ABŞ-İran gərginliyi Zəngəzur dəhlizi üçün riskdir - Siyasi şərhçi AÇIQLADI

Son illər Cənubi Qafqaz və Yaxın Şərq ətrafında baş verən geosiyasi proseslər region ölkələrinin təhlükəsizlik və xarici siyasət gündəmini daha da aktuallaşdırıb. ABŞ-nin regional təşəbbüsləri, xüsusilə TRIPP layihəsi çərçivəsində artan diplomatik fəallıq, eləcə də Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşməsi böyük güclərin Cənubi Qafqaza marağının yeni mərhələyə keçdiyini göstərir. Qeyd edək ki, TRIPP layihəsi, ABŞ tərəfindən dəstəklənən və Ermənistan üzərindən keçməsi nəzərdə tutulan, orta dəhlizə inteqrasiya olunmuş regional nəqliyyat və infrastruktur təşəbbüsüdür. Bu proseslər fonunda regionda formalaşmaqda olan siyasi və strateji dinamika diqqətlə izlənilir.
Avtosfer.az xəbər verir ki, ABŞ-nin İrana qarşı hərbi hazırlıqları və sərt ritorikası yalnız Yaxın Şərq üçün deyil, həm də ona coğrafi və siyasi baxımdan yaxın olan ölkələr üçün ciddi təhlükəsizlik sualları doğurur. Mövcud gərginliklər region dövlətlərinin mövqelərinə, iqtisadi əlaqələrinə və təhlükəsizlik balansına birbaşa təsir göstərə biləcək amillər kimi dəyərləndirilir. Bütün bu amillər Cənubi Qafqazda yeni güc nisbətlərinin formalaşıb-formalaşmadığı, həmçinin mümkün risk və çağırışların hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı sualları aktuallaşdırır.

Məsələ ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Avtosfer.az-a açıqlamasında bildirib ki, bu proses Ermənistan üçün Avropa və ABŞ ilə daha sıx kommunikasiya imkanları yaradır, lakin eyni zamanda Rusiya faktoru baxımından müəyyən risklər də daşıyır:
“TRIPP layihəsi Amerikanın planlarında regional ticarət xətlərinin açılmasını, nəqliyyat-logistika inteqrasiyasını nəzərdə tutur və bəzi şərhlərə görə, bu təşəbbüs Rusiyanın, qismən də İranın regiondakı təsirinin balanslaşdırılmasını hədəfləyir. Bu TRIPP layihəsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanı birbaşa Türkiyəyə, oradan isə Avropa bazarlarına bağlayan əsas nəqliyyat-logistika yolu kimi qiymətləndirilir. ABŞ-də bu layihə həm də Çin və Rusiya xəttinə alternativ kimi dəyərləndirilir. İstənilən halda, Azərbaycan bu layihə vasitəsilə regional tranzit mərkəzi statusunu daha da möhkəmləndirir. Artıq Rusiya bu dəhliz üzərində tam nəzarəti həyata keçirə bilmir və onu bloklamaq gücündə də deyil. Beləliklə, Rusiyanın bölgədəki monopoliyası zəifləyir. Bu vəziyyət İranda narahatlıq doğurur. İran hesab edir ki, bu dəhliz onun şimal-cənub tranzit xəttini kölgədə qoya və Tehranın geosiyasi mühasirəyə alınması ilə nəticələnə bilər. Məncə, bu narahatlıqlar İran üçün müəyyən mənada əsaslıdır və mövcud vəziyyət də bunu göstərir. Təbii ki, İran bu layihəyə qarşı kəşfiyyat fəaliyyəti, proksi qruplar, kiber təhdidlər, eləcə də iqtisadi və nəqliyyat təzyiqləri vasitəsilə cavab verməyə və prosesi məhdudlaşdırmağa çalışır. Lakin bu cəhdlərin ciddi nəticə verəcəyi inandırıcı görünmür. TRIPP və Zəngəzur dəhlizi Qərbin regionda sistemli dönüşünün bir elementi kimi qiymətləndirilə bilər. ABŞ–İran gərginliyi fonunda bu dəhlizlə bağlı riskli məqamlar da mövcuddur və düşünürəm ki, məhz bu amillər nəzərə alınaraq layihənin işlək və davamlı hala gətirilməsi istiqamətində addımlar atılmalıdır”.
Nurcan Babək
Bakıda tıxacları aradan qaldıracaq YENİ TƏKLİF
Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının təcəssümü – 2 fevral Gənclər Günü
Tramvayı şəhərin hər yerində görməyəcəksiniz – Yeni nəqliyyat növü ilə bağlı DETALLAR
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - DİQQƏT!
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!











