Banner

Aeroportda xarici dil bilən taksi sürücüləri çalışacaqlar - RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)

Gündəm 10 Sentyabr 2025 21:09 Oxunub 928
Aeroportda xarici dil bilən taksi sürücüləri çalışacaqlar - RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Biz, sadəcə, bütün rəsmi operatorları xidmət səviyyəsini yüksəltməyə və sərnişin məmnuniyyətini ön planda saxlamağa çağırırıq". Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas məqsədi hər bir sərnişinə yüksək səviyyədə xidmət göstərməkdir:

"Lakin bəzən hava limanı ərazisində rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif seçimlərlə yanaşı, icazəsi olmayan, təlim keçməyən və nəqliyyat vasitələri standartlara cavab verməyən şəxslərin israrlı şəkildə xidmət təklif etməsi ilə qarşılaşırıq. Bu isə sərnişinlərin aldadılması, narazılıqlar və işgüzar nüfuzumuza mənfi təsirlə nəticələnir. Ona görə də hava limanında fəaliyyət göstərən operatorların vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun işləməsi zəruridir.

Qeyd etmək istəyirəm ki, burada hər hansı məhdudiyyətdən danışılmır".

***

Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində taksilərlə sərnişindaşımada yeni qaydalar tətbiq olunub. Bu barədə "Uber" taksi şirkətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, yeni qaydaları icra etməkdə əsas məqsəd hava limanından şəhərə səyahətləri maksimum rahat və keyfiyyətli etməkdir:

"Tətbiqimizdə hava limanından şəhərə səyahətlər üçün ayrıca sifariş kateqoriyası yaradılacaq. Sərnişinlər müasir avtomobillər sifariş edə biləcəklər. Həmçinin sərnişinlər bütün texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarında çalışan və xarici dilləri bilən sürücülərlə səyahət edəcəklər".

Məlumatda əlavə olunub ki, bu sifarişləri yalnız bütün zəruri texniki və tibbi yoxlamalardan keçmiş avtomobillər və sürücülər yerinə yetirə biləcəklər:

"Şəhərdən hava limanına sifarişlər isə məhdudiyyətsiz qalır. Əvvəlki kimi bütün sürücülər bu sifarişləri qəbul edə bilərlər".

***

"Bolt" taksi xidməti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı fəaliyyətində yeni qaydaları icra edəcək. Bu barədə "Bolt"dan bildirilib.

Məlumatda vurğulanıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində taksi xidmətləri yalnız müasir tələblərə cavab verən və qanunvericiliyə tam uyğunlaşdırılmış yeni avtomobillərlə həyata keçiriləcək:

"Bu məqsədlə "Bolt" tətbiqində hava limanına aid ayrıca sifariş kateqoriyası istifadəyə verilib. Aeroportdan sifariş edən sərnişinlərə rahat və komfortlu maşınlarla, həmçinin xarici dil bilən sürücülərin iştirakı ilə yüksək səviyyədə xidmət göstəriləcək. Fəaliyyətə yalnız texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarına daxil olan avtomobillər və sürücülər buraxılacaqlar".

Məlumatda əlavə olunub ki, şəhərdən hava limanı istiqamətində taksi sifarişinə hər hansı məhdudiyyət tətbiq edilmir.

Xatırladaq ki, bir neçə gün əvvəl sentyabrın 8-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan onlayn taksi sifarişi verməyin mümkün olmayacağı və yalnız "London taksiləri"nin işləyəcəyi barədə iddialar yayılmışdı.

Sentyabrın 9-da Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələ ilə bağlı açıqlama vermiş, hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsinin zəruriliyini vurğulamışdılar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh