4 nəfərin ölümünə səbəb olan DYP əməkdaşı həbs edilsin! - Lənkəranda aksiya - FOTO

Gündəm 26 Mart 2016 20:33 Oxunub 55234
4 nəfərin ölümünə səbəb olan DYP əməkdaşı həbs edilsin! - Lənkəranda aksiya - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xansu Xəlilzadənin idarə etdiyi maşını DYP əməkdaşı Nurlan Qafarov qovurmuş

Lənkəranda SU-8 yaşayış massivi deyilən ərazinin 200-dək sakini etiraz aksiyası keçirib. Qaynar.info xəbər verir ki, aksiyaya toplaşanlar yaşadıqları ərazidə avtonəqliyyat vasitələrinin sürətlə hərəkət etməsi səbəbindən tez-tez yolda qəza hadisələrinin baş verdiyini bildiriblər. Belə ki, “Şəhidlər Xiyabanı” küçəsində son 10 gün ərzində bir neçə yol qəzasında azı 4 nəfər ağır xəsarət alıb. Bu ərazidən təxminən 200 metr aralıda martın 23-də baş verən sonuncu yol qəza hadisəsində vurularaq dünyalarını dəyişən 4 nəfərin hamısı SU-8 massivinin sakinləri olub. Həmin hadisə zamanı yüksək sürətlə hərəkətdə olan "VAZ 21 099" markalı, 10 GJ 472 dövlət qeydiyyat nişanlı avtomaşın piyadaları vurub. İdarəetməni itirən avtomaşın yoldan çıxaraq şam ağaclarına çırpılıb. Hadisə zamanı 4 nəfər - 1979-cu il təvəllüdlü İsmaylov İmran, 1995-ci il təvəllüdlü Cəbrayilov Əli, 1991-ci il təvəllüdlü Əliyev Səbuhi və 1988-ci il təvəllüdlü Hüseynov Elvin dünyasını dəyişib, 1987-ci il təvəllüdlü Kənan Həsənov ağır bədən xəsarətləri alıb. Sürücü hadisədən bir gün sonra tutularaq istintaqa cəlb edilib.

Şahidlərin verdiyi məlumata görə, Xansu Talıb oğlu Xəlilzadənin idarə etdiyi maşını Lənkəran Dövlət Yol Polisinin əməkdaşı Nurlan Qafarov Yol Patrul Xidmətinin (YPX) "Hunadi" İX 35 markalı 10 YP 571 nömrə nişanlı avtomobili ilə qovub. Şahidlər bildirir ki, Lənkəran-Boradigah şosse yolunda "VAZ 21 099" yüksək sürətlə hərəkət edərkən onun arxasınca YPX avtomobili gəlirmiş. Həmin vaxt YPX avtomobilini Nurlan Qafarov idarə edib.

Lənkəranın “Şəhidlər Xiyabanı” küçəsi küçəsi avtomobillərin sürətlə idarə olunduğu əsas yoldur. Bu ərazidə uşaq bağçası, iki məktəb və şadlıq sarayının olması, şəhərlərarası avtovağzala çıxışın da bu yolun üstündə olması gün ərzində hərəkətin intensivliyini artıran səbəblərdir.

Zərərçəkənlərin qohumlarının da iştirak etdiyi aksiyada, əsas tələblər işıqforların quraşdırılması, piyada keçidinin qurulması, yolda sürətin azalmasına xidmət edən maneələrin qoyulması və son hadisədə adıçəkilən DYP əməkdaşı Nurlan Qafarovun istintaqa cəlb edilməsi olub. Rəsmi şəxslər tərəfindən aksiya iştirakçılarının fikirləri dinlənilib. Zəruri tədbirlərin görüləcəyi bildirilib.

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran sakinlərinin etiraz aksiyası keçirmələri barədə yayılan məlumatlara münasibət bildirib. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, bu gün Lənkəran şəhərində saat 15:00 radələrində 25-30 nəfər razılaşdırılmamış aksiya keçirməyə cəhd edib. “Lakin Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları bu qanunsuz cəhdin qarşısını dərhal alıblar. Onların aksiya keçirməyə cəhd göstərməsinin səbəbi həmin əraziyə yeni işıqforun quraşdırılması tələbi olub. Polis əməkdaşlarının sakinlərlə apardığı izahedici söhbətdən sonra onlar dağılışıblar. Bununla belə, şəhər sakinlərinin yeni işıqforun quraşdırılması ilə bağlı müraciətləri araşdırılır və araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”, - deyə o vurğulayıb.

E.Zahidov həmçinin qeyd edib ki, aksiyada 200 nəfərin iştirak etməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: “Çünki yalnız 25-30 nəfər sakin aksiyaya cəhd edib. Baş verən hadisə ilə bağlı saxlanılan yoxdur”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh