“Abituriyentin dayısı belə onun ixtisas seçiminə müdaxilə edir” – TƏHSİL EKSPERTİ

Gündəm 8 Aprel 2025 16:00 Oxunub 164
“Abituriyentin dayısı belə onun ixtisas seçiminə müdaxilə edir” – TƏHSİL EKSPERTİ
WhatsApp |

Universitetə qəbul imtahanlarından sonra ixtisas seçimləri zamanı gənclərin qərarlarına ailə üzvlərinin müdaxiləsi geniş yayılmış bir tendensiyadır. Bəzən bu müdaxilə dəstək məqsədilə olsa da çox zaman tələbənin istəklərinin kölgədə qalmasına səbəb olur.

Bəs universitet seçimlərində ailə müdaxiləsi tələbələrin gələcəyini necə təsir edir? Ailənin istəyi ilə seçilən ixtisaslar, sonradan peşmanlığa səbəb olurmu?

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, adı çəkilən problemlə şəxsən biz demək olar ki, hər il üzləşirik:


“Amma ürək açan istiqamət odur ki, bu sahədə ildən-ilə az da, müsbət dəyişikliklər baş verir. Mən bunu praktiki olaraq bu işlərlə məşğul olan biri kimi deyə bilirəm ki, bu, mənim üçün bir növ missiyadır.
Məsələn, 2020-ci illə müqayisədə, 2021-ci ildən etibarən ixtisas seçimi zamanı valideyn müdaxiləsində müəyyən dəyişikliklər müşahidə olunur. Əvvəllər bu nisbət 70% civarında idisə, indi demək olar ki, bu göstərici az qala 50%-ə qədər enib. Bu, mənim şəxsi müşahidə və hesablamamdır. Təbii ki, bu barədə ətraflı statistik rəqəmlər verə bilmərəm, amma rastlaşdığım dostlarımızdan, proseslərdən, ümumilikdə verilən suallardan və reaksiyalardan belə nəticəyə gəlmək olur.
Bəli, artıq valideyn diktəsi bir qədər geri çəkilir. Bu gün biz daha çox övladının fikrini dinləyən valideynlərlə qarşılaşırıq. Şəxsən mən hər iki halın şahidi olmuşam. Lakin "artıq hər şey düzəlib" demək də düzgün olmaz. Tələsməmək lazımdır.


Məsələn, ötən il şahidi olduğum hadisələrdə bəzi valideynlər övladlarının söz deməsinə, fikir bildirməsinə imkan belə vermirdilər. Nümunə üçün qeyd edim ki, oğlan abituriyent idi. 500-dən yuxarı bal toplamışdı. Lakin bir saatlıq ixtisas yarmarkasında valideyn fikrini açıq şəkildə bildirib, uşağın seçim azadlığını məhdudlaşdırdı. Onlar deyirdilər ki, həyat bir seçimdir, bu seçim taleyini müəyyənləşdirəcək. Düzdür, valideynlər də haqlıdır, 2-3 il hazırlaşan övladlarının uğurlu nəticə göstərməsi üçün maddi, psixoloji və fiziki olaraq yorulurlar. Amma yenə də, uşağın fikrinə sayğı göstərilməlidir”.

Ekspert sonda əlavə edib ki, bir çox valideynlər abituriyentin yerinə tam qərar verirlər:

“Bu, doğru yanaşma deyil. Nəticədə həmin abituriyent universitetə qəbul olunduqda, o sevinci səmimi şəkildə yaşaya bilmir.
Artıq vəziyyətin düzəldiyini görə bilirik. Amma bu proses davamlı olmalıdır. İxtisas seçimi zamanı əsas söz sahibi abituriyentin özü olmalıdır. Valideynlər, ailə üzvləri, hətta "qızın dayısı" belə, bu qərara müdaxilə etməməlidir. Təbii ki, məsləhət vermək olar, amma qərar verən gəncin özü olmalıdır”.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh