqamətdə dəfələrlə bir çox idman jurnalistinin, mütəxəssisin aidiyyəti qurumları tənqid etməsinə baxmayaraq, müstəqilliyin ilk illərindən bu yana atılan addımların heç bir nəticə vermədiyini görmək olar.

Avtosfer.az xəbər verir ki, illər əvvəl 2005-2015-ci illərdə uşaq futbolunun inkişafı üçün qəbul edilən dövlət proqramı, tərtiblənən layihələrin nəzarətsiz qalması həmin addımların kölgədə qalması ilə nəticələnib.

Mövzu ilə əlaqədar idman jurnalisti Ceyhun Rzayev saytımıza açıqlamasında deyib ki, 30 ildir bu istiqamətdə müxtəlif təkliflər edilməsinə baxmayaraq, bu işlə məşğul olan qurumlar, şəxslər heç bir reaksiya vermir.

“Cəmi bir dəfə, 2005-2015-ci illəri əhatə edən uşaq futbolu ilə bağlı dövlət proqramı olmuşdu. Ancaq o dövlət proqramının icrasına nəzarət edən olmadı. Yeni dövlət proqramı qəbul olunmalı və bir mexanizim qurulmalıdır. Xüsusi qurum olmalıdır ki, bu proqramın müddəallarının icrasına nəzarət olunsun. Bugün Azərbaycanın çox ciddi stadion problemi var. Uşaqlar süni meydançalarda məşq edirlər və belə olan halda sonradan diz, oynaq, bel ağrıları olur. Bu da, xroniki zədələrə gətirib çıxarır. Bu gün nəinki Bakıda uşaqlar, heç peşəkar komandalar üçün də stadion problemi həll edilməyib. COP29 tədbirinə görə Bakı Olimpiya Stadionu bağlanıb. Olimpiya stadionunun ehtiyat meydançaları vardı. Azərbaycan Premyer Liqasınım 4-5 klubu ev oyunlarını orda keçirirdi. Bakıda məskunlaşan “Turan-Tovuz” klubu məşqlərini Sumqayıtda edir. “Araz-Naxçıvan” klubu məşqlərini Buzovnadakı “Baku Sporting” stadionunda keçir. Uşaq futbolunu inkişaf etdirmək üçün kompleks tədbirlər görülməlidir.

 

Ceyhun Rzayev həmçinin vurğulayıb ki, bu istiqamətdə nailiyyət əldə etmək üçün stadionlar salınmalı, daha savadlı məşqçilər cəlb edilməlidir. Yaxud mövcud istiqamətdə maarifləndirmə işləri artırılmalıdır.

 

“Uşaqlar beynəlxalq turnirlərə xaricə getməlidir ki, öz yaşıdları ilə oynasınlar. İndidən artıq o beynəlxalq təcrübəni yaşasınlar. Məsələn, Avropada necədir? Avstriyada  oturursan avtobusa, benzinpulu ilə qonşu ölkələrə gedə bilirsən. Çexiyadan Slovakiyaya, Almaniyaya benzinpulu ilə rahatlıqla turnirlərə gedə bilirsən. Ancaq Azərbaycanda biletlər də çox bahadır. Bir komandanı xaricə gödərmək üçün, düşünəndə ki, bu komandanın heyəti 40 nəfərdən ibarətdir, bu adamları xaricə göndərmək onların təyyarə, hotel, səyahət xərclərini ödəmək klublar üçün çətin olur. Çünki bu xərcləri ödəməyə xeyli vəsait tələb olunur. Dövlət proqramında bütün belə müddəalar nəzərə alınıb qeyd olunmalıdır ki, uşaq futbolu inkişaf etsin. Düşünün ki, ürəyiniz meyvə istəyir. Bu zaman meyvənin ağacını əkmək daha əlverişlidir, yoxsa bazardan almaq? Biri var, ağacın bar verməyini oturub səbirlə gözləyəsən, biri də var gedib bazardan hazır alıb yeyəsən. Bizdə insanar hazırını almaqdan əl çəkə bilmirlər. Əvvəlki AFFA rəhbərliyi dönəmində bütün alt yaş qruplarında komanda üzvlərini xaricdən alıb gətirirdilər, sonra həmin adamları milliləşdirib klublarda oynadırdılar. Bu uşaqların Azərbaycanla heç bir əlaqəsi yox idi”.

Jurnalist sonda onu da qeyd edib ki, “AFFA rəhbərliyi tənqidlərdən nəticə çıxarırmı?”sualına birmənalı olaraq cavablamaq mümkün deyil. Çünki AFFA-nın əməldə nələrdənsə dərs çıxardığı görünmür.

Hülya

ŞƏRH YAZ
Ad

E-mail

Şərh