Banner

“700-800 manata ofisdə 8-9 saat işləməkdənsə, evdə 3-5 saat…” – EKSPERTLƏRDƏN ƏHALİYƏ TƏKLİF

Gündəm 14 Mart 2025 18:45 Oxunub 362
“700-800 manata ofisdə 8-9 saat işləməkdənsə, evdə 3-5 saat…” – EKSPERTLƏRDƏN ƏHALİYƏ TƏKLİF
WhatsApp kanalımıza abunə ola|

Gənclərin iş dünyasına baxışı son illərdə əhəmiyyətli dərəcədə dəyişib. Onlar daha çox sərbəst işləməyi və müxtəlif sahələrdə bir neçə işlə məşğul olmağı üstün tuturlar. Bunun əsas səbəblərindən biri, daha çox qazanmaq imkanının olmasıdır. Sabit bir işdə müəyyən maaş qazanmaq yerinə, gənclər sərbəst işləyərək daha çox gəlir əldə etmək imkanına sahib olurlar.

Texnologiyanın inkişafı, xüsusən internet və mobil cihazlar vasitəsilə evdən işləmək imkanı gənclərə daha çox seçim azadlığı verir. Eyni zamanda, gənclər daha dinamik, hərəkətli və yeniliklərə açıq olduqları üçün sabit və monoton işlər onlar üçün cazibədar deyil. Bu baxımdan, gənclər sabit işdən çox, sərbəst işləməyi seçirlər.

Bəs, gənclərin iş dünyasına yanaşmasında bu dəyişikliklərin arxasında hansı əsas amillər dayanır?

Mövzu ilə bağlı insan resursları üzrə mütəxəssis Nüsrət Xəlilov Avtosfer.az-a açıqlamasında bildirib ki, müasir dövrün gəncləri bir neçə il öncəki dövrün gəncləri ilə müqayisə edəndə, daha çox sabit işlərə yox, sərbəst işləməyə üstünlük verirlər:

“Mən bir çox hallarda iş müsahibələrində də bunu müşahidə edirəm. Bunun kökündə ailə məsələləri dayanır. Məsələn, bir vaxtlar, indiki orta yaşlı insanalara ailədə daha az sərbəstlik verilirdi.  Ailədə uşağın sözünü sərbəst deməsi və çıxış etməsi, ən azından başqa bir mövzuda fikrini bildirməsi çox məhdud idi. Bu isə tərbiyə metodologiyasının nəticəsidir. O dövrün uşaqları daha çox tabe olmaya meyilli idi.

Bu günün gəncləri isə daha sərbəst tərbiyə alır, onları öz fikirlərini bildirməyə və sərbəst şəkildə düşünməyə təşviq edirlər. Bu səbəbdən, onlar təhsil aldıqları dövr və gələcəkdə işə girdikləri vaxt daha müstəqil və yaradıcı yanaşmalar sərgiləyirlər. Əgər iş mühitində də sərbəstlik və yeni fikir mübadiləsi təmin edilsə, düşünürəm ki, bu, daha məhsuldar iş nəticələrinə gətirib çıxara bilər”.

 

Sosioloq Lalə Mehralının fikrincə, gənclər əksər hallarda bunu daha çox qazana bilmək imkanına görə seçirlər, çünki bir iş yerində oturub bir işlə məşğul olmaq yerinə sərbəst halda 2 və ya daha çox işlə məşğul olmaq mümkündür:

“Daha çox gəlir əldə etmək imkanı olduğu üçün bu cür yolu seçirlər. Gənclər dinamikdirlər, hiperaktivdirlər və yenilikçidirlər. Ona görə də onlar üçün sabit iş monoton olur. Bu baxımdan, bir neçə iş yerində işləmək və sərbəst formada öz həyatını qıcıqlandırmadan işləməyin daha doğru olduğunu düşünürlər.

Bəzi hallarda onların bu seçimi, təbii ki, maddi imkanların yaxşılaşdırılması məqsədi ilə edilir. Məsələn, bir iş yerində 700-800 manata işləyən bir şəxs evdən işləyərək bir neçə işlə məşğul ola bilər. 3-5 saat vaxt sərf edərək daha yaxşı gəlir əldə edə bilər. Texnologiya artıq bu imkanları təqdim edir. Smartfon və noutbuk olan hər yerdə, internetə çıxışı olan hər yerdə iş yeri mümkündür. Əgər bu imkanlar varsa və iş verən tərəf də sərbəst işləməyə razıdırsa, gənclər təbii ki, sərbəst işdən yana olurlar”.

 

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh