"60 qəpik ver, "quş" qoysunlar, keç sükan arxasına... - FOTO
Bir neçə gün əvvəl bizi mənzil başına çatdırmalı olan avtobusun sürücüsünün səhhəti pisləşdiyindən maşın qəfildən dayandı.
Sərnişinlərin köməyi ilə sürücü maşından təmiz havaya çıxarıldı və hamı ona özünə gəlmək üçün kömək etməyə başladı. Söz yox ki, nə qorxulu qəza vəziyyəti yarandı, nə də sərnişinlərin həyatına təhlükə, çünki sürücü bərk istidən halsızlaşsa da imkan tapıb avtobusu saxlaya bilmişdi.
Bəs o, bu imkanı tapmasaydı, necə? Bu sual başqa bir sualı gündəmə gətirir: avtobus sürücüləri xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçməlidirlər, amma keçirlərmi?
Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz.org saytı bu sualla həm avtobus sürücülərinin özlərinə, həm də bu sahəyə məsul qurumlara müraciət edib.
Sürücülərin bəziləri hər gün yoxlandıqlarını, bəziləri isə gündəlik etdikləri ödəniş əvəzində blanka sadəcə "quş", yəni müvafiq işarə qoyulduğunu dedi. Bəziləri isə ümumiyyətlə bu mövzuda danışmağı yersiz hesab etdilər.
Bəs tibbi müayinə necə keçirilir? İş gününə avtobusların saxlandığı depodan başlayan sürücülər burada yoxlanır və sağlamlıq vəziyyəti imkan verirsə, xəttə buraxılırlar.
Sürücülərdə əsas hansı xəstəliklər yoxlanılır? Ən əsası isə sürücülərin qeyd etdiyi ödəniş nəyə görədir və nə qədərdir?
Sorğu apardığımız Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində sürücülərin müayinəsi ilə məşğul olan həkimlə söhbətləşirik.
Həkim adını açıqlamaqdan imtina etsə də sürücülərin müayinəsi ilə bağlı ətraflı məlumat verdi. İlk növbədə isə sürücüləri niyə dayanacaqda yoxladığına aydınlıq gətirdi: "Biz əslində sürücüləri hər gün səhər tezdən depoda yoxlayırıq, amma bəziləri səhlənkarlıq edir, depoya gəlmir deyə onlara dayanacaqda nəzarət edirik. Əsas yoxlanan xəstəliklər ürəyin döyüntüsü, təzyiqin vəziyyəti və sürücünün içkili olub-olmamasıdır. Bu hallardan biri aşkarlanarsa, onda sürücüyə avtobusu idarə etməyə icazə verilmir".
Həkimin sözlərinə görə, ən çox rastlanan hallar isə sürücülərin içkili olmasıdır: "Ümumilikdə ən çox müşahidə olunan hal içkili sürücüdür, amma yay aylarında baş və qarın ağrısı halları da kifayət qədər çox müşahidə olunur. Bir neçə nəfərdə təzyiq var, birində aşağıdır, birində yuxarı. Onlara da mütəmadi dərman veririk və nəzarətdə saxlayırıq. Bizdə müxtəlif ağrıkəsici dərmanlar olur, lazım gələndə sürücüyə veririk və bunlar da nazirlik tərəfindən təmin olunur".
Avtobusların və dolayısı ilə sürüclərin sayının həddən çox olduğunu nəzərə alsaq, belə sual yaranır: bəs bütün sürücüləri yoxlayıb vaxtında yola salmaq necə mümkün olur?
Həkim deyir ki, o, artıq bu işdə püxtələşib və sürücünün üzünə baxan kimi onun sağlamlıq vəziyyətinin necə olduğunu bilir: "Üzünə baxanda bilinir, suallar da verirəm və artıq müəyyən edə bilirəm ki, ümumi vəziyyəti necədir. Şəhərin müxtəlif yerlərində həkimlər var ki, ayrı-ayrı depolarda sürücüləri yoxlayır. Bir neçə dəfə olub ki, yoxlama zamanı sürücünün içkili olduğu aşkarlanıb, onu xəttə buraxmamışıq, yol polisinə də məlumat vermişik. Ümumilikdə isə gördüyümüz işlə bağlı gündəlik hesabat hazırlanır".
Sürücülərin qeyd etdikləri ödənişə gəlincə isə həkim dedi ki, bu, rəsmi rüsumdur: "Buna görə ödədiyi rəsmi rüsum var. Gündə 60 qəpik ödəyirlər. Yoxlanmadan sonra onların özündə olan blanka yoxlanmalarına dair işarə qoyulur".
Nəqliyyat Nazirliyi Mətbuat Katibliyinin rəisi Namiq Həsənov isə virtualaz.org saytına açıqlamasında bildirir ki, həmin rüsumun dəqiq məbləği ilə bağlı onda heç bir məlumat yoxdur: "Dəqiq nə qədər olduğunu deyə bilmərəm, amma sürücülər müayinədən keçib onlara çek verilirsə, rəsmi rüsum da olmalıdır. Ümumiyyətlə, avtobus sürücülərinin tibbi müayinəsi ilə bağlı heç bir qeyri-qanuni hala yol verilmir".
Professor Adil Qeybulla isə hesab edir ki, sürücülərin tibbi müayinəsi formal xarakter daşıyır və baş verən qəzaların motivi də bunu sübut edir ki, onlar əsaslı şəkildə yoxlanmırlar: "Sürücülərin peşəkarlıq səviyyəsi, hazırlığı, ümumi sağlamlıq vəziyyəti ilə bağlı verilən arayışlar şübhə doğurur. Qəzaların forması da bunu sübut edir ki, bu yoxlamalar formal xarakter daşıyır. Sürücülərin psixoloji durumu ciddi nəzərə alınmalıdır. Onlar ümumi qan analizindən keçməlidir, pis vərdişləri, xüsusilə də narkotik asılılığı olub-olmadığı müəyyənləşməlidir. Bundan başqa, həddən artıq emosional olan şəxs, nevrozu olan sürücülər avtobus idarə etməməlidirlər. Tez-tez dəyişən qan təzyiqi olan, ürəyində problem olan və infarkta meylli şəxslər sükan arxasında olarkən qəza törədə bilər. Sükan arxasına isə yalnız ekstremal vəziyyətdə situasiyadan çıxa bilənlər keçməlidir".